Ermənistanda depopulyasiya: doğulmayan qızlar, həlak olan oğlanlar, pandemiya
Son illərdə Ermənistanda depopulyasiya tendensiyası müşahidə olunur. Bu o deməkdir ki, ölkədə ölənlərin sayı doğulanların sayını üstələyir.
Vilayətlərdə vəziyyətin daha dramatik olması ekspertləri təəccübləndirir. Əgər bütün dünyada müsbət demoqrafik tendensiyalar məhz kənd icmalarına aiddirsə, Ermənistanda məhz kəndlər “həlak olur”. Bu il depopulyasiya Geqarkunikdən başqa ölkənin bütün vilayətlərində müşahidə olunub.
Ermənistanda demoqrafik böhranın kritik nöqtəyə çatdığı haqda ekspertlər artıq 2019-cu ildə xəbərdarlıq edirdilər. Amma bundan sonra vəziyyət daha da ağırlaşdı – koronavirus pandemiyası və Qarabağ müharibəsinə görə.
Ermənistanda demoqrafik vəziyyətin analizi: böhranın öhdəsindən gəlmək üçün imkanlar varmı, artıq nələr edili və nələr edilməlidir?
- “Mənim kimilər buraları tərk etməsə, Ermənistanın regionları inkişaf edəcək”
- Ermənistanda demoqrafik böhranın səbəbləri və mümkün çıxış yolları
21-ci əsrin birinci uşağı
44 günlük Qarabağ müharibəsinin iştirakçısı David Uzunyan hərbi əməliyyatlarda iştirakına görə medalla və “Döyüş Xaçı” ordeni ilə təltif olunub. Onun futboldakı uğurlarına görə də mükafatları var. Amma Davidin valideynləri övladlarının həyatındakı ilk şəhadətnaməni xüsusi duyğuyla qoruyur və onun haqqında danışırlar.
“David 01.01.2001-ci il tarixində doğulub. Bu, onun Ermənistanda 21-ci əsrdə doğulan ilk uşaq olduğu haqda şəhadətnamədir. Həmin günü və həkimlərin bizə bunu deməsini xatırlayıram”, – atası Baqrat Uzunyan deyir.
David 2020-ci ilin payızında Qarabağ müharibəsində həlak olub. O, evə qayıda bilməyən 3 777 (26.08.2021-ci ilin rəsmi rəqəmi) hərbçidən biridir.
İlkin məlumatlara əsasən, həlak olanların təxminən üçdə biri 18 yaşdan 20 yaşa qədər gənclərdir. Demoqraflar qeyd edirlər ki, məhz onlar yaxın illərdə əsas nikah və doğum göstəricilərini təmin etməli idilər.
Siyasətçilərin vədləri və real rəqəmlər
2020-ci il sentyabrın 21-də Ermənistanın Müstəqillik Günü qeyd olunan zaman baş nazir Nikol Paşinyan ən iddialı bəyanatlarından birini səsləndirib – 2050-ci ilə qədər Ermənistan əhalisi beş milyon nəfərə çatacaq.
Daha əvvəl Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan da bu cür bəyanatla çıxış etmişdi. O, 2040-cı ilə qədər əhalinin sayının dörd milyon nəfərə çatdırılması hədəfi haqda bildirmişdi. Üstəlik o, bu hədəfi “ümummilli və mümkün” adlandırmışdı.
Bu arada BMT-nin proqnozlarına əsasən, Ermənistanda 2050-ci ilə qədər 2,7 milyon, 2100-cü ilə qədər isə 1,8 milyon insan yaşayacaq.
Üstəlik bu, iki il əvvəlki proqnozdur – koronavirus pandemiyası və Qarabağ müharibəsi nəzərə alınmayıb.
1992-ci ildən 2002-ci ilə qədər Ermənistanda əhalinin təbii artımı 60 faizazalıb Bu, keçmiş SSRİ ölkələri arasında ən böyük azalma idi. İkinci yerdə 57 faizlə Gürcüstandı.
