Ermənistanın 10 sakinindən üçü yoxsuldur: hakimiyyət günahkar axtarmamağa çağırır
Foto: Gevorq Kazaryan, JAMnews
Ermənistanın 10 sakinindən üçü yoxsuldur. Bu, Ermənistanın Milli Statistika Komitəsinin rəsmi məlumatdır. Ekspertlər hesab edirlər ki, yoxsulluğun bu həddi Ermənistan kimi kiçik ölkə üçün hədsiz təhlükəlidir. Hakimiyyət əmin edir ki, yoxsulların sayının azaldılması üzərində çalışır, amma hələlik nəticə əldə olunmayıb.
Ermənistanda 880 000 nəfər yoxsulluq həddində yaşayır, onlardan:
- çox yoxsuldurlar – 295 000 nəfər, onların aylıq gəliri təxminən 33 min dramdır (69 dollar);
- hədsiz yoxsuldurlar – 54 000 nəfər, onların aylıq gəliri 23 min dram (48 dollar) təşkil edir.
İqtisadçıların müşahidələrinə görə, ötən illərlə müqayisədə yoxsulluq həddi demək olar ki, azalmayıb. Əhalinin əməkhaqqıları, pensiyaları artmayıb, əvəzində çörək, yağ, süd məhsulları və bir sıra ilk ehtiyac məhsulları bahalaşıb, nəticədə isə vətəndaşların alıcılıq qabiliyyəti azalıb.
“Əslində bizdə yoxsulluq dərəcəsi rəsmən etiraf ediləndən daha yüksəkdir. Biz hamımız qiymətlərin necə sürətlə qalxdığını görürük, hər şey bahalaşır. Biz inflyasiyanın əsasən də ilk ehtiyac məhsullarına necə sirayət etdiyini görürük. Bu fonda sənaye malları satanlar da qiymətləri qaldırırlar, çünki onlar özləri də artıq bahalaşmış ərzaqlardan istifadə edirlər.
Rusiyada işləyən həmvətənlərimiz öz ailələrinə daha az pul göndərməyə başlayıb, çünki orada da problemlər var. Bütün bunlar yoxsulluq dərəcəsinə təsir etməyə bilməzdi”, – iqtisadçı Zoya Tadevosyan hesab edir.
Ermənistanın Milli Statistika Xidmətinin tədqiqatına əsasən, Ermənistanda yoxsulluğun qarşısını almaq üçün əlavə 63,2 milyard drama (130 milyon dollar) ehtiyac var. İqtisadçıların fikrincə, Ermənistanın bu məbləğdə vəsaiti yoxdur.
İqtisadçı Aram Kayfacyanın sözlərinə görə, vəziyyət sərmayələr sayəsində dəyişə bilər:
“Ermənistanın iqtisadiyyatı kiçik olduğu üçün, məsələn, 300 milyon dollardan 1 milyard dollara qədər investisiya ciddi kömək ola bilər. Bu müsbət impuls verəcək və əhalinin alıcılıq qabiliyyəti yüksələcək. Amma buna bir günə nail olmaq mümkün deyil”.
Təxminən son 10 ildə Ermənistan Respublikaçılar Partiyası ölkə hakimiyyətindədir və yoxsulluq səviyyəsinin yüksək olmasının məsuliyyətini öz üzərinə götürmək istəmir.
Ermənistan Milli Məclisində hakim çoxluğun fraksiya rəhbəri Vaqram Baqdasaryan günahkar axtarmamağa çağırır:
“Biz statistik göstəriciləri danmırıq, deyirik ki, problemlərimiz var, onların həlli üçün də alətlər tətbiq etmək lazımdır. Tətbiq olunan həmin məqsədlər, proqram vəziyyətləri, söhbət həm də yoxsulluğun azaldılmasından gedir, biz bu istiqamətlərdə ciddi iş aparmalıyıq. Biz bu kimi halların olduğunu danmırıq”.
Deputat vurğulayıb ki, yoxsulluq yalnız Ermənistanda deyil, dünyanın bütün ölkələrində mövcuddur:
“Əgər siz digər ölkələrdən 2000-ci illərdən sonra, müstəqillikdən sonra yüksək rifah vəziyyətinin olduğuna və bu rifahın aydın şəkildə göründüyünə dair misal gətirə bilsəniz, biz deyəcəyik ki, bu alətlərdən yaxşı istifadə edə bilmirik. Bu, ümumi tendensiyadır”.
Hakimiyyəti təmsil edən, həm də parlamentin sosial məsələlər komissiyasına rəhbərik edən digər deputat sensasiyalı açıqlama verib. Onun fikrini indi bütün ölkə müzakirə edir. Akop Akopyanın sözlərinə görə, bahalaşma yoxsullara təsir etməyəcək, çünki “kasıblar az pul xərcləyir”:
“Kasıblar bahalaşmış mallardan uzaq durmağa məcbur olacaqlar. Dövlət siyasəti isə qiymətlərin qalxmasının yoxsul təbəqələrə zərbə vuracağı təqdirdə onları bahalaşmadan müdafiə etmək üçündür. İndi dövlətin bununla məşğul olmasına ehtiyac yoxdur. Kasıbların bahalaşmış və ya baha mallardan uzaq durmaq adəti var. Bu, özünüqoruma instinktidir”.