Başının üstündə bir damın olsun. Ermənistanda uşaq evlərindən məzun olanları artıq evsiz qoymayacaqlar?
Ermənistanın uşaq evlərinin yetirmələri 18 yaşları tamam olan zaman oranı tərk etməlidirlər. Bu gəncləri çox sayda problem və çətinlik qarşısında qoyur, bunlardan ən əsası da ev məsələsidir. Müxtəlif ilərdə dövlət uşaq evlərinin yetirmələrinin evlə təmin olunması üzrə proqramlar həyata keçirib, amma onların çoxu yenə də sözün həqiqi mənasında küçədə qalırdı.
Bu il artıq evə ehtiyacı olan 300 məzuna dövlət mənzil almaq üçün serifikat verib. Onlardan bəziləri mənzil növbəsində 17 il gözləməli olub. Kimlərsə bu müddət ərzində ailə qurub, kiminsə nəvələri olub.
Hökumətin yeni qərarına əsasən, uşaq evlərinin hər bir məzununa 6,3 milyon dramlıq (13 min dollar) sertifikat düşür. Bu məbləği onlar yalnız mənzil almağa xərcləyə bilərlər. Bu pul Yerevanın mərkəzində ev almağa yetməz, amma paytaxtın kənar rayonlarında və ya regionlarda almaq mümkündür. Əldə olunmuş məbləği ipoteka krediti üçün ilkin ödəniş kimi də istifadə etmək olar.
Bütün təfərrüatlar: dövlət büdcəsindən ötən illərdə ayrılan vəsaitlər hara gedib, niyə uşaq evlərinin məzunlarının ev məsələsi bütün bu müddətdə həll edilməyib?
•Ermənistan: təhsil – münaqişənin gözəgörünməz qurbanı
•Ermənistanda tənha analar. Buna cəsarət edən qadınların hekayələri
Bir ailənin hekayəsi
Ev almaq üçün sertifikat verilən uşaq evlərinin 300 nəfər yetirməsi arasında Nelli və Arsen də var.
Hər ikisi uşaq evində böyüyüb, oradaca tanış olub, ailə qurublar. Nelli yeddi yaşındaykən bacısı ilə birlikdə uşaq evinə yerləşdirilib – analarının ölümündən sonra. Arsenin isə başqa evi ümumiyyətlə olmayıb.
“Tezliklə ev almağımızın iki ayı tamam olacaq. Öz imkanlarımız daxilində evimizi təmir etməyə, döşəməyə çalışırıq. Arsen əsasən hər şeyi özü edir, dostları ilə birlikdə. Dam məsələsini həll etmək qalıb. İndi ərim çox məşğuldur, FHN-də işləyir, koronavirusa yoluxan insanlara kömək edir. Bir az başı açılan kimi damı da təmir edəcək”, – Nelli deyir.
Ev üçotaqlıdır – otaqların biri körpələri üçündür. Nelli etiraf edir ki, onların artıq öz evlərinin olduğuna hələ də inana bilmir.
“Bu, bütün uşaq evi yetirmələrinin ən böyük arzusudur. Biz Arsenlə toydan sonra həmişə kirayə qalmışıq. Başqasının mənzilində yaşayanda heç nəyi dəyişə, yerindən tərpədə, təmir edə bilmirsən. Axı sənin deyil. İndi bizim öz evimiz var, inana bilmirəm ki, istədiyim hər şeyi edə bilərəm – dəyişə, rəngləyə, təmir edə bilərəm. Bu azadlıq hissi möhtəşəm məmnunluq bəxş edir”, – Nelli deyir.
Niyə uşaq evlərinin yetirmələri ev ala bilmirdilər?
“Bu proqram mahiyyət etibarilə dövlətin uşaq evlərinin yetirmələri qarşısında bütün öhdəliklərini əhatə edir – ölkənin müstəqilliyi elan olunan andan bəri. Biz bu proqrama başlayanda bizdə uşaq evlərini 1991-2013-cü illərdə tərk etmiş və hələ də mənzil növbəsində olan 218 nəfərin siyahısı vardı.
Proqram çərçivəsində biz yalnız onlara yox, həm də builki məzunlara da ev verməyi planlaşdırırıq. Yəni bizdə artıq evsiz qalan uşaq evi yetirməsi olmayacaq”, əmək və sosial məsələlər naziri Zauri Batoyan deyib.
Bu, Ermənistan hökumətinin uşaq evləri məzunlarını evlə təmin etməklə bağlı ilk cəhdi deyil. İki belə proqram daha əvvəl “həyata keçirilib”, amma mənzillər qanuni sahiblərinə çatmayıb. Niyə belə alındığı haqda indiyə qədər susublar.
Proqramlardan biri 2003-2005-ci illərdə həyata keçirilib. Layihə hökumətin keçmiş uşaq evi sakinlərinin ölkədə inşa edilən çoxmənzilli binalarda mənzillə təmin edilməsini nəzərdə tuturdu.
Proqramın sonunda yeddi məzunun hər biri Ermənistanın ikinci böyük şəhəri Gümridə birotaqlı mənzillə təmin olunub.
