Ermənistanın atom stansiyası daha da təhlükəsiz olub – Beynəlxalq Atom Enerjisi Agentliyi ekspertlərinin dəyərləndirməsi
Ermənistanda nüvə təhlükəsizliyi səviyyəsi artıb. Bundan Beynəlxalq Atom Enerjisi Agentliyi ekspertlərinin Ermənistan AES-da keçirdiyi monitorinqin nəticələri xəbər verir. İlkin qimətləndirməyə görə, atom təhlükəsizliyi dərəcəsi 4 ballı şkala ilə 3,82 balla qiymətləndirilir.
• Ermənistanda atom stansiyasını bağlamaq lazımdır? Və yenisini tikmək lazımdır?
Monitorinqin detalları
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) monitorinq missiyası hökumət və Ermənistan Atom Təhlükəsizliyinin Tənzimlənməsi üzrə Dövlət Komitəsinin dəvəti ilə keçirilib. Məqsədi təşkilatın təklif və məsləhətlərinin yerinə yetirilmə keyfiyyətinin yoxlanması olub.
Tədqiqatın nəticələri göstərdi ki, Ermənistan nüvə və radiasiya təhlükəsizliyinin tənzimlənməsini yaxşılaşdırıb. Bunun üçün, BAEA ekspertlərinin qiymətlərinə görə, Ermənistan 2015-ci ildən bir sıra mühüm addım atıb, o cümlədən,
• İşlənmiş nüvə yanacağı və radioaktiv tullantıların idarə edilməsi strategiyasını qəbul edib,
• qəzalara hazırlıq və onlara müqavimətin səviyyəsi sahəsində intensiv yoxlamalar keçirib.
Monitorinq qrupunun tərkibinə müxtəlif ökələrdən 12 mütəxəssis daxil olub, onlardan üçü BAEA-nın işçiləridir.
Ermənistanda nə deyirlər
Atom Təhlükəsizliyinin Tənzimlənməsi üzrə Dövlət Komitəsinin rəhbəri Aşot Martirosyan bildirib ki, nüvə təhlükəsizliyinin mümkün 4 baldan 3,82 ball səviyyəsində olması yüksək göstəricidir.
Buna baxmayaraq, Martirosyan bildirib ki, BAEA missiyası tənzimləyici orqanın infrastrukturunun daha da yaxşılaşdırılması üçün bir sıra təklif irəli sürüb.
İxtisaslı mütəxəssis azlığı
Hələ bu yaxınlarda BAEA komandası ölkədə mövcud problemlərdən söz açan xəbər yayıb.
Hesabatda o cümlədən deyilir ki, Ermənistanda tənzimləyici orqanda ixtisaslı və təcrübəli işçi azlığı hiss olunur.
“Ermənistan təhlükəsizlik siyasəti və strategiyasının işlənib hazırlanmasında əhəmiyyətli irəliləyişə nail olub. Bununla belə, tənzimləyici insan resursları ilə bağlı kritik vəziyyətlə üzləşir”, – Qanunvericiliyə Yenidən baxılması üzrə İnteqrasiyallaşmış Xidmət Komandasının rəhbəri, İsveçrə Nüvə Təhlükəsizliyi üzrə Federal Müfəttişliyin baş direktoru Hans Vanner qeyd edib.
Metsamor AES haqqında
Ermənistan və ya Metsamor Atom Elektrik Stansiyası iyirmi ildən artıqdır ki, respublikanın enerji təhlükəsizliyi sistemində əsas halqa olaraq qalır. O, Ermənistanda istehsal olunan elektrik enerjisinin təxminən 40 faizini təmin edir.
Bu, Cənubi Qafqazda yeganə atom stansiyasıdır. AES binası doqquz bal gücündə zəlzələyə tab gətirmək iqtidarındadır. Bu, vacibdir, çünki Ermənistan qeyri-stabil seysmik zonada yerləşir.
Obyekt 1977-ci ildə istismara verilib. 1988-ci ildə ölkənin cənubunda baş tutan dağıdıcı zəlzələdən sonra, SSRİ Nazirlər Soveti və Ermənistan SSR Nazirlər Soveti AES-in işinin dayandırılması ilə bağlı qərar qəbul edib. Bu, təkrar təkanların mümkünlüyü ilə bağlı idi.
Amma beş il sonra, 1993-cü ildə müstəqil Ermənistan hakimiyyəti stansiyanın ikinci enerji blokunun yenidən işə salınmasına qərar verib. Bu, SSRİ dağılandan, Türkiyə və Azərbaycan tərəfindən blokadadan sonra digər real elektrik enerjisi mənbələrinin olmaması şəraitində ölkədə başlayan enerji böhranından çıxmağın yeganə yolu idi.
Atom enerjisi Ermənistanın ümumi enerji sistemində mühüm yer tutmaqda davam edir və strateji istiqamət sayılır.