16 gün sonra: Ermənistan parlamenti hərbi vəziyyətin ləğvini dəstəkləməyib
Müxalif “Çiçəklənən Ermənistan” fraksiyası parlamentə “Hərbi vəziyyətin ləğv edilməsi haqda” qanun layihəsi təqdim edib. Parlament deputatları bir neçə saat “lehinə” və “əleyhinə” arqumentləri irəli sürüblər, amma səs çoxluğu ilə layihə rədd edilib.
Müxalifətin planına görə, Qarabağda hərbi əməliyyatlar başladığı zaman tətbiq edilən rejimin ləğv edilməsi Ermənistanın baş naziri Nikol Paşinyana qarşı impiçment proseduruna doğru ilk addım ola bilər. Məsələ burasındadır ki, hərbi vəziyyət qüvvədə olduğu müddətcə bu proseduru başlatmaq mümkün deyil.
Rejimin ləğv edilməsi müxalifətə baş nazirin istefasına təkan verməyə və maneəsiz etiraz aksiyaları keçirməyə imkan verəcək. Hələlik aksiyalar qadağandır, amma Yerevanda Qarabağda atəşin dayandırılması haqda sənəd imzalanandan dərhal sonra etirazlar başlayıb. Qadağaya baxmayaraq, Rusiya və Azərbaycanla birlikdə üçtərəfli razılaşmanı imzalayan Ermənistanın baş nazirinin istefası tələbilə artıq izdihamlı etiraz aksiyaları keçirilib.
Müxalifətin planına Nikol Paşinyanın istefası, müvəqqəti hökumətin yaradılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi daxildir.
- Nəyi ötürmüş ola bilərsiz? – 2020-ci il 26 noyabr, Qafqazda əsas hadisələr
- Ermənistanın baş naziri ermənilərin Azərbaycanın nəzarətində olan kəndlərə qayıdışını gözləyir
Deputatlar nə deyir?
“Mənim addımım” iqtidar blokunun üzvü Hovannes İgityan bildirib ki, beynəlxalq tərəfdaşlar, o cümlədən də Ermənistanın Rusiyadakı dostları ölkə üzərinə hazırda Türkiyə tərəfindən hərbi təhlükə çökdüyünü bildirirlər:
“Bizim ordumuz döyüş hazırlığı vəziyyətində olmalıdır ki, vəziyyətə operativ reaksiya verə bilsin”.
Parlamentin iki müxalif fraksiyası hərbi vəziyyət rejiminin ləğv edilməsinin lehinə çıxış ediblər, çünki onun tətbiq edilməsinin səbəbləri artıq aktual deyil.
Müxalifətin fikrincə, hərbi vəziyyət hakimiyyət tərəfindən insanlara narazılıqlarını bildirməyə, baş nazirin kapitulyasiya haqda bəyanatı imzalamasına qarşı etiraz etmələrinə mane olmaq üçün istifadə olunur.
“Sərhədlərin müdafiəsinə gəlincə, bu, daimi prosesdir və bu səbəblə biz həmişə hərbi vəziyyət şəraitində olmamalıyıq”, – parlamentin müxalif “Maariflənmi. Ermənistan” fraksiyasının deputatı Ani Samsonyan deyib.
Müdafiə Nazirliyinin çağırışı
Ermənistan Müdafiə Nazirliyinin baş katibi Artur Sarqsyan da Milli Məclisin növbədənkənar iclasında çıxış edib. O, bildirib ki, Müdafiə Nazirliyi Ermənistanda hərbi vəziyyətin ləğvini tövsiyə etmir.
Müzakirəyə çıxarılan layihə əlavə qaydalar qəbul etmədən müdafiə və təhlükəsizlik sahəsində problemlər yaradacaq – Sarqsyan vurğulayıb:
“Mümkün problemləri önləmək üçün Müdafiə Nazirliyi müvafiq hüquqi normalar hazırlayıb və bütün problemlərin həlli üçün əhatəli mexanizmlər təqdim etmək niyyətindədir”.
Müzakirə prosesində toqquşmalar
Mübahisələrin dərəcəsi həddən artıq yüksəlib, hətta deputatlar arasında toqquşmalara da gedib çatıb.
Müxalif “Çiçəklənən Ermənistan” partiyasını təmsil edən deputat Mikael Melkumyanın “müharibədəki məğlubiyyəti nəvələrinə necə izah edəcək” sualına “Mənim addımım” iqtidar fraksiyasının nümayəndəsi Amazasp Danielyan kobud cavab verib. Bu, iclas zalında qəzəbə səbəb olub.
Bundan dərhal sonra digər epizod baş verib. Digər müxalif deputat Naira Zohrabyanın “Paşinyanın Azərbaycanda animasiya filmlərinin qəhrəmanına çevrildiyi” haqda sözlərinə elə həmin Amazasp Danielyan belə cavab verib: “Siz də Azərbaycanda super-ulduzsunuz”.
Bundan sonra müxalif deputatlarla iqtidar blokunun təmsilçiləri arasında əsl toqquşma yaşanıb. Nəticədə vitse-spiker Alek Simonyan mühafizəni çağırmalı olub və onlar deputatları sakitləşdirə biliblər.