Ermənistandakı seçkilərin qanunauyğunluqları və sürprizləri
Ermənistanda parlament seçkiləri başa çatıb və nəticələri müəyyən mənada gözlənilməz oldu. Hakim Respublika Partiyasının qələbə çalması və hökuməti yenidən formalaşdırmaq imkanı əldə etməsi bu sürprizlərə aid deyil. Gözlənilməz əslində parlamentə mütləq daxil olmaları gözlənilən bir neçə başqa partiyanın məğlubiyyəti oldu.
Levon Ter-Petrosyan üçün “sürpriz”
Parlamentə “Erməni Milli Konqresi – Ermənistanın Xalq Partiyası” (EMK-EXP) bloku keçmədi, bu blok özünün seçki kampaniyasını populyar olmayan “Qarabağda sülh” tezisi üzərində qurmuşdu, bu tezis əhəmiyyətli güzəştləri nəzərdə tuturdu.
EMK-nin lideri, Ermənistanının birinci prezidenti Levon Ter-Petrosyan Qarabağ probleminin nizamlanmasının Madrid prinsipləri ilə razılaşmaq, ilk addımı atmaq, yəni Qarabağın nəzarəti altında olan müəyyən ərazilərdən qoşunları çıxarmaq, bununla da Azərbaycanı Qarabağın müstəqilliyini tanımağa “məcbur etmək” təklifi ilə çıxış etdi.
Bunu onunla izah edirdi ki, hakimiyyət də ATƏT-in Minsk qrupunun “Madrid prinsiplərini” qəbul edir və ərazi güzəştlərinə getməyə hazırdır. Seçkilərə qədər bu, bir çoxlarında belə bir fikir yaratdı ki, Ter-Petrosyan prezident Serj Sarqsyanla müəyyən sövdələşməyə gedib və cəmiyyəti bu güzəştlərə hazır etməyə çalışır.
Levon Ter-Petrosyanın partiyası və onun sülhməramlı təklifi təxminən 2% səs topladı. Ekspertlər belə bir nəticə çıxardı ki, Qarabağla bağlı güzəştlər təklifi əsla populyar deyil və xalq hətta hakimiyyət Azərbaycanla güzəştli razılaşmanı imzaladığı halda da onu qəbul etməyə bilər.
Bununla belə, çox güman ki, Respublika Partiyası əlverişsiz kompromisə getməyəcək – ERP-nın ideologiyası Böyük Ermənistan yaratmağa çalışan Qareqin Njdenin milli nəzəriyyəsi əsasında qurulub. Bundan əlavə ERP ilə birlikdə parlamentə digər milli partiya olan Daşnaksütun da keçib və çox güman ki, ERP ilə koalisiya yaradacaq. Beləliklə də Ermənistanda milli blok saxlanıla və möhkəmlənə bilər ki, onunla da güzəştlərlə bağlı danışıqlar aparmaq çox çətin olacaq.
“Aprelin 2-ni biz Yerabluranı ziyarət etməkdən başladıq, 4 günlük aprel müharibəsi zamanı həlak olanların qəbirlərini ziyarət etdik. Aprelin 2-də biz onların məzarları üstündə verdiyimiz vədlərin yerinə yetirilməsinə bir addım da irəlilədik. Biz daha möhkəm, daha güclü və daha inkişaf etmiş dövlət qurmağa söz verdik və biz onu quracağıq. Biz bunu birlikdə edəcəyik”, – Ermənistan prezidenti Serj Sarqsyanın bəyanatında deyilir.
“Sosial-demokratik” yarımüxalifət
Parlamentə iki blok keçib – “Tsarukyan” və “Yelk”(“Çıxış”). Əslində onlar milliyyətçi qanadına müxalif olan partiyalar olmalıdır. Oliqarx Qaqik Tsarukyanın başçılıq etdiyi “Çiçəklənən Ermənistan” partiyası özünü müxalif partiya adlandırsa da, buna inanan azdır. Hələ seçicilərin Serj Sarqsyanı və hakimiyyəti tənqid etməyə çalışdığı seçkiqabağı kampaniya zamanı Qarik Tsarukyan məsələni “siyasiləşdirməməyə” çağırırdı.
