Ermənistanda fövqəladə vəziyyət rejimindən şikayətlənənlər çoxalıb
Martın 16-dan, Ermənistanda koronavirus pandemiyasına görə fövqəladə vəziyyət rejimi tətbiq ediləndən iyunun 25-ə qədər Ermənistanın ombudsmen ofisinə 2249 şikayət daxil olub. Onların hamısı fövqəladə vəziyyət rejimi ilə bağlıdır.
Narazıların yarısından çoxuna (1720 nəfər) artıq məsləhət verilib – ombudsmen ofisinin mətbuat xidmətindən bildirilib.
● “Qıfıl altında”: ermənistanlı əmək miqrantları Rusiyaya gedə bilmirlər
İnsanlar nədən şikayət edir?
– Ən çox şikayət (794) hökumətin koronavirusun iqtisadi fəsadlarının neytrallaşdırılması proqramı üzrə təqdim etdiyi sosial yardımla bağlı olub. İnsanların ən çox elektron platformada yardım almaq üçün lazım olan məlumatların doldurulması ilə əlaqədar çətinlikləri yaranıb.
– şikayətlərin 231-i ölkəyə giriş və çıxışla bağlı olub. İş orasındadır ki, artıq bir neçə aydır ki, bütün quru sərhədləri bağlıdır, hava əlaqəsi dayandırılıb. Bu, hər il Ermənistandan mövsümi qazanc dalınca gedən minlərlə miqrant üçün problemlər yaradıb.
– İnsanlar kommunal xərclərin ödənməsi problemi ilə bağlı da xalq müdafiəçisinin ofisinə müraciət edib. 114 nəfər maliyyə çətinlikləri üzündən tələb olunan məbləği ödəyə bilmədiyindən şikayətlənib. Onlar kəsilən qaz, elektrik və ya suyun qoşulmasını tələb ediblər.
– 78 şikayət insanların təcrid və ya özünütəcrid şəraitində yaranan problemləri əhatə edib. Bu problemlərin məhz nədən ibarət olduğunun təfərrüatlarını ombudsmen açıqlamayıb.
– 57 nəfər pensiyaların gecikməsi ilə bağlı müraciət edib. Problem pensiyaçıların bir ünvanda qeydiyyatda olduqları halda başqa ünvanda yaşamaları ilə bağlı olub.
– 29 şikayət məhbusları əhatə edib. Onların ixtisaslaşmış tibbi yardımla təmin olunması, o cümlədən də koronavirusun yayılması ilə əlaqədar olaraq vaxtından tez azad edilməsi ilə bağlı tələblər olub.
– 23 nəfər işlədikləri şrkət tərəfindən əməkhaqlarının ödənməsi və ya məzuniyyətlərinin təmin olunması tələbi ilə müraciət edib.
Ölkədə koronavirusla bağlı vəziyyət
Ermənistanda hər gün yoluxanların sayı yüzlərlə nəfər artır.
Ölkədə iyulun 6-a qədər 28 936 koronavirusa yoluxma halı qeydə alınıb. 16 302 pasiyent sağalıb, 491 nəfəri xilas etmək mümkün olmayıb.
İyulun 13-ə qədər Ermənistanda fövqəladə vəziyyət rejimi hökm sürür. Rejim martın 16-da elan olunub və artıq üç dəfə uzadılıb.
Üstəlik hökumət bir daha bir ay müddətinə fövqəladə vəziyyət rejimini uzaqmaq niyyətindədir. Bu haqda baş nazir məlumat verib.
Nikol Paşinyan bildirib ki, fövqəladə vəziyyət daima uzadıla bilməz, sadəcə indi hökumət epidemioloji vəziyyəti nəzərə almaq məcburiyyətindədir:
“Hazırkı temp [koronavirusun yayılması] göstərir ki, biz başqa cür davrana bilmərik”.
İyunda və iyulda yoluxanların sayı ilə bağlı statistika heç cür dəyişməyib. Komendantlıq mütəmadi olaraq maska taxmaq, sosial məsafə gözləmək və gigiyena qaydalarına əməl etmək çağırışı səsləndirir.
Bütün ölkə ərazidsində fövqəladə vəziyyət rejimi bütün ictimai və çoxsaylı tədbirlərin təxirə salınmasını nəzərdə tutur. Amma praktiki olaraq bütün biznes sahələri iş başına qayıdıb, ictimai nəqliyyatın, o cümlədən də metronun hərəkəti bərpa olunub.