Ermənistandan Gürcüstana velosipedlə
Şəkillərini çoxlarımızın xatırladığı küçə rəssamı və dizayner Vasili Grino on özü kimi cəsarətli oğlanla birlikdə Ermənistan və Gürcüstanı velosipedlə gəzdi. İki ən qonaqpərvər ölkədə 600 kilometr yol, çadırda və camaatın həyətində gecələmə, milislə ünsiyyət, yolsuzluq, dəf edilən maneələr – deyəsən, Vasili həiqətən də bu ölkələrin ruhunu tuta bildi. Fotoları nəzərdən keçirib, çox maraqlı hekayəni dinləyirik.
Ötən il 10 dostumla birlikdə Vyanadan Tivata (Monteneqro) qədər 1500 kilometri velosipedlə qət etdik və bir il sonra may bayramlarında biz bir daha həmin sınanmış uşaqlarla birlikdə harasa getmək qərarına gəldik. Seçimimiz Ermənistan və Gürcüstana düşdü, əvvəllər burada heç vaxt olmamışam və niyəsə bu iki ölkəyə səfərimi həmişə təxirə salmışam. Biletləri aldıq, velosipedləri qablaşdırdıq və hava limanında görüşdük.
Yerevan
Yerevana çatandan sonra ilk növbədə qablaşdırılmış velosipedlərin olduğu böyük qutuları axtarmağa başladıq ki, malyükləyən fəhlələrin daşınma zamanı heç nəyi zədələmədiyinə əmin olaq. Qutuları açıb, komponentlərin tam qaydasında olduğuna əmin olandan sonra tələsmədən yerli sakinlərin heyrətli baxışları altında hava limanının içindəcə velosipedlərimizi yığmağa başladıq. Bir çoxları yaxınlaşıb, velosipedlərimiz və onlarla bağlı planlarımız barədə xəbər alırdılar, taksi sürücüləri adəti üzrə xidmətlərini təklif edir, yaşlı bir kişi isə bizə ənənəvi xristian atributlarını təqdim edirdi: xaçlı brelok bütün səfər boyu dostum Leonidin sükanından asılmışdı, karton ikonalardan biri isə mənim ehtiyat hissələri olan çantamdadır.
Müasir Yerevan 12 dairəyə bölünür: Açapnyak, Arabkir, Avan, Davtaşen, Erebuni, Kanaker-Zeytun, Kentron, Malatiya-Sebastiya, Nork-Maraş, Nork-Nork, Nubaraşen, Şenqavit – bunlar da öz növbəsində məhəllələrə bölünür. Bir çox evlərdə və onların aralarında paltar kəndiri üçün diyircəklər gözlənib, insanlar isə Krımda və bir çox post-sovet ölkələrində olduğu kimi, çəkinmədən adi panel binalara bitişik mənzillər tikirlər. Biz mərkəzdə yerləşən yarımzirzımi hosteldə məskunlaşdıq.
Yerli sakinlər bizə başa saldılar ki, Yerevanda və ümumiyyətlə bütün Ermənistanda su çox keyfiyyətlidir və onu krandan, istənilən kolonkadan və ya şəhərdə çoxlu sayda olan fəvvarələrdən içmək olar. Yerlilər gelendvagenləri çox sevirlər, şəhərdə onların sayı çoxdur, gelendvagenə pulu çatmayan isə tüninq olunan Niva sürür.
Şəhəri başdan ayağa nəzərdən keçirmək çox maraqlıydı, buna görə də növbəti günü şəhəri velosipedlə gəzməyə və onu diqqətlə öyrənməyə həsr etdik. Baxış meydançalarından Ararat görünürdü. 1915-ci ildə erməni soyqırımı qurbanlarının xatirəsinə tikilən Tsitsernakaberb (“qaranquş qalası) böyük təsir bağışladı. Erməni xalqının dirçəlmək iradəsini simvolizə edən 44 metrlik stela. Bütün stela boyu, bünövrəsindən zirvəsinə qədər onu iki yerə bölən dərin yarğan uzanır. Ox kiçik hissəsi Ermənistanda, böyük hissəsi isə diasporada yaşayan parçalanmış erməni xalqını simvolizə edir. Stelanın yanında postament – on iki böyük daş plitədən yaranan konus var. Konusun mərkəzində, 1,5 metr dərinliyində əbədi məşəl yanır.
