Son beş ildə Ermənistanda 50-dən çox qadın qətlə yetirilib – Qadın Resurs Mərkəzinin layihə əlaqələndiricisi Anahit Simonyan bildirib. Onun sözlərinə görə, ailə zorakılığı nəticəsində onlarla qadın həyatını itirir, yüzlərlə qadın döyülür, minlərlə qadın qorxu içində yaşamağa davam edir.
“Vəziyyəti belə saxlamaq olmaz. Dövlət növbəti ailə zorakılığı qurbanı olmasın deyə lazımı mexanizmi təmin etməlidir”, – Anahit Simonyan vurğulayıb.
Ermənistanda ailə zorakılığının qarşısının alınması üçün lazımı tədbirlər müxanizmini əks etdirən qanun hələlik yoxdur.
Ailə zorakılığı ilə bağlı rəsmi göstəricilərin narahatlıq doğurduğu ilə ədliyyə naziri də razıdır. David Harutunyan bildirib ki, yalnız üstü açılmış qanlı hadisələr deyil, gizli zorakılıq halları da dəhşət doğurur.
Nazir hesab edir ki, əgər Ermənistanda “Ailə zorakılığının qarşısının alınması və ailə zorakılığına məruz qalmış şəxslərin müdafiəsi haqda” qanun layihəsi qəbul edilsə, o zaman əlavə bir sıra problemlər üzə çıxacaq və məsələnin həlli daha asan olacaq.
“Möhkəm, əsl erməni ailəsi obrazı qətiyyən zorakılıq demək deyil”, – ədliyyə naziri bildirib.
Qanun layihəsi artıq iki həftədən çoxdur ki, müzakirə üçün Ədliyyə Nazirliyinin saytında – e-draft.am yerləşdirilib. Oktyabrın 9-a qədər layihə ilə tanış olmaq, öz fikrini bildirmək və səs vermək mümkündür. Hazırda qanun layihəsi ilə bağlı 565 nəfər lehinə, 502 nəfər əleyhinə səs verib.
Hüquq müdafiəçilərini narahat edən odur ki, çoxlarının fikrincə, bu qanun layihəsi ənənəvi erməni ailəsinə uyğun deyil, hətta ailələrin dağılmasına səbəb ola bilər.
Layihədə dövlətin zorakılığa məruz qaldığı üçün evini tərk edən qadınlara hansı hallarda sığınacaq təqdim edəcəyi dəqiq qeyd olunub. Qanun həmçinin bu vəziyyətdə günahkarların evdən çıxmağa məcbur edilməsi və qurbana yaxınlaşmaması da nəzərdə tutulub.
Qadın hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar qanunun dərhal qəbulunu tələb edir, amma bunun zorakılıq qurbanlarının sayının azalması üçün yetərli olmadığını hesab edirlər. Onların fikrincə, cəmiyyətin mental yanaşmasını, o cümlədən qurbanın öz vəziyyətinə münasibətini dəyişmək daha vacibdir.
“İnsan özünə qarşı zorakılığın tətbiq edilməsinə imkan v erməməlidir”, – “Qadınlara münasibətdə zorakılığa qarşı koalisiyanın” əlaqələndiricisi Zauri Ovannisyan hesab edir.