Ermənistanda söz azadlığına necə dözdülər
Daha problemli olan ölkələrdə jurnalistlərə qarşı repressiyaların kəskinləşməsi və Avropa İttifaqının bəzi üzv ölkələrində media qanunvericiliyində aparılan qalmaqallı dəyişikliklər fonunda Ermənistan söz azadlığı məsələsində sakit liman kimi görünür. İlk baxışdan burada çoxdandır ki, nə yaxşı, nə də pis tərəfə heç nə dəyişmir.
Əsas informasiya mənbəyi olan televiziya sayıq siyasi nəzarət altında saxlanılır, radio musiqi və əyləncə formatında itib batıb, müstəqil tədqiqatçı jurnalistikası isə ancaq xarici qrantlar hesabına yaşayır. On-layn və çap KİV-nin azadlığını isə onların maliyyə imkanlarından başqa heç nə məhdudlaşdırmır. Həbsə və ya ağır pul cəriməsi yükü altına salınan jurnalistlər yoxdur. Və hətta ölkə Avrasiya İqtisadi Birliyinə daxil olandan sonra erməni demokrat yönlü cəmiyyətinin qorxduğu “Avrasiya küləkləri bu limanın zahiri sakitliyini poza bilmədi.
Amma iqlim dəyişikliklərinə qarşı həssas olan müşahidəçilər həyəcanlı iqlim dəyişikliklərinin əlamətlərini görməyə bilmirlər. Bu mənada 28 yanvar Erməni Ordusu Günü münasibəti ilə keçirilən tədbirlər zamanı jurnalistlərin xoşagəlməz suallarına erməni isteblişmenti nümayəndələrinin reaksiyası diqqəti çəkdi.
“Bezdirdilər daha! – milli təhlükəsizlik xidmətinin direktoru Qorik Akopyan (fevralın 12-dən prezidentin müşaviri təyin edilib) qurumunda gözlənilən dəyişikliklərlə maraqlanan mətbuat nümayəndələrinin sıraları arasından keçərkən uca səslə bu sözləri dedi. Erməni Apostol kilsəsinin Ararat Yeparxiyasının başçısı Navasard Kçoyan isə onu gözdən salan şayiələrə şərh verməkdən imtina edərkən, jurnalistlərə ancaq bu sözləri deyə bildi: “Siz ictimaiyyət nümayəndələri deyilsiz… (yəni “mən sizə açıqlama verməli deyiləm).
Bu epizodları əks etdirən video-süjetlər virtual məkanda geniş yayılaraq, böyük əks-səda verdi. “Aravot qəzetinin baş redaktoru Aram Abramyan öz nəşrində dini xadim və güc qurumu rəhbərinin KİV nümayəndələri ilə “yüksək münasibətlərinin səbəbini izah etməyə çalışdı: “…onlar əmindirlər ki, bütün jurnalistlər “ayağa dolaşan, “şərçi, “sifarişlə yazan şübhəli şəxslərdir ki, aydın olmayan səbəblərdən onlara dözmək lazımdır.
Tənqidə qarşı güclənən immunitet və nüfuz riskinə qarşı laqeydlik daha çox özlərini ölkənin tamhüquqlu sahibləri hesab edən və əksər vaxtlarda eyni şəxsdə birləşən yüksək vəzifəli məmurlara və oliqarxlara xasdır. Onların şəxsi maraqları və islahatlara qarşı çıxması həmişə müxtəlif sahələrdə, o cümlədən də media sahəsində inkişafa mane olan amillər olub. Bununla yanaşı beynəlxalq nüfuzla bağlı narahatçılıq – elə həmin o “aydın olmayan səbəb – rəsmi Yerevanı bəzi məsələlərdə vətəndaş cəmiyyəti və öz hüquqlarını tələb edən jurnalistlərlə kompromisə getməyə vadar edib.