Sevan
Növbəti gün qrupumuza reysi bizdən bir gün sonra olan iki iştirakçımız da qoşuldu. Səhər saat 11-də biz 11 nəfərlik tam tərkiblə təzə tanışımızın və eyni zamanda hostel sahibinin maşınının müşayiəti ilə Yerevandan Sevan gölünə tərəf hərəkət etdik. 64 kilometr məsafədə 9-11% qalxmaq çətin idi, bəzi yerlərdə piyada qalxmalı, velosipedləri çantalarla birlikdə itələmi olurduq, ara-sıra yağan yağış isə vəziyyəti bir az da ağırlaşdırırdı. 4 deşilmiş kameradan sonra 19:30-da biz dünyada ən soyuq göllərdən birinin yanına gəlib çıxdıq.
Sevan gölü səma ilə qonşuluq edən təbiət möcüzəsidir, dağların arasında dəniz səviyyəsindən 1916 metr yuxarıda yerləşib. Suyu çox təmiz və şəffafdır: rəvayətə görə, ondan ancaq ulduzlar və allahlar içib. Sevanın yaradılmasının bir neçə fərziyyəsi var. Çox güman ki, bu göl onu əhatə edən Qeqam dağlarında baş verən vulkanik proseslərin nəticəsində bir neçə min il bundan əvvəl yaranıb. Gölün cənub yamaclarında şirin su ilə dolu onlarla həndəsi dairəvi krater var. Sevana 28 kiçik çay axır, bunlardan ən böyük olan Mayerik çayının uzunluğu 50 kilometrdən azdır. Göldən ancaq Razdan çayı çıxır.
Yerevandan olan tanışımız bizim üçün gecələməyə yer tapdı – adi vaqonlardan düzəldişmiş kiçik yay evləri. Gecə havanın temperaturu -2 dərəcə idi və biz evlərdə yataq torbalarında yatdıq, çünki bütün yataq dəyişəyi nəm idi.
Ermənistanı gəzərkən
Səhər İcevana tərəf irəlilədik. Həmin günün əsas təəssüratlarından biri Sevan-Dilican qayasında üç kilometrlik tunel oldu, İcevan yaxınlığında olan ilk spontan kempinq isə çox gözəl idi. Bir az üşüyərək yuxuya gedərkən mən hələ bizi qarşıda gözləyən yoxuşların bu dərəcədə dik olacağını bilmirdim.
Növbəti məntəqə Tavuş vilayətindəki kiçik Voskepar kəndi oldu. Ermənistandakı marşrutumuzun çox böyük hissəsi Azərbaycanla sərhəd boyu uzandığı üçün yolda bir neçə tərk edilmiş anklav, çox sayda gizlədilmiş və üstü örtülmüş hərbi texnika gördük. Əsgərlər gülümsəyərək əl eləyirdilər.
Gürcüstanla sərhədin yaxınlığında yerləşən Noyemberyana çatanda artıq gecə düşürdü. Çadır düşərgəsini harada quracağımızı bilmirdik, buna görə də yaxınlıqda, dağın üstündə özümüzə bir yer seçdik. Dağa qalxanda məlum oldu ki, bura “drifterlərin sevdiyi yerdir, konstruktivizm ruhunda olan 1941-1945-ci illər müharibəsinə həsr olunmuş abidə də burada yerləşir.
Bir qədər sonra polis maşını gəldi və vəziyyət sürrealist xarakter almağa başladı. Uzun müddət yuxusuz qalan, ya da uyuşdurucu qəbul edən adam kimi görünən polis əməkdaşı bizim kim olduğumuzu və burada nə etdiyimizi aydınlaşdırmağa çalışırdı. Uzun sürən sorğu-sual və danışıqlardan sonra biz yavaş-yavaş ümumi dil tapmağa başladıq və adekvat ünsiyyətə keçdik. Bir qədər sonra içində Noyebberyanın polis rəisi olan daha bir polis maşını gəldi, bizə bu abidənin qapalı ərazisində gecələməyə icazə verdilər, amma əvvəlcə 11 nəfərin hamısının bütün pasport məlumatlarını qeyd etdilər. İzahat beləydi: bizdə bəzən atəş açırlar, buna görə də belə olur. Bununla belə iki polis maşını çadır qurduğumuz yeri faralarla işıqlandırırdı. Daha rahat gecələməyimiz üçün naryad göndərməyi də təkif etdilər, amma biz istəmədik.