Əgər 1992-ci ildə 70 min körpə doğulubsa, 2002-ci ildə yeni doğulanların sayı cəmi 32 065 olub. Statistika Komitəsinin məlumatlarına əsasən, 1992-ci ildə Ermənistanda 3 milyon 633 nəfər sakin vardı, 2019-cu ildə onların sayı 668 min nəfər azalıb.
Yalnız 2020-ci il oktyabrın 1-ə olan məlumata görə Ermənistanın daimi sakinlərinin sayı ilin əvvəli ilə müqayisədə təxminən 8200 nəfər artıb, amma bu göstəricinin arxasında sərhədlərin bağlanmasına səbəb olan koronavirus dayanır.
Doğulmayan qızlar və həlak olan oğlanlar
Son 20 ildə Ermənistanda ən aşağı doğum səviyyəsi 2001-2002-ci illərdə qeydə alınıb. Buna mühacirət templərinin yüksəlməsi və selektiv abortlar səbəb olub.
2000-ci illərin əvvəllərində Ermənistan selektiv abortara görə lider ölkələr sırasında olub, 200-2001-ci illərdə isə yeni doğulanlar arasında cinslər arasındakı say fərqi pik səviyyəyə çatıb.
Yeni doğulan hər 100 qıza 120-140 yeni doğulan oğlan düşür. Bu nisbət dünyada qeyd olunan ən yüksək göstəricilərdəndir.
Və məhz bu illərdə doğulan oğlanlar 44 günlük Qarabağ müharibəsinin qurbanı olub.
Yerevanda doğum səviyyəsinin yüksəlməsi
Ermənistanda paradoksal demoqrafik mənzərə yaranıb – Ermənistan Beynəlxalq Məsələlər və Təhlükəsizlik İnstitutunun eksperti, demoqraf Artak Markosyan deyir:
“2014-cü ildən sonra 2021-ci ilin birinci yarısının yekunlarına görə bizdə doğum sayının 1 413 nəfər artımı qeydə alınıb. Amma burada bir xüsusiyyət var, yüksəliş Yerevanda qeydə alınıb. Geqarkunik istisna olmaqla bütün vilayətlərdə depopulyasiya tendensiyası müşahidə olunub, yəni təbii artım göstəricisi mənfidir.
Armavir və Ararat vilayətlərində ötən il müşahidə olunan azalmanın davam etməsi narahatlıq doğurur. Bu təhlükəli vəziyyətdir, çünki əgər əvvəl biz sərhədyanı kəndlərdə və vilayətlərdə depopulyasiya haqda danışırdıqsa, indi bu tendensiya paytaxtla qonşu vilayətlərə də yayılıb. 2021-ci ilin yanvar-iyun göstəricilərinə görə əsasən Yerevan əhalinin təbii artımı göstəricisinin yeksəlməsinə təkan verib.
Bu, əhalinin Yerevanda cəmləşməsindən xəbər verir ki, bu da sevindirici deyil. Bundan başqa, bütün bu uşaqların müharibədən əvvəl planlaşdırılmış hamiləliklərdən doğulduğunu nəzərə almaq lazımdır, ikinci yarımildə mənzərənin necə olacağı haqda danışmaq hələlik tezdir”.
Ekspertin fikrincə, demoqrafik vəziyyətin pisləşməsinin əsas səbəbləri eyni qalır – mühacirət, doğum səviyyəsinin azalması, bunun da kökündə gələcəklə bağlı əminsizlik, nikah və reproduktiv yaşda olan vətəndaşların azlığı.
Tədqiqatlar göstərir ki, kəskin yaxşılaşmaya ümid edtmək üçün heç bir əsas yoxdur.
Müharibədən sonra insanları Ermənistanda təhlükəsilzik məsələsi fövqəladə dərəcədə narahat edir, insanların yalnız ölkədə qalmaq və ya getmək yox, həm də uşaq sahibi olmaq və ya olmamaq qərarı da bununla müəyyən olunur.
