Ermənistanın əsas dayağı – diaspora
Foto: Lüsi Sarqsyan, JAMNews
Noyabrın 26-da Ermənistanın hakim Respublika Partiyasının 16-cı qurultayında söylədiyi nitq zamanı ölkə prezidenti və ERP lideri Serj Sarkisyan gözlənilmədən diaspora ilə münasibətlərə böyük yer ayırdı. Prezident konkret heç nə söyləməsə də, bu cür diqqət Serj Sarkisyanın Ermənistanı diaspora ilə “birləşdirmək və “xalqın atası olmaq niyyəti kimi qiymətləndirildi.
2008-ci ildə prezident olduğu gündən Serj Sarkisyan ermənilər üçün dövlət-millət ideyasını yürüdür və bildirir ki, Ermənistanda yaşayan cəmi 3 milyon deyil, bütün dünyada yaşayan 10 milyon erməninin prezidenti olmaq istəyir. Serj Sarkisyanın 8 illik prezidentliyi dövründə bu ideya elə də hüquqi şəkil almadı. Bundan başqa, diasporanın Ermənistanın həyatında və dövlət qərarlarının qəbulunda iştirak mexanizmi işlənib hazırlanmadı. Amma Sarkisyanın prezidentlik dövrünün başa çatmasına yaxın onun başçılıq edəcəyi milli “şəbəkə orqanının yaradılacağı istisna edilmir.
İndiyə qədər kompakt şəkildə Rusiyada (bəzi məlumatlara görə, 3 milyon nəfər), ABŞ-da (2 milyon), Fransada (500 min), Yaxın Şərqdə, İranda yaşayan erməni diasporası Ermənistanın həyatında ancaq iqtisadi cəhətdən, əsasən də ianələr səviyyəsində iştirak edib.
Eyni zamanda Ermənistanın, xüsusən də ölkə müstəqilliyinin ilkin mərhələsində demək olar ki, bütün xarici işlər nazirləri (Raffi Ovannisyan, Vaan Papazyan, Vardan Oskanyan) diasporadan olub və xarici siyasəti post-sovet məkanında deyil, qlobal siyasət sistemində müəyyən ediblər. Təkcə bir neçə il ərzində Ermənistana 220 milyon dollardan çox yatırım edən amerikalı milyarder Kirk Krkoryanın “Linsi fondunun köməyi nəyə desəz dəyər.
Bundan başqa, ABŞ və bir sıra Avropa ölkəsində, həm də Livan və İranda da güclü erməni lobbisindən danışılır. Erməni lobbisi təkcə Osmanlı Türkiyəsində soyqırımın beynəlxalq səviyyədə tanınması ideyasını yeritmir, həm də suveren Ermənistana iqtisadi və siyasi dəstək göstərir. Türkiyə və Azərbaycan gizlətmir ki, öz düşmənləri kimi Ermənistan Respublikasından daha çox erməni diasporunu görürlər.
“Diaspora dedikdə, bir qayda olaraq, “sovet erməniləri nəzərdə tutulmur. Post-sovet məkanında yaşayan ermənilər, bir qayda olaraq, assimilyasiya olunub, yaşadıqları ölkələrin siyasi qərarlarına təsir imkanları yoxdur və tarixi vətənləri ilə əlaqələrdə o qədər də maraqlı deyillər. Bu xüsusən də Rusiyaya aiddir, orada diaspora Rusiyadakı ermənilərin milli maraqlarının irəli sürülməsi alətindən daha çox Moskvanın Ermənistana təzyiq rıçaqı kimi istifadə olunur.
Digər tərəfdən, son illərdə Rusiya post-sovet məkanında nüfuzunun bərpası üçün səy göstərməyə başlayıb, Rusiyadan Ermənistana daha çox imkanlı ermənilər gəlir və rahatca siyasi sistemə daxil olurlar. Misal üçün, 2015-ci ildə “Erməni elektrik şəbəkələri şirkəti Rusiyanın “İnter RAO holdinqindən rusiyalı milyarder Samvel Karapetyan tərəfindən alındı (“Taşir şirkətlər qrupu). Hələ bundan əvvəl məşhur sərmayədar və mesenat Ruben Vardanyan Ermənistanın təhsil və turizm sahələrinə aktiv şəkildə sərmayə yatırmağa başladı. 2016-cı ildə isə Ermənistanın baş naziri postuna Rusiyanın “Qazprom şirkətinin top-meneceri Karen Karapetyan təyin edildi.
Beləliklə də son illərdə Ermənistanın işlərində diasporanın iştirakının Rusiyaya tərəf müəyyən dönüşü baş verdi. Qərb diasporu Ermənistana həm siyasi, həm də iqtisadi dəstəyi təmin etməklə vacib işi görməkdə davam etdiyinə baxmayaraq, onun iştirakı getdikcə daha az gözə çarpır. Qərb sərmayədarlarından Ermənistanda ancaq “Zvartnos hava limanı və Ermənistan poçtunun konsessiyaçısı olan argentinalı erməni Eduardo Ernekyan qalır.
Bununla belə Ermənistanda erməni diasporunun ölkənin daxilində siyasi qərarların qəbulunda iştirakını leqallaşdıra biləcək institut yaradılmadı. Uzun müddət Senatın diasporadan seçiləcəyi iki palatalı parlamentin yaradılması barədə danışıldı. Amma ya seçilmə mexanizmini işləyib hazırlaya bilmədilər, ya da diasporanın Ermənistandakı qərarların qəbulunda iştirak etməməsi üçün başqa səbəblər vardı, hər halda “dövlət-millətin yaradılması elə pafoslu ideya olaraq qaldı.