Növbəti gün bütün əşyalarımızı günəş altında qurudandan sonra Tbilisi tərəfə yollandıq. Hava nəhayət ki düzəldi, şosse əla idi. Gürcüstanla sərhədi kifayət qədər tez keçdik, gömrük işçisi isə pasportuma baxandan sonra dedi: “Batkanız kişi adamdır. Necədir? Mən də cavab verdim ki, yəqin yaxşıdır.
Bütövlükdə Ermənistan xoş təsir bağışladı, yolda rast gəldiyimiz bütün ermənilər əvvəlcə bizi biganəliklə qarşılasalar da, biz tərəfdən minimal emosiya görən kimi, buna reaksiya verirdilər. İnsanlar çox vaxt “Nə kömək edə bilərəm, qardaş? sualı ilə yaxınlaşır, yaxşı yol diləyir, maşınlar əlimizi qaldıran kimi yanımızda saxlayır, sürücülər isə daha rahat keçə biləcəyimiz yolları başa salır, uşaqlar bizi əhatəyə alır, şlemlərimizi taxmaq, velosipedlərimizi sürmək istəyirdilər, ya da sadəcə gülürdülər.
Gürcüstan
Sərhədi keçməzdən əvvəl biz yol kənarındakı kafeyə girib, arxada qalan dostlarımızı gözlədik. Qeyd etmək lazımdır ki, Ermənistanın hər yerində və Gürcüstanda çox yerdə kafelərdə menyu şərtidir, yəni siz xüsusi pəhriz saxladığınızı desəz, sizə suda bişirilmiş kabab gətirəcəklər. Bu, mənim üçün xoş və gözlənilməz oldu. Porsiyalar çox böyük, yeməklər isə həddən artıq dadlıdır. Artıq sərhədi keçəndən 5 dəqiqə sonra bu iki ölkə arasındakı fərqi hiss edirsən. Gürcüstanın daha varlı ölkə olduğu hiss olunur. Bu, yolların, kiçik şəhər və kəndlərin vəziyyətindən görünür.
Gürcüstanın nəzərə çarpan fərqli cəhəti dəmir borulardan düzəldilmiş xristian xaçlarıdır, onların tirləri bizdəki kimi düz deyil, bir qədər bucaq altında ox və ya quş ayağı kimi aşağı baxırlar. Onlar müqəddəs Ninanın xaçları adlanır. Rəvayətə görə, bu Məryəm ananın müqəddəs Ninanı Gürcüstana göndərməzdən əvvəl verdiyi, üzüm tənəklərindən hörülmüş xaçdır. Mən belə bir xaçı velosipedimin çərçivəsində cızdım.
Ermənistanın dağlıq əraziləri artıq arxada qalmışdı və biz hamar ideal asfalt yolla Tbilisiyə doğru gedirdik. Bütün yol boyu insanlar bizə əl yelləyir, yaxşı yol arzulayır, dayanacaqlarda çaxıra qonaq edir, qucaqlayırdılar, bir-iki dəfə öpdülər də. Bunun reallıqda baş verdiyinə inana bilmirdim.
Tbilisi
Həmin gün biz 100 kilometr yolu qət edərək, qeyri-adi Tbilisi şəhərinə gəlib çıxdıq. Düzdür, böyük turist axınına görə Tbilisi Gürcüstanın əyaləti qədər səmimi deyil və çox şeylər turistlərin əylənməsi üçün nəzərdə tutulub. Amma buna baxmayaraq, mən heç bir yerdə belə bir ab-havaya rast gəlməmişəm. Şəhərin köhnə rayonları o qədər baxımsız və son dərəcədə qəşəngdirlər ki, buna heç kim biganə qala bilməz. Əlbəttə, biz standart turist proqramını yerinə yetirməyə çalışdıq: misal üçün, Abanotubanidə (hamam məhəlləsi) əfsanəvi kükürd hamamlarında olduq. Bura su hardansa yerin altından gəlir, bu ilıq suyun tərkibində böyük miqdarda kükürd var. Bu cür hamamlar İtaliyada Tivoli rayonunda və İngiltərədə mövcuddur.
