Ermənistanda medianın fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı 56 hal: 3 ayın təhlili
Ermənistanda medianın fəaliyyətinə məhdudiyyətlər
2025-ci ilin ilk üç ayında Ermənistanda media və jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı 56 hal qeydə alınıb.
“Sözügedən 56 haldan 2-si fiziki zorakılıq, 25-i digər təzyiq növləri, 29-u isə informasiya əldə etmək və yaymaq hüququnun pozulması ilə bağlıdır”, – bunu Söz Azadlığının Müdafiəsi Komitəsinin sədri Aşot Melikyan bildirib.
O, yanvar-mart aylarında aparılan monitorinq zamanı qeydə alınan pozuntular, eləcə də jurnalistlərə və media resurslarına qarşı məhkəmələrə təqdim olunan iddialar barədə məlumat verib.
Ekspert vurğulayıb ki, beynəlxalq təşkilatların qiymətləndirməsinə görə, Ermənistan hələ də qismən azad mətbuata malik ölkə olaraq qalır.
“Ola bilər ki, biz regionda ən yaxşı mövqedəyik [mətbuat azadlığı indeksinə görə Ermənistan region ölkələri arasında liderdir — JAMnews]. Amma nəzərəçarpacaq bir irəliləyiş yoxdur və bu, həm jurnalistləri, həm siyasi sahəni, ilk növbədə isə hakimiyyəti narahat etməlidir. Hər kəs medianın fəaliyyəti üçün daha əlverişli şərait yaratmaq istiqamətində səylər göstərməlidir”, deyə o bildirib.
- Mətbuat Azadlığı günündə Azərbaycan mətbuatı 151-ci yerdə
- Belaruslu siyasətçi: “Gürcüstan bu gün Belarusun 2020-ci ildə olduğu mərhələdədir”
- Gürcü QHT-ləri: “Biz Rusiya qanunları ilə yaşamağa hazır deyilik və sonadək müqavimət göstərəcəyik”
- Biz buna dözməməliyik! – “Batumelebi”nin direktoru Mzia Amaqlobelinin həbsi ilə bağlı JAMnews redaksiyasının bəyanatı
Ən çox təzyiq hakimiyyət tərəfindən olub
Söz Azadlığının Müdafiəsi Komitəsinin sədri vurğulayıb ki, ilin ilk aylarında ölkənin ictimai-siyasi həyatında nisbətən sakitlik hökm sürüb:
“Bu səbəbdən jurnalistlərin kütləvi etiraz aksiyaları və mitinqləri işıqlandırmasına ehtiyac olmayıb. Ümumilikdə, qarşıdurma üçün ciddi əsaslar olmayıb. Lakin Milli Məclisdə vəziyyət kifayət qədər gərgin və qarşıdurmalı olub”.
Melikyan bildirib ki, jurnalistlərə və mediaya qarşı 25 təzyiq halı qeydə alınıb, onlardan 18-i hakimiyyət nümayəndələrinin payına düşür:
“Bu isə kifayət qədər narahatedici bir tendensiyadır. Biz bəyanatlarımızda dəfələrlə bu faktı diqqətə çatdırmış və parlamentdə deputatlarla jurnalistlər arasında mövcud olan gərginliyi aradan qaldırmağa çağırmışıq”.
Jurnalistlər üçün hansı dövlət qurumları ilə işləmək çətinləşib?
Ekspertin sözlərinə görə, media nümayəndələri ən çox Baş nazir Aparatı, Prokurorluq, bəzi nazirliklər, həmçinin Yerevan meriyası ilə işləməkdən narazıdırlar.
2025-ci ilin ilk aylarında informasiya əldə etmək və yaymaq hüququnun pozulması ilə bağlı 29 hal qeydə alınıb. Xüsusilə,
- dövlət qurumları əsassız şəkildə məlumat verməkdən imtina edib — 7 hal,
- cavab vermək gecikdirilib — 1 hal,
- natamam və ya qeyri-dəqiq cavablar təqdim edilib — 13 hal,
- sorğulara ümumiyyətlə cavab verilməyib — 8 hal.
Jurnalistlər və media resurslarına qarşı 15 yeni iddia qaldırılıb
2025-ci ilin yanvar-mart aylarında jurnalistlərə və media qurumlarına qarşı məhkəmələrə 15 iddia təqdim edilib.
Aşot Melikyan bildirib ki, bu iddialardan 12-si dövlət qurumları tərəfindən qaldırılıb, onlardan 4-ü isə Milli Məclisin sədri Alen Simonyan tərəfindən təqdim olunub:
“Bundan əlavə, media qurumlarına qarşı iki iddia informasiya agentlikləri tərəfindən verilib. Bunlar müəllif hüquqlarının qorunması ilə bağlı iddialardır. Daha bir iddia isə Ermənistanın sıravi bir vətəndaşı tərəfindən irəli sürülüb”.
Ekspert qeyd edib ki, ötən il məhkəmə iddiaları əsasən dərc olunan materiallarda təhqir və böhtanla bağlı idi, bu il isə vəziyyət dəyişib.
O vurğulayıb ki, Ermənistanın media sahəsində yeni bir tendensiya yaranıb — müəllif hüquqlarının qorunması ilə bağlı iddialar:
“Son illər media qurumlarının bir-birinə qarşı iddiaları olurdu. Amma müəllif hüquqları üzrə iddialar olmamışdı. Bu, belə desək, yeni bir hadisədir”, deyə o izah edib.
Melikyanın sözlərinə görə, əvvəllər məqalələrin mənbə göstərilmədən təkrar dərc olunması (copy-paste) ilə bağlı məhkəmə iddiaları olurdu. Lakin indi “Fotolur” informasiya agentliyi müəllif hüquqlarının qorunması sahəsində daha ardıcıl mövqe nümayiş etdirib. Agentlik öz fotolarının razılaşdırılmadan, ödənişsiz və mənbə göstərilmədən istifadə olunması ilə bağlı iddia qaldırıb.
Sual olunduqda ki, bu presedent vəziyyəti dəyişə bilərmi, media eksperti belə cavab verib:
“Bu, informasiya sahəsini kopiyalamaq adlanan xroniki xəstəlikdən təmizləmək üçün bir stimul ola bilər”.
Ötən illə müqayisə
Söz Azadlığının Müdafiəsi Komitəsinin araşdırmasına görə, 2024-cü ilin eyni dövründə 58 pozuntu halı aşkar edilib. Yəni, cəmi iki hal fərqi var. Lakin o zaman jurnalistlərə qarşı heç bir fiziki zorakılıq hadisəsi baş verməmişdi. Halbuki 2025-ci ildə iki zorakılıq hadisəsi qeydə alınıb. Üstəlik, hər iki hadisə parlamentdə baş verib və onları təhlükəsizlik əməkdaşları törədib.
Digər göstəricilərə görə, ötən il qeydə alınan hallar belə olub:
- media və onların əməkdaşlarına təzyiq — 17 hal,
- informasiya əldə etmək və yaymaq hüququnun pozulması — 41 hal.
Aşot Melikyan bildirib ki, bu il informasiya əldə etmək və yaymaq hüququnun pozulması halları xeyli azalıb:
“Bəzi irəliləyişlər var, amma ümumilikdə vəziyyət hələ də qənaətbəxş deyil”.
Ermənistanda medianın fəaliyyətinə məhdudiyyətlər