Demoqraf Artak Markosyanın sözlərinə görə, indi əsasən 1980-ci illərin sonlarında doğulmuş və hələğ reproduktiv yaşda olan insanların uşaqları doğulur və bu potensialdan yararlanmaq lazımdır. Bununla belə yeni doğulanların sayı üçüncü və dara sonrakı doğuşlar hesabına artır, birinci və ikinci doğuşlarla bağlı vəziyyət isə acınacaqlıdır:
“Demoqrafik planda ən ciddi problem ondadır ki, 1990-cı illərin ikinci yarısında və 2000-ci illərin əvvəllərində doğulanlar nikah yaşına daxil olur. Birinci uşaqların sayında 2010-cu ildən başlayan azalma davam edəcək. 2019-cu ilin məlumatına əsasən, yeni doğulan körpələrin ümumi sayının 37,9 faizini ilk övladlar təşkil edib, halbuki 2014-cü ildə bu göstərici 45,4 faiz təşkil edirdi.
Bu rəqəm, təəssüf ki, yenə azalacaq. Həmçinin nikaha girmə və ilk övladı dünyaya gətirmə yaşı da dəyişir. Hazırda orta analıq yaşı 27,6 yaşdır. BMT-nin proqnozlarına görə isə 2050-ci ilə doğru ilk doğuşların orta yaşı 30,5 yaş olacaq, bu da Ermənistanın demoqrafik vəziyyəti üçün ciddi problem olacaq”.
“Dövlət yanaşması – fəlakətin qarşısını almaq naminə”
Artak Markosyan müharibə və qurbanların sayının demoqrafik vəziyyətə təsirini proqnozlaşdırmağa tələsmir. Hesab edir ki, mənzərə iki-üç ildən sonra daha aydın olacaq. Amma indi artıq aydındır ki, demoqrafik fəlakətin qarşısını almaq üçün dəqiq dövlət strategiyasına ehtiyac var:
“Birincisi, anlamaq lazımdır ki, demoqrafik planda biz üçüncü və növbəti uşağı planlaşdıran insanlara ümid edirik, onların dəstəklənməsi üçün isə ciddi proqramlar lazımdır. Növbəti böyük hədəf Yerevandan kənarda doğum səviyyəsinin yüksəldilməsi üzrə proqramın həyata keçirilməsi və dövlət siyasətinin desentralizasiyasıdır. 2009-cu ilə qədər bu istiqamətdə dövlət proqramları olmayıb, baxmayaraq ki, məhz o zaman səmərəli iş ciddi dəyişıikliklərə gətirib çıxara bilərdi”.
Ekspertin sözlərinə görə, ötən ildən müəyyən tədbirlər görülməyə başlayıb:
- İlk uşağa görə ödənən müavinət altı dəfə,
- İkinci uşağa görə iki dəfə artırılıb,
- Kənd icmalarında doğum səviyyəsini yüksəltmək üçün işləyib-işləmədiklərindən asılı olmayaraq kəndlərdə yaşayan bütün analar iki yaşına qədər uşaqlara qulluğa görə müavinət alırlar.
“.Növbəti vacib addım ötən ildən başlayan “Uşaqlı ailələrin evlə təmin olunması” proqramlarıdır. Bu proqramlar ipoteka kreditlərində müəyyən güzəştlər nəzərdə tutur və kredit məbləği ailədəki uşaqların sayına görə müəyyən olunur. Amma bu proqramla bağlı da problemlər var – vilayətlərdə ev inşaatı ilə bağlı az proqramlar var.
Düşünürəm ki, uşaqların sayından asılı olaraq maliyyə dəstəyindən başqa uzunmüddətli sosial zəmanətlər də nəzərdə tutan “Çoxuşaqlı ailələr haqda” yeni qanun da ciddi təsir göstərəcək. Bu gün Ermənistan sakinlərinə uşaq dünyaya gətirmək üçün gələcəyi bəlli, uzunmüdətli zəmanətlər lazımdır – yalnız sosial xarakterli yox, həm də təhlükəsizlik üzrə”, – Artak Markosyan deyir.