Biz bol-bol gürcü yeməyi yedik və çaxır içdik. Yemək də, çaxır da burada olduqca ləzzətlidir. İndi mən acar xaçapurisi və xinkali üçün əməlli-başlı darıxıram. Yeri gəlmişkən, Tbilisidən dənizə tərəf uzaqlaşdıqca, xinkalinin ölçüləri böyüyür, buna görə də onu sifariş edərkən ehtiyatlı olmaq lazımdır, yoxsa təkbaşına öhdəsindən gəlməyə bilərsiz.
Hansısa konkret kafe və ya restoranları məsləhət görmək mənasızdır, çünki burada onlar həddən artıq çoxdur, hamısı da əladır. Şəhərdə gəzmək ayrıca ləzzət verir. Tbilisi sözün əsl mənasında canlı və fakturalıdır. Biz gəzişib, şəkil çəkərkən yerli kilsənin keşişindən hədiyyə olaraq ev çaxırı da aldıq, çaxırı bizə keşişin adından dindar xanımlardan biri verdi.
Düzdür, şəhərdə velosipedlə gəzmək olduqca təhlükəlidir, çünki gürcülər yol hərəkəti qaydalarını tamamilə iqnor edir: qırmızı işıqda yolu keçir, piyadalara yol vermirlər. Bir müddət sonra bir qədər adaptasiya olduq və yolu yerli sakinlər kimi keçməyə başladıq – harda gəldi, əlimizi qabağa tutaraq keçirdik, yəni “dayan, mən keçirəm. Bundan başqa, mən bit bazarına getmək imkanını da əldən buraxmadım, burada Tbilisidə keçirilən velosiped yarışlarından maraqlı köhnə nişan tapıb aldım. Şəhərdə iki gözəl gün bir göz qırpımı kimi keçdi.
Uplistsixe
Komandamızın əksər üzvləri ayaqlarında Ermənistanda çətinliklə keçdiyimiz 9 faizlik dağ yüksəkliklərindən xatirə olaraq “9% tatusu etdilər, sonra da Gürcüstanın ən qədim şəhərlərindən biri olan Qoriyə yollandıq. Daha doğrusu, bizi Qori yaxınlığında yerləşən Uplistsixe adlı yer maraqlandırırdı.
Uplistsixe (hərfi tərcüməsi – “Allahın qalası) qədim mağara şəhəri, Gürcüstanın ilk şəhərlərindən biridir. Uplistsixe Qori şəhərindən şərqə doğru 12 kilometr aralıda, Kür çayının sol sahilində yerləşən qayada yonulub. XIX əsrdə tamamilə boşaldılan şəhər çoxtəbəqəli memarlıq obyekti, gürcü mədəniyyətinin ən mühüm abidələrindən biri sayılır. Onun unikallığı ondadır ki, öz quruluşu sayəsində şəhər bir neçə minillik ərzində tikilən memarlıq və sitayiş obyektlərinin qalıqlarını özündə saxlaya bilib. Çiçəklənmə dövründə Uplistsixedə 700-dən çox mağara və mağara tikililəri varıydı, bu günə qədər onlardan yalnız 150-i qalıb.
Həmin yerə ancaq axşam gəlib çıxa bildik, çadır düşərgəsi üçün münasib yer tapıb, çadırları qurmağa başladıq ki, bizi it sürüsü əhatəyə aldı, nəticədə onlar bütün gecəni bizi yaxınlıqda otlayan inəklərdən və başqa heyvanlardan qorudular, düz çadırlarımızın yanında gecələdilər, əvəzində isə biz onları yemlədik – mümkün olan qədər. Qayaların arasında gecələməyin başqa bir ləzzəti varıymış. Səhər də yığışıb, şəhərə baxmağa getdik, ekskursiya rəhbəri bizə bu yerlərin tarixini danışmasaydı, bütün bunlar bizim üçün mənzərəli daş yığını və qayalarda dəliklərdən başqa bir şey olmazdı. Xüsusi anbarlarda (kvevridə) saxlanılan konusşəkilli səhənglərdəki çaxırlar xüsusilə yadda qaldı, çünki bu saxlanma üsulu bir çox yerlərdə indiyə qədər mövcuddir. Bu səhənglərdə saxlanılan çaxır çox qeyri-adi, turş və qatı alınır. Biz bu çaxırın dadına muzeyin yanındakı kafedə baxa bildik. Qəribə adı olan (Stalber – “Stalber Beriya adlarının qısaldılmış varıantı) olan kafe sahiblərindən biri bizi qonaq etdi. Bundan başqa mən çox dadlı gürcü çakapuli yeməyinin dadına baxdım, bu göyərti və ədviyyatla bişirilmiş cavan ətdir (tərcümədə “köpüklü ət deməkdir). Ət yeyənlərə xüsusi olaraq məsləhət görürəm.