Bu ideyanı Qərb və Şərq diasporasının nümayəndələri irəli sürür, amma deyəsən, ideya Ermənistanın Rusiyadan daha çox asılılığında maraqlı olanların ürəyincə deyil. Axı milli Senat Moskvanın Ermənistanda əksər vaxtlarda ekspansionist xarakter daşıyan istənilən “inteqrasiya layihələrinin reallaşdırılmasının qarşısını ala bilər.
Amma görünür ki, bu məsələ Serj Sarkistanın gələcəyi kontekstində müzakirə olunur, onun ERP-nin qurultayında nitqi də buna sübutdur. “İqtisadi, hüquqi, sosial, elmi, mədəni, informasiya və digər sahələrdə işin təşkili üçün demək olar ki, bütün imkanlar yaradılıb. Ermənistan-Diaspora birgə işinə əhəmiyyətli bir əlavə etməyimizin vaxtı artıq çatıb. Bu, birlik və məsuliyyətin tutuşdurulmasıdır, – deyə Serj Sarkisyan bildirib. Bu zaman konkret nəyi nəzərdə tutduğunu açıqlamayıb. Belə bir fikir var ki, söhbət dövlət üzərində Milli Şuranın yaradılmasından gedə bilər.
Ermənistanda deyirlər ki, diaspora hakimiyyət üçün həmişə milli xərac ödəyən, amma dövlət qərarlarının həllinə yaxın buraxılmayan “süd verən inək olub. Diaspora bu gün də vəsait ödəyir, amma inkişafa sərmayə qoymaqla deyil, daha çox ianələr şəklində. Diasporanın Ermənistana etdiyi yatırımların dəqiq rəqəmlərini heç kim bilmir, amma heç kim də gizlətmir ki, Ermənistan və Qarabağ məhz diaspora sayəsində ayaqda qala və stabilliyini qoruya bilir.
Bu günlərdə, noyabrın 24-də Los-Ancelesdə (ABŞ) “Ermənistan Ümumerməni fondunun təşkil etdiyi artıq 19-cu illik telemarafon baş tutdu. Bu telemarafonlar sosial problemlərin həlli, Qarabağ və Ermənistanda yolların tikintisi üçün ianələr toplayır. Bu il 16 milyon dollara yaxın pul yığılıb – hər il də təxminən bu qədər vəsait toplanır.
Vaxtilə “milli xərac ideyası tətbiq edilmişdi, bu zaman hər bir ermənidən kiçik məbləğdə pul ödəmək tələb olunurdu, sonda da həmin məbləğ ümummilli maraqlara xidmət etməli idi. Amma ideyanı reallaşdırmaq alınmadı və xeyriyyəçilik yenə də imkanlı ermənilər və erməni təşkilatlarının öhdəsinə düşdü.
Diasporanın kapitalının biznesə sərmayə qoymaq üçün cəlb edilməsi barədə də çox danışıldı. Ermənistana Amerika-erməni kapitalının cəlb edilməsi işinə hətta ABŞ-ın Ermənistandakı səfirlərini qoşmağa çalışırdılar, amma onların hamısı etiraf edirdi ki, amerikalı ermənilər Ermənistan hakimiyyətinə o qədər də etibar etmir və onun korrupsiyaya bulaşmasından şübhələnirlər. Axı diasporanı inadla siyasi institutlara yaxın buraxmırlar, halbuki onların köməyilə nəzarəti həyata keçirmək olardı.
Ermənistanın sərmayə göstəriciləri dünyada ən aşağı göstəricilərdən biridir. 2016-cı ilin birinci yarısında Ermənistanda ilk dəfə mənfi göstərici oldu – sərmayələrin ölkədən axını ölkəyə axını üstələdi. Artıq ÜDM-nin 60%-dən çox olan xarici borcun artması fonunda sərmayələrin olmaması Ermənistan iqtisadiyyatına inamsızlıq kimi qiymətləndirilir. O cümlədən də diaspora tərəfindən. Diaspora sərmayə qoymaq və nəzarət etmək istəyir, amma hələlik onun belə mexanizmləri yoxdur.
“Dünyada elə böyük uğurlar qazanan həmyerlilərimiz var ki, onların Ermənistanda hər nəyinsə irəli sürülməsi məsələsində şəxsi və institusional imkanları bir neçə dövlət qurumunun imkanlarından daha böyükdür. Və bu insanlar həqiqətən də Ermənistanın inkişafında maraqlıdır. Deməli, inkişaf siyasətinin birgə realizəsinin vaxtı artıq çatıb, – deyə Serj Sarkisyan bildirib.
İmkanlı ermənilərin kapitallarını doğrudan da hərdən Ermənistanın dövlət büdcəsi ilə müqayisə etmək olar. Amma bu kapitalları Ermənistana cəlb etmək üçün hakimiyyət şəffaf dövlət qurumları yaratmalı və ənənəvi sahələrdə monopoliyadan məhrum olmalı olacaq. Ola bilsin bunu milli şəbəkə qurumunun yaradılmasının köməyilə etmək mümkün olacaq.
Dərc olunub: 06.12.2016