O, öz ideologiyasını “xeyirxah oliqarx” imici üzərində qurur və analitiklərin dediyinə görə, sadəcə Ermənistandakı etiraz əhval-ruhiyyəsini xırda xeyriyyəçiliklə ört-basdır edib. Tsarukyanın bloku parlamentdə “oliqarx-sosial” qütbə çevrilə və ölkədə indiki inhisarçı-oliqarx sistemini dağıda biləcək qərarlara mane ola bilər.
“Yelk” blokunun həqiqətən də demokratik müxalifət olmaq üçün bütün şansları var. Bu bloka ötən illərdə küçələrdə demokratiya uğrunda mübarizə aparan bir çox fəallar daxil olub. Amma onlar parlamentdə 9 nəfər olacaq.
Ermənistanda parlament seçkilərinin ilkin nəticələrinə görə, Ermənistan parlamentinin yeni tərkibinin 101 mandatından 55-i Ermənistanın Respublika Partiyasının, 30-u “Tsarukyan” blokunun, 9-u “Yelk” (“Çıxış”) blokunun və 7-si Daşnaksütunun payına düşür. ERP parlamentdə lazımi mandat sayını alır, stabil çoxluğu əldə edir və hər hansı bir qüvvə ilə koalisiyaya girmədən hökuməti formalaşdırmaq imkanı qazanır.
Ermənistanın xarici-siyasi istiqaməti dəyişməyəcək
Ermənistan Rusiya yönlü AİB və KTMT-nın üzvüdür, halbuki düz seçkilərdən qabaq parlamentdə Avropa İttifaqı ilə yeni Çərçivə müqaviləsi paraflanıb. Hələ seçkilərdən xeyli öncə Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin bildirdi ki, istənilən halda Ermənistanın xarici siyasi istiqaməti dəyişməyəcək.
O faktiki olaraq haqlı çıxdı. “Azad demokratlar” AİB və KTMT-dən çıxmaq və Aİ və NATO ilə əməkdaşlığın formalaşmasının lehinə çıxış edən yeganə partiya idi, seçkilərdə cəmi 2% topladı. “Yelk”in proqramında AİB-ə üzvlüyü yenidən nəzərdən keçirmək və Aİ ilə daha sıx münasibətlər qurmaqla bağlı təklifi olsa da ekspertlər hesab edir ki, blok bu tezisin üzərində dayanmayacaq və daha çox daxili problemlərlə məşğul olacaq.
Xarici siyasi istiqamət ümumiyyətlə seçkiqabağı kampaniya zamanı populyar bir mövzu deyildi və demək olar ki, heç kim Rusiya ilə sıx münasibətləri şübhə altına salmırdı, necə ki, Aİ və ABŞ-la əməkdaşlığın qurulmasını. Yeri gəlmişkən, seçkiqabağı kampaniya zamanı Serj Sarqsyan Brüselldə səfərdə oldu, NATO rəhbərliyi ilə görüşdü və alyansın baş katibini Ermənistana dəvət etdi.
Seçki sonrası etirazlar olmayacaq
Seçkiqabağı kampaniya bir neçə insidenti nəzərə almasaq, kifayət qədər sakit şəraitdə keçdi. Bu insidentlər əsasən “Ohanyan-Raffi-Oskanyan” bloku ilə bağlı idi, bu bloka iki keçmiş nazir – daxili işlər və müdafiə nazirləri daxildir. Blok özünü hələlik seçkilər yolu ilə hakimiyyəti dəyişməyə çalışan qüvvə kimi təqdim edir. Bununla belə blok üzvləri eyham vururlar ki, hakimiyyət yenə də köhnə partiyanın əlində qalsa, onlar insanları küçələrə çıxaracaqlar.
ORO bloku 2016-cı ilin iyul ayında Yerevanda polisin post-patrul xidmətini ələ keçirən və iki həftə ərzində girov saxlayan “Sasna tsrer” qruplaşmasının hərəkətlərini açıq şəkildə dəstəkləyirdi. Hazırda qruplaşmanın üzvləri həbsdədir və məhkəməni gözləyirlər.
Bundan başqa, səsvermədən bir neçə gün əvvəl Qarabağın keçmiş müdafiə naziri Samvel Babayan saxlanıldı, onu ORO blokunun yaradıcısı və əlaqələndiricisi adlandırırlar. Babayana qarşı Ermənistana “İqla” səyyar zenit-raket kompleksinin qaçaqmalçılıq yolu ilə gətirilməsi ittihamını irəli sürürlər. Bəzi mətbu orqanları yazır ki, kimsə Serj Sarqsyanın təyyarəsini vurmağa cəhd edib.