Surami və Prometey mağarası
Yolumuzu Surami tərəfə salmışdıq. Hər şey əvvəlki kimi idi, hamar yol, gülümsəyərək bizə yol kənarından əl yelləyən çobanlar, gözəl mənzərələr və pedalı çevirməkdən aldığımız endorfin. Xoşbəxtlik üçün daha nə lazımdır ki? Surami yaxınlığında bizdən əvvəl bura gəlib çıxan dostlarımıza çatanda onlar artıq çaxır içir və yerli çox dadlı, kişmiş və ədviyyatlı nazuki kökələri yeyirdilər. Şirin lavaşa oxşayan bu yemək çox ləzzətli idi. Onları burdan başqa daha heç yerdə satmırlar. İki yaşlı centlmen bizi burada qalmaq və onlarla birlikdə çaxır içməyimiz üçün dilə tutmağa çalışırdı, amma artıq yola davam etməli olduğumuzu, əks halda qaranlıq düşənə qədər çadır qura bilməyəcəyimizi onlara uzun-uzadı izah edəndən sonra bizi aşağıdakı sözlərlə yola saldılar: “Uşaqlar, yenə gəlin, biz elə burada, bu skamyada oturacağıq. Bu çox xoş idi. Yeri gəlmişkən, nazukini biz hələ bir neçə gün ərzində böyük məmnuniyyətlə yedik.
Bir yerdə onlarla avtomobil və furaların arasında getmək istəmədiyimiz üçün kəndarası yola döndük. MAPS.ME orada yolun olduğunu göstərirdi, nəticədə beş nəfər 40 kilometr enişli-yoxuşlu kənd yolu ilə sürdük, velosipedlərimizin salamat qalacağına ancaq ümid etmək qalırdı. Yol əməlli-başlı silkələyirdi, şose velosipedi isə bu yollar üçün nəzərdə tutulmayıb. Bu igidliyimizin mükafatı qeyri-adi mənzərələr və yolda qarşımıza çıxan gözəl akveduk, həm də dağların arasından keçən dəmir yolu və tikilməkdə olan tunelin görüntüləri oldu.
Baş çəkmək istədiyimiz daha bir vacib yer Sxaltubo şəhərinin yaxınlığında yerləşən Kumistavi karst mağarası və ya Prometey mağarası idi. Mağaranın ümumi uzunluğu 11 kilometrdir, bura gələnlər isə onun ancaq 1060 metrini görə bilir. Bu mağara çox populyardı, burada hətta toy keçirmək də olar.
Mağara çox maraqlı bir yerdir, düzdür, bayağın rəngarəng işıqlanması və nəsə naməlum səsli lazer-şou onun görünüşünə ancaq xələl yetirir. Hər şeyi olduğu kimi, heç bir müdaxilə etmədən saxlasaydılar daha yaxşı olardı.
Biz tərk edilimiş Nokalakevi qalasının ərazisində gecələmək istəyirdik, bu, Qərbi Gürcüstanda Senaki bələdiyyəsində yerləşən qala şəhəri, Eqrisinin paytaxtıdır. Bura rəvayətə görə, arqonavtların üzüb gəldiyi əfsanəvi Aya şəhərinin yeridir. Biz bura gəlib çatanda məlum oldu ki, ərazi çəpərlənib və orada çadır qurmaq heç cür alınmayacaq. Bizə səhər gəlib, hər şeyə baxmağı təklif etdilər. Bir qədər pərt vəziyyətdə biz irəli, körpünün arxasına tərəf gedərək, düz kiminsə evlərinin və həyətlərinin yanında çadır düşərgəsi qurmaq üçün çox münasib yer tapdıq.
