Ermənistanda bir həftə ərzində iki hərbçinin intiharı
Ermənistanda son bir həftə ərzində iki əsgər intihar edib. Faktlarla əlaqədar açılan cinayət işlərinə əsasən, hərbçiləri bu addımı atmağa xidmət yoldaşları və zabitlər vadar edib. Cəmiyyət narahatdır – son zamanlar Ermənistan ordusunda belə hallar baş vermirdi.
• “Qarabağla bağlı kompromisdən birinci Azərbaycan danışmalıdır” – Ermənistanın baş naziri
Zabiti öldürməyə cəhd göstərib, sonra özünü öldürüb
Dağlıq Qarabağda xidmət çəkən 19 yaşlı Volodya Qaloyanın meyiti müşahidə məntəqəsinin 50 metrliyində tapılıb. İstintaqın versiyasına görə, əsgər əvvəlcə döyüş mövqeyinin starşinasını öldürmək istəyib, amma buna nail olmayıb.
Bundan dərhal sonra Qaloyan döyüş mövqeyini tərk edib. Bir neçə saatdan sonra onun meyiti çənə nahiyyəsində güllə yarası ilə tapılıb, ona təhkim edilmiş AK-47 avtomatı da yanında olub.
“Adam öldürməyə cəhd” və “intihar həddinə çatdırma” faktları üzrə cinayət işi açılıb. Döyüş mövqeyinin starşinası saxlanılıb, o “tabeliyində olan şəxsi döyməkdə” şübhəli bilinir.
Doğmaları intihar versiyasına inanmır
İkinci insidentin qurbanı 19 yaşlı Amik Vardanyan olub. Əsgərin meyiti alın nahiyyəsində güllə yarası ilə döyüş mövqeyinin yanında tapılıb. Faciənin hansı şəraitdə baş verdiyi haqda məlumat verilmir. Amma artq “intihar həddinə çatdırma” maddəsilə cinayət işi qaldırılıb.
Amik Vardanyan ailənin yeganə övladı olub. Volodya Qaloyan kimi o da hərbi xidmətə bu ilin yanvarında çağırılıb. Doğmaları onun intihar etdiyinə inanmır və bildirirlər ki, o, fiziki hazırlıqlı, təmkinli, özünü müdafiə etməyi bacaran biri olub və belə bir addım atmazdı. Onların sözlərinə görə, bu yaxınlarda Amik məzuniyyətə gəlib və yaxınları ilə hansısa qayğıları və problemləri haqda danışmayıb.
Hüquq müdafiəçiləri nə düşünür?
Amik Vardanyanın işi hüquq müdafiəçilərində də suallar doğurur. Onlar da intihar versiyasını şübhəli hesab edirlər. Hüquq müdafiəçisi Janna Aleksanyan uzun illərdir ki, hərbçilərin hüquqlarının müdafiəsi ilə məşğuldur və onun fikrincə, istintaqın versiyası inandırıcı deyil:
“Mən anlamıram, onlar iki saatın içində bunun intihar olduğu qənaətinə necə gəliblər, üstəlik alın nahiyyəsinə açılan atəş nəticəsində. Hərçənd mən təəccüblənmirəm, İstintaq Komitəsi hətta arxadan baş nahiyyəsinə – təpəyə açılan atəş nəticəsində qətli də intihar kimi qeydə alıb”.
Ekspert müşahidələri ilə bölüşür və bildirir ki, bir qayda olaraq, məhkəmə belə işlər üzrə prokurorluğun tərəfini tutur:
“Ən yaxşı halda bir neçə hərbçiyə qarşı ittiham irəli sürülür və onlar 2-3 il həbs cəzası alır, ya da azadlıqdan məhrum edilmir. Çox vaxt onlar hətta həbs də olunmurlar. Deyim ki, heç vaxt bircə nəfər də olsun zabit, bircə nəfər hissə komandiri məhkum edilməyib”.
Hərbi Prokurorluğun rəsmi statistikası
Ermənistanın Hərbi Prokurorluğu iyulun 25-də Silahlı Qüvvələrdə törədilən cinayətlərin sayının azaldığını göstərən rəsmi statistikanı açıqlayıb. Bu hesabatın açıqlanması görünür ki, Ermənistan mediası və cəmiyyətində başlanan səs-küylü müzakirələrlə bağlıdır.
Rəsmi statistikaya əsasən, 2019-cu ilin ilk altı ayı ərzində 425 cinayət törədilib. Bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 16,5 faiz azdır.
Qeyd etməyə dəyər ki, hərbi xarakterli cinayətlərin sayı 18,5 faiz azalıb. Hərbi prokurorluğun təqdim etdiyi məlumata görə, bu il 5 hərbçi qətlə yetirilib ki, onlardan da ikisi Azərbaycan tərəfindən atılan atəşlə öldürülüb.
Yenə ekspert rəyi
Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts JAMnews üçün Hərbi Prokurorluğun dərc etdiyi rəqəmləri şərh edib.
Hüquq müdafiəçisi hesab edir ki, orduda baş verən bir çox qüsurlu hallar qeydə alınmır, nəticədə rəsmi statistikada əhatə olunmur:
“Biz çox vaxt qeyri-xidməti münasibətlər zəminində sağlamlığa ziyan vurulması halları haqda xəbər tutmuruq. Ölümlə nəticələnən hallar haqda susmaq daha çətindir, amma bu da ola bilər. Hərçənd rəsmi statistika da göstərir ki, rəqibin əməlləri nəticəsində qurbanların sayı azalıb. Eyni zamanda əks tendensiya mühahidə olunur, dinc şəraitdə qurbanların sayı artır”.
Artur Sakunts ehtimal edir ki, ilkin versiyaya görə intihar etmiş hər iki hərbçinin ölüm şəraiti istintaq tərəfindən aydınlaşacaq. Amma cinayət işinin qaldırıldığı maddələr göstərir ki, həlak olan hərbçilərin xidmət göstərdiyi hərbi hissələrdə nizamnamədən kənar münasibətlər hökm sürüb.
O, həmçinin hesab edir ki, əsl günahkarlar çox vaxt məsuliyyətə ya ümumiyyətlə cəlb olunmur, ya da çox yumşaq cəzalarla canlarını qurtarırlar:
“Bu cür hallar göstərir ki, belə faciələrin qarşısını alacaq sistemli qərarlar yoxdur. Hərbçilər öz problemləri ilə baş-başa qalırlar. Onların özlərini müdafiə sistemləri yoxdur. Buna görə də belə hallar baş verir”.