Ermənistanın hökumət binası qarşısında nazirliklərin optimallaşdırılması və dövlət aparatında çalışanların ixtisara salınmasına qarşı etiraz aksiyası keçirilib. Optimallaşdırmaya məruz qalacaq qurumların əməkdaşları tətil elan edib.
Hansı nazirliklər optimallaşmaya məruz qalacaq?
Hökumətin qərarı ilə hazırda mövcud olan 17 nazirlikdən yalnız 12-i işini davam edəcək.
Optimallaşdırma nəticəsində mədəniyyət, o cümlədən də idman və gənclər nazirlikləri Təhsil və Elm Nazirliyi ilə birləşdiriləcək.
Kənd Təsərrüfatı Nazirliyi, həmçinin Ərazi İdarəetməsi Nazirliyi Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə bir arada olacaq. Diaspora Nazirliyi isə ləğv ediləcək.
Aksiya iştirakçılarının tələbi
Dövlət işçilərinin əsas tələbi dövlət aparatının ixtisarı və nazirliklərin birləşdirilməsi planından imtina etməkdən ibarətdir.
“Biz Ermənistan baş nazirinin səlahiyyətlərini yerinə yetirən şəxsin adına məktub yazmışıq. Orada, məsələn, Mədəniyyət Nazirliyinin niyə ayrıca qurum kimi fəaliyyət göstərməli olduğu izah edilib. Nazirliyin birləşdirilməsi onun rolunun azalmasına gətirib çıxaracaq”, – Mədəniyyət Nazirliyinin əməkdaşı Harutyun Vanyan deyir.
Ermənistan hakimiyyəti optimallaşdırma ehtiyacını dövlət aparatının işinin səmərəsizliyi ilə izah edir. Əvvəlcədən optimallaşdırma nəticəsində nazirliklərin sayının iki dəfə azaldılacağı planlaşdırılırdı. İndi isə söhbət 17 nazirlikdən 12-nin fəaliyyətini davam etdirməsindən gedir.
“Bizdə idarəçilik sistemi həqiqətən də yetəri qədər şişirdilib, buna paralel olaraq digər nazirlik və ayrı-ayrı qurumların həyata keçirdiyi funksiyaları yerinə yetirən başqa strukturlar da var. Ümid edirik ki, bu cür optimallaşdırma dövlət qulluqçularının əməkhaqlarına və motivasiyasına da təsir edəcək”, – daha əvvəl baş nazirin birinci müavininin səlahiyyətlərini yerinə yetirən Ararat Mirzoyan bildirmişdi.