Bir neçə saat sonra mən məlum olmayan səs, it və avtomobil mühərriklərinin səsinə oyandım. Bir qədər sonra səs-küy kəsildi və mən yuxuya gedə bildim. Səhər yenə də səsə oyandım. Çadırdan boylanıb gördüm ki, səs-küyə səbəb qazanlarımızın dibindən dünənki yeməyin qalıqalarını axtaran inəklər və donuzlardı. Bir qədər sonra çadırlarımızın qurumağa qoyduğumuz tentlərini çeynəyən inəkləri bir az da böyük səylə qovmağa çalışanda, çəpərin o üzündən kimsə göründü.
İnəklərini qovmağa çalışdığımız və otlağında çadır qurduğumuz üçün bizi danlayacağını düşündüm.
Nəticədə isə hər şey tam əksinə alındı. Adam dünən ad günü olduğunu və buranın onun bağ evi olduğunu izah etdi, o burada üzüm yetişdirirmiş. Dünənki səs-küyə görə üzr istədi, dedi ki, burada olduğumuzu bilsəydi, bizi də qonaqlığa dəvət edərdi. Bundan sonra harasa gedib, əlində çox dadlı ev çaxırı və sininin içi ilə dolu yeməklə qayıtdı. Biz də onunla birlikdə səhər yeməyini yeyib, xatirə şəkilləri çəkdirdik. Təzə tanışımız bizə yaxınlıqda, düz yerin altından vuran isti bulaqlara da baş çəkməyi məsləhət gördü. Nokalaverinin xarabalıqlarını gəzəndən sonra, ora da getdik.
Betlem – ona baş çəkməyə dəyər. İsti su düz yerin altından vurur, buradaca duşa bənzər, sadə hamam yerləri düzəldiblər.
Senaki və Batumi
Yolumuzu Senakidən saldıq, kafenin yanında duran bir yığın velisopedi görən təsadüfi adam bizdən kim olduğumuzu və haradan gəldiyimizi xəbər aldı. Aramızda qızların olduğunu görəndə və onların velosipeddə, ağır çantalarla 600 kilometrə yaxın məsafəni qət etdiklərini biləndən sonra isə əməlli-başlı şoka düşdü. Bir az gözləməyimizi xahiş edib, içi pirojki ilə dolu iki böyük paket gətirdi və dedi: “Bu, sizin üçündün uşaqlar! Yaxşı yol sizə! Beləliklə də biz darıxdırıcı və maraqlı heç nə olmayan Poti liman şəhərinə gəlib çıxdıq.
İki dəfə bizi polis maşını müşayiət etdi. Birinci maşın bekarçılıqdan, ikincisi isə (başqa növ polis, İtaliyada polis və karabinerlər olduğu kimi) polis əməkdaşlarından birinin karıxmış sifətində açıq-aşkar ifadə olunan narahatlıqdan bizi müşayiət edirdilər. Polis əməkdaşları bizə başa saldılar ki, bu rayonda çadır qurmaq təhlükəlidir, çünki bəzi xoşagəlməz hadisələr baş verib.
Əksəriyyətimiz üçün bu velotripin final nöqtəsi Batumi idi, burada biz bir neçə gözəl gün keçirib, acar xaçapurisi və dənizdən həzz aldıq. Burada da mən “Titanik adlı əlim boyda nəhəng acar xaçapurisi gördüm. Oğlanlar onu beş nəfərə də yeyib qurtara bilmədilər. Acar xaçapurisini Batumidə hamının – panklardan tutmuş polislərə qədər bizə məsləhət gördüyü “Retro kafesində yemək lazımdır. Batumidə şəhəri və dəniz sahilini gəzərək, gözəl vaxt keçirdik. Botanika bağını xüsusilə qeyd etmək istəyirəm. Qrupumuzdan dörd nəfər buradan da Türkiyəyə yollandılar, bizim üçünsə bu səyahət Batumi aeroportunda bitdi, evimizə bizi aparacaq təyyarəyə həvəssiz minirdik.
Gürcüstan mənə çox dərin təsir bağışladı və mübaliğəsiz deyə bilərəm ki, bura olduğum ən gözəl ölkələrdən biridir. Onun təbiəti, mətbəxi, həddən çox mehriban və qonaqpərvər insanları üçün çox darıxıram. Gürcüstan sevginin özüdür.
Dərc edilib: 06.07.2016