2003-2008-ci illərdə bu proqram çərçivəsində nəhəng tranşlar ayrılıb və müsabiqə keçirilmədən üç şirkətlə müqavilə imzalanıb. Onların hesabına ümumilikdə 1 milyard 800 milyon dramdan (3,7 milyon dollar) çox vəsait köçürülüb. Müqayisə üçün həmin il 300 məzun üçün sertifikatlara təxminən eyni həcmdə vəsait ayrılıb – 1 milyard 900 milyon dram (3,9 milyon dollar).
Mənzil təqdim olunması prosesi müxtəlif rəsmi sənədlərdə fərqli təsvir olunur.
Əmək və Sosial Məsələlər Nazirliyinin 2006-cı ilə aid büdcənin icrası aktında bir yerdə yazılıb ki, “56 nəfərə dəstək göstərilib”, digər səhifədə isə qeyd olunub ki, “mənzillər əldə edilməyib, çünki müvafiq tender baş tutmayıb”.
Həmin sənədə əsasən, 2007-ci ildə “Ariats Qrup“ şirkəti ilə 284 milyon dramlıq (təxminən 590 min dollar) müqavilə bağlanıb, amma planlaşdırılmış 45 mənzil əvəzinə yalnız 32 mənzil əldə edilib. Bundan başqa, Nəzarət Palatasının 2008-ci il hesabatında göstərilib ki, içində yaşanması mümkün olmayan yalnız 19 mənzil alınıb.
Nəticədə 2008-ci ildə Nəzarət Palatasının rəyinə əsasən hökumət bu proqramı dayandırıb. Rəydə proqramın həyata keçirilməsi “dəhşətli” kimi dəyərləndirilib.
Alınmış 160 mənzilin əksəriyyətində yaşamaq mümkün olmayıb, bunlar içərisindən kanalizasiya və su borularının keçdiyi texniki və zirzəmi məkanları olub. Ümumilikdə 1,5 milyard dramlıq (3 milyon dollardan çox) sui-istifadə aşkarlanıb.
Məsələ ilə bağlı cinayət işi qaldırılıb, amma məhkəməyə qədər gedib çıxmayıb. Uşaq evlərinin mənzilsiz qalan 166 məzunu isə sosial mənzillərdə yerləşdirilib. Bu, dövlətin mülkiyyət hüququ olmadan 10 il müddətinə pulsuz istifadəyə təqdim etdiyi mənzillərdir. Belə mənzili alanlar müddət bitəndən sonra sadəcə mənzili tərk etməlidir.
Bu proqrama paralel olaraq mənzil gözləyənlərin daha bir siyahısı tərtib olunub və bu siyahıya ancaq valideyn himayəsindən məhrum olan və qohumlarının himayəsində yaşayanlar daxil edilib. Bu proqramı müxtəlif illərdə ictimai təşkilatlar həyata keçiriblər və onlar 2011-2013-cü illərdə dövlət büdcəsindən 36 milyon drama (təxminən 75 min dollar) yaxın vəsait alıblar və hər il 40 nəfərin mənzillə təmin ediləcəyi nəzərdə tutulub.
Bu proqramların nə dərəcədə uğurlu olduğunu bu günə qədər siyahıdan neçə nəfərin mənzillə təmin edilməsi ilə dəyərləndirmək mümkündür.
10 il sonra цz evində
Sentyabrın əvvəlində hökumət uşaq evlərinin məzunu olan 164 ailənin 2003-2015-ci illərdə müvəqqəti yerləşdirildiyi sosial mənzilləri onlara bağışlamaq qərarına gəlib.
10 illik mənzil təqdim olunan zaman müqavilələrdə göstərilirdi ki, müddət başa çatandan sonra mənzillər özəlləşdirilə və ya icarəyə verilə bilər. Buna baxmayaraq, uşaq evlərinin məzunlarının müraciətləri 16 ilə yaxındır ki, cavabsız qalıb.
“Uşaq evlərinin məzunlarına mənzillərin təqdim olunması proqramı başlayanda mütləq şərt qoyulub ki, mənzil almaq üçün sertifikat yalnız daha əvvəl dövlətin bu kimi proqramlarından yararlanmayanlara, mülkiyyəti olmayanlara və son beş ildə mülkiyyətini əldən çıxarmamış olanlara verilə bilər.
Beləliklə, uşaq evlərinin sosial mənzil alan, amma mülkiyyət hüququ olmayan digər yetirmələri ədalətsiz duruma düşüb. Bu ədalətsizliyi düzəltmək üçün biz bu mənzilləri içində yaşayan vətəndaşlara bağışlamaq qərarına gəldik”, – nazir Zauri Batoyan bildirib.
2003-2004-cü illərdə yüksək qəza şəraitində olan binalarda otaq verilən uşaq evlərinin daha üç məzunu istisna hal kimi mənzil almaq üçün sertifikatla təmin olunacaq.
Ani onlardan biridir:
“Bunun bizim üçün nə demək olduğunu təsvir edə bilmirəm! Mənim uşaqlarım, nəhayət, yarıdağılmış evdə yatmaqdan qorxmayacaqlar. Və bizim vanna otağımız olacaq! Biz dəfələrlə bu məsələ ilə bağlı hökumətə müraciət etmişik, amma biz bilirdik ki, daha ağır şəraitdə yaşayan insanlar var, başının üstündə damı olmayan insanlar var. İndi isə bizim hamımızın özümüzə aid küncümüz olacaq”.