Ermənistanda beynəlxalq magistral iki gün bağlı qalıb – etiraz aksiyasına görə
“Şimal-Cənub” magistralının inşaatına cəlb olunan iyirmiyə yaxın yol-tikinti şirkətinin əməkdaşları yolun Aştarak-Talin hissəsini bağlayıblar. Təxminən 800 nəfər 2018-ci ilin yayından sonra əməkhaqqı almayıb. Hökumətdən bildirilir ki, bu vəziyyətin yaranmasında podratçı şirkət günahkardır, onlar isə öz növbəsində günahı hökumətin boynuna qoyur.
Nə baş verir?
Yol tikintisində çalışanlar artıq ikinci dəfədir ki, yolu kəsərək, onlara olan borcu tələb edirlər. Birinci dəfə tras 2018-ci ilin dekabrında bağlanıb.
“Şimal-Cənub” investisiya proqramı çərçivəsində inşaat işlərinə görə İspaniyanın “Corsan Corviam Connstruccion” şirkəti cavabdehdir. əməkhaqqı üzrə borc 2 milyard dramdan çoxdur (4 milyon dollardan çox).
“Artıq 10 aydır ki, bizi top kimi çiləyirlər. Şirkətdən deyirlər ki, onlara hökumətin borcu var, hökumətdən deyirlər ki, onlar artıq pulu ödəyiblər. Avqustdan noyabra qədər gördüyümüz işə görə bizə pul ödənməyib”, – aksiya iştirakçısı Qurgen Ohanesyan bildirib.
İnşaatçılar etiraz aksiyasını təşkil ediblər ki, məsul şəxslər vəziyyətə reaksiya versin – istər hökumət olsun, istərsə də inşaat şirkəti.
Ermənistan hökumətinin mövqeyi
Ermənistan hökuməti bəyan edir ki, inşaat işlərini həyata keçirən özəl şirkət qarşısındakı bütün maliyyə öhdəliklərini yerinə yetirib və əməkhaqqılarının gecikməsinin onlarla heç bir əlaqəsi yoxdur.
“Biz hansısa məsələlərdə onlara kömək edə bilərik, amma “Corsan Corviam” əvəzindən onlara ödəniş edə bilmərik”, – baş nazirin müavini Tiqran Avinyan bildirib.
Etirazçılara hələlik söz veriblər ki, mayın 31-də onları hökumət evində qəbul edəcəklər. Onlar yolu açıblar, amma şərt qoyublar ki, əgər tələbləri yerinə yetirilməsə, etiraz aksiyasına davam edəcəklər. Aksiya iştirakçıları bildiriblər ki, onlara tam məbləğ lazımdır, gözləməkdən yorulublar.
“Şimal-Cənub” magistralının mahiyyəti nədir?
“Şimal-Cənub” avtomagistralı müstəqil Ermənistanın ən iri nəqliyyat layihəsidir. Bu yol ölkənin şimalını cənubi ilə birləşdirməlidir. Şimaldan magistral Ermənistanı Gürcüstanla birləşdirəcək, Qara dənizə və Avropa ölkələrinə çıxışı təmin edəcək. Cənubdan isə ölkəni İranla birləşdirir. Bu layihə sayəsində Ermənistan tranzit ölkəyə çevrilə bilər.
İnşaat işləri 2012-ci ildə başlayıb, amma indiyə qədər beş hissədən yalnız biri istismara verilib. Hakimiyyət inşaatın başa çatdırılması üçün maliyyə tapmalıdır və böyük ehtimalla bu, beynəlxalq kreditorların pulu olacaq.
Ermənistanın yeni hakimiyyəti bəyan edib ki, onlar yolun inşaatını davam etdirmək niyyətindədilər. Amma 2018-ci ilin dekabrından unşaat işləri dayandırılıb.
Ekspertlərin fikrincə, bu layihə çox xərc aparır. Onlar təklif edirlər ki, böyük iqtisadi səmərəsi olan başqa strateji proqramlara vəsait yatırılsın. Hətta ən qənaətli hesablamalara görə 490 kilometrlik magistral ümumilikdə 2 milyard dollardan baha başa gələcək.