Bunun nəticəsi kimi 1990-cı illərin axırlarında dövlət yayımçısının saxlanmasının qarşısını almaq mümkün oldu, parlamentdə ilk oxunuşdan qəbul olunan qanun layihəsinə görə, bu telekanal yeni yaranan de-yure ictimai yayım şirkəti ilə birlikdə işləməliydi. Bir qədər sonra KİV-in məcburi qeydiyyatı ləğv edildi, internet azadlığına qarşı addımlar və loyal olmayan mətbuata hakimiyyətə yaxın dairələrin nümayəndələri tərəfindən bir axın diffamasiya iddiası ilə təzyiq göstərmək cəhdlərinin qarşısı alındı.
Bu yaxınlarda əldə olunan baha bir uğur isə Konstitusiya məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli informasiya mənbələrinin mühafizəsi prinsipinin istintaq və məhkəmə orqanları tərəfindən istədikləri kimi interpretasiyası praktikasını dayandıran qərarı oldu. KİV, ictimai birliklər və beynəlxalq təşkilatlar, ilk növbədə də KİV azadlığı üzrə ATƏT ofisinin birgə mövqeyi olmasaydı, bu, çətin baş verərdi.
Bu cür kompromislər sayəsində Ermənistandakı informasiya vəziyyəti müxtəlif reytinq təşkilatları (“Fridom xaus, “Sərhədsiz reportyorlar) tərəfindən əksər post-sovet ölkələrindəkindən, o cümlədən də onun Avrasiya İqtisadi Birliyindəki tərəfdaşlarından daha müsbət qiymətləndirilir.
Son zamanlarda isə hakimiyyət nümayəndələrinə həm daxildən, həm də xaricdən ədəb qaydalarına riayət etməklə bağlı çağırışlar öz məqsədlərinə getdikcə daha çətinliklə çatır. Bunun səbəbi Ermənistanın inteqrasiya vektorunu seçməsi və Yerevanın Qərb tərəfdaşlarının yeni geosiyasi reallıqda demokratik standartlardan uzaqlaşmasına daha böyük dözümlülük nümayiş etdirməsi ilə bağlıdır.
23 iyun 2015-ci ildə paytaxtın Baqramyan prospektində elektrik enerjisinin bahalaşmasına qarşı keçirilən etiraz aksiyasının iştirakçılarını dağıdan hüquq-mühafizə orqanlarında jurnalistlər də öz payını aldılar.
Vurulan zədələrdən başqa, qəsdən redaksiya texnikası və informasiya daşıyıcıları xarab edildi. Bununla belə, 150-yə yaxın nümayişçi və KİV nümayəndələrinə qarşı həddən ziyadə gücün tətbiq edilməsi ilə bağlı
qaldırılan cinayət işini ancaq bir müstəntiq aparırdı. Ancaq jurnalist və beynəlxalq təşkilatlar işə qarışanda üç ay sonra xüsusi istintaq qrupu yaradıldı.
Amma hələ də bütün zərər çəkənlərin ifadələri alınmayıb. Tədqiqatın gedişatı onu deməyə əsas verir ki, növbəti dəfə də heç bir polis işçisi, heç bir vəzifəli şəxs səlahiyyətlərini aşdığına və jurnalistin peşə fəaliyyəti ilə məşğul olmasına mane olduğuna görə məsuliyyətə cəlb olunmayacaq. Ötən illərin oxşar hadisələri ilə müqayisədə buradakı yenilik ondan ibarətdir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının bütün hüquqa zidd hərəkətləri və onların verdiyi əmrlərin demək olar ki, bütün epizodlarının foto və video çəkilişləri edilib və şəbəkədə yayılıb. Həm də konkret şəxslərin, o cümlədən də yüksək vəzifəlilərin şəxsiyyətləri çox asanlıqla identifikasiya olunur. Deməli, cinayətin üstünü örtmək üçün hakimiyyət və onun idarə etdiyi istintaq xüsusi abırsızlıq nümayiş etdirməli olacaq…
Təxminən 2015-ci ilin axırlarına yaxın “Televiziya və radio haqqında qanuna dəyişikliklər edilməsi zamanı olduğu kimi. Hökumət və parlamentin əlində 2010-cu ildən işlənib hazırlanan, müxtəlif formatlarda geniş müzakirə olunan və ATƏT və Avropa Şurasının müsbət qiymətini alan müstəqil ekspertlər qrupunun qanun layihəsi vardı.