Samvel Babayanın həbsindən sonra Ermənistanda buna etiraz edənlər olmadı. Və aydın idi ki, seçkilərdən sonra da camaat çətin ki, küçələrə çıxsın.
Seçkilərin növbəti günü parlamentə keçməyən partiyalar seçkilərin qüsurları və ədalətsizliyindən bəhs edən bəyanatlarla çıxış etdilər, amma heç kim xalqı küçələrə çıxarmaq niyyətinin olduğunu demirdi.
Müxalifət hətta günahı xalqda gördü və insanları öz səslərini satmaqda və gələcəyini düşünməməkdə ittiham etdi.
Parlamentə keçməyən siyasi qüvvələrin bəyanatları
“Ohanyan-Raffi-Oskanyan” bloku:
“Bu seçki deyildi, bazar və hakimiyyət tərəfindən təşkil olunan sistemli saxtalaşdırma idi. Seçkilərin nəticələri real ictimai fikri və xalqın maraqlarını əks etdirmir. Beləliklə də biz bir daha qanunsuz yolla formalaşdırılan və legitim olmayan hakimiyyət əldə etdik ki, bu da siyasi monopoliyanın dərinləşməsinə gətirib çıxaracaq. Əminik ki, bu dəhşətli vəziyyət uzun çəkə bilməz. Dəyişikliklər qaçılmazdır və biz xalqı dəyişikliklərə aparanların ön sıralarında olacağıq”.
Ermənistanın birinci prezidenti, “Konqres-EXP” blokunun lideri Levon Ter-Petrosyan:
“İndən sonra sərhəddə ölən hər bir insanın qanına görə cavabdeh parlamentdə təmsil olunan siyasi qüvvələr olacaq. Onlar Qarabağı saxlamaq və bir qarış torpağı vermədən faciənin qarşısını almaq iqtidarındadırlarsa, biz onlara buna görə ancaq minnətdar ola bilərik.”
“Erməni intibahı”:
“Ermənistanda aprelin 2-də baş tutan parlament seçkiləri inzibati ehtiyatların, oliqarx qruplaşmalarının geniş miqyaslı istifadəsini göstərdi. Partiya bəyan edir ki, seçkilərin nəticələrini tanıyacaq və hər hansı seçki sonrası kütləvi mitinq və tədbirlərdə iştirak etməyəcək”.
Seçkilər sosial şəbəkələrdə də fəal müzakirə olunurdu. Bu da ən populyar müzakirə mövzuları.
Birinci trend: xalq layiq olduğu parlamenti qazandı
“Dəfələrlə xalqın onlar üçün heç kim və heç nə olmadığını sübut edən insanları necə seçmək olardı. Onlar ancaq öz problemlərini həll edir. Siz necədə peşman olacaqsınız və bu, ən yaxın zamanda baş verəcək”.
“İnqilab təxirə salınır, bütün seçkilər eynidir, və heç bir seçki də olmayıb”.
İkinci trend: seçicilər heç nəyi həll etmirdi
“Düşünürəm, çox tez bir zamanda danışmağa başlayacaqlar ki, öz səslərini satan vətəndaşlar məhz bu cür hakimiyyətə layiqdir. Bu yalan söhbətlərdir, onlar sadəcə günahı camaatın üstünə yıxmağa çalışırlar, halbuki saxtalaşdırmanın müəllifi məhz hakimiyyət və onunla əlbir olan “siyasi” bitlərdir”.
Üçüncü trend: seçilməli adam yox idi
“İroniya, narazılıq: xalq ERP-nı seçdi. Hə də, məhəllə uşaqları kimdənsə xahiş etdi. Kimisi dəyişiklikləri sevmir, hətta onlardan qorxur. Kiməsə ERP iş verib, o da işini itirməkdən qorxur. Kimsə pulu götürüb və o qədər vicdanlıdır ki, səsini pulunu aldığı şəxsə verib. Əslində, çox şey aydındır. Mən xalqı o vaxt başa düşməzdim ki, o “Erməni intibahını” və ya ORO-nu seçərdi. Bax bu həqiqətən də qəribə olardı”.
“Bu seçkilərin nəticəsində hakimiyyətin deyil, müxalifətin istefası baş verdi, daha doğrusu, müxalif qüvvələrin tərkibi dəyişdi. Seçilmiş müxalifət isə hələ əsl müxalifət olduğunu sübut etməli olacaq”.