Amma nəticədə o, iqnor edildi. Bütün utancverici hərəkətlər kimi, bu da tələsik və məxfilik şəraitində baş tutdu. İki gün ərzində hökumətdən parlamentə başqa qanun layihəsi daxil oldu və iki oxunuşdan səsə qoyuldu, həmin qanun layihəsini o vaxta qədər onun müəllifləri və bilavasitə sifarişçilərindən başqa heç kim görməmişdi.
Səsvermənin tələsik keçirilməsi rəqəmsal yayıma keçməklə bağlı öhdəliklərlə əsaslandırıldığı üçün (hökumət 2006-cı ildən, müvafiq strategiyanın işlənib hazırlanmasına on minlərlə dollar xərclənən vaxtı bəs hardaydı – sualı isə cavabsız qalır), sənədin bütün başqa məntiqsizliklərini bir kənara qoyub, əsas məsələyə toxunaq. Beynəlxalq tənzimləyicilərə uyğun olaraq, analoq yayımının tam söndürülməsi və bu zaman da əksər region telekanallarının bağlanmasına imkan verməmək üçün qanuna edilən dəyişikliklər özəl multipleks-operatorların yaradılması (lisenziyalaşdırılması) prosedurunu nəzərə almalı idi. İndi beləsi var, amma…
Birincisi, qəbul edilən qanuna əsasən, ancaq bütöv ölkəyə rəqəmsal siqnal ötürə bilən və ancaq özünün kommunikasiya infrastrukturundan istifadə edən operator lisenziya ala bilər. Həmin tələbi hamıya aydın olan dilə çevirsək, bu o deməkdir ki, analoq qeyri-müəyyənliyində asılıb qalan region telekanallarının taleyini ancaq xüsusiylə iri sərmayədar həll edə bilər. Erməni yayım bazarının xırda və orta biznesinə isə bütün girişlər bağlanıb.
Başqa sözlə desək, media sənayesinin azalmaqda olan gəlirləri fonunda ya çoxdan gözlənilən özəl multipleks-operator növbəti inhisarçı (oxu, indiki oliqarxiya nomenklaturasından kimsə) olacaq, ya da bu inhisarçı yenə də dövlət olaraq qalacaq, potensial müstəqil tele-yayımçılar üçün bütün gözlənilən nəticələrlə birlikdə.
İkincisi, qəbul edilən qanun Ermənistan Respublikası hökumətini hətta onlardan olmayan xüsusiylə iri sərmayədar kimi bir möcüzədən də qoruyur. Bu məqsədlə multipleks-operator üçün mürəkkəb lisenziyalaşdırma proseduru nəzərdə tutulub, yəni misal üçün, 13 dəfə hakimiyyətin xoşuna gəlməyən “А1+ teleşirkətinə lisenziya verməkdən imtina edən milli tənzimləyici istənilən ərizəni rədd etmək üçün səbəb tapacaq.
Ən yaxşı halda, bu cür qanunun qəbul edilməsindən sonra Ermənistana, xırda və orta sahibkarlığın inkişafına, azad rəqabət və rüşvətxorluqla mübarizəyə yönələn istənilə beynəlxalq yardım dayandırılmalıdır. Amma belə bir şey baş vermir.
Bəs onda niyə erməni isteblişmentinin nümayəndələri onları “cana doyduran KİV-ə dözməyə məcbur edən “aydın olmayan səbəbləri unutmasınlar ki?
Yerevan mətbuat klubunun prezidenti Boris Navasardyan