Ermənistanda AAİİ-dən çıxmaq təklifi müzakirə olunur
“Yelk” blokunun nümayəndələri. Foto: Aniarc.am
Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmaq prosesinə başlamalıdır. Bu haqda “Yelk” (tərcümədə “çıxış” deməkdir) müxalif blokunun liderlərindən biri Edmon Marukyan bildirib.
Ermənistan 2015-ci ildə AAİİ-nin üzvü olub. Təşkilatın digər üzvləri Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstandır.
Onun bəyanatı fəal daxili siyasi müzakirələrə səbəb olub, çünki Ermənistanın Milli Məclisində təmsil olunan qüvvələr daha əvvəl bu məsələni qaldırmayıb. Ayrı-ayrı deputatlar Ermənistanın Avropaya istiqamətlənmiş gələcəyinin tərəfdarı kimi çıxış edib və Ermənistanın AAİİ-ə daxil olmasının əleyhinə səs verib, amma ilk dəfədir ki, məsələ hakimiyyət qarşısında parlament fraksiyası səviyyəsində qoyulub.
Bəzi siyasi xadimlər bununla bağlı aydın cavab tələb ediblər: Edmon Marukyanın bəyanatı “Yelk” blokunun rəsmi mövqeyidir, yoxsa deputatın şəxsi fikridir?
“Yelk” fraksiyasından olan deputat Mane Tandilyan təsdiqləyib: blok nəinki AAİİ-dən çıxış prosesinin başlanmasının tərəfdarı kimi çıxış edir, hətta bu mövqeyi öz seçkiqabağı kampaniyasına da daxil edib. Orada bildirilir ki, AAİİ-ə daxil olmaq siyasi səhv idi, Avropa İttifaqı ilə Assosiasiya və dərinləşdirilmiş, hərtərəfli azad ticarət zonasının yaradılması haqda Sazişin imzalanması prosesinə başlamaq lazımdır.
O vurğulayıb ki, Avrasiya İttifaqının tərkibində Ermənistanın suverenliyi təhlükə altındadır, həmkarı Edmon Marukyanın çağırışı isə Ermənistanın hazırkı hakimiyyətinə ünvanlanıb: “Ermənistanın maraqlarını qorumaq üçün bu yoldan dönmək və ölkənnin AAİİ-dən çıxış prosesini başlatmaq lazımdır”.
Tandilyan Ermənistanın AAİİ-dən çıxışını labüd edən bir sıra səbəb sadalayıb: Avrasiya İttifaqı Ermənistan iqtisadiyyatına xeyir gətirmədi;
Ermənistanın strateji tərəfdaşı olan Rusiya Azərbaycana həklə də silah satır;
Ermənistanın AAİİ-ə daxil olması ölkənin azad və müstəqil dövlət kimi qəbul olunması düşüncəsini məhv etdi.
Bununla bağlı olaraq, KİV Rusiyanın Ermənistanda rus dilinə rəsmi status verilməsi haqda az əvvəlki səs-küylü təklifini xatırladır. Bu təklif həm cəmiyyətdə, həm də siyasi çevrələrdə hədsiz mənfi reaksiya doğurmuşdu. Təklif Ermənistan vətəndaşlarının Rusiya ərazisində öz vətənlərində aldıqları sürücülük vəsiqələri ilə işləyə bilməsi səbəbilə irəli sürülmüşdü. Bu haqda JAMnews bu günlərdə daha ətraflı yazmışdı:
https://jam-news.net/?p=49885&lang=az-AZ
“Yelk” fraksiyasından olan deputat AAİİ-ni tərk etməyin vacibliyində israr edir: “Ermənistanın bu qərar üçün artıq arqumentləşdirilmiş əsası var. İqtisadi proqnozlar reallıq olmadı, investisiyalar, o cümlədən də transferlər kəskin azaldı. Rusiyada hələ də Ermənistan vətəndaşlarının maraqları tapdalanır…”
Hakim Respublikaçılar Partiyasının bu haqda fikrini Milli Məclisin vitse-spikeri Eduard Şarmazanov səsləndirib. Onun sözlərinə görə, Ermənistanın AAİİ-ə inteqrasiyası yalnızca siyasi qərar deyil, həm də konkret iqtisadi hesablara əsaslanır.
“Biz Avrasiya İttifaqına daxil olmaq haqda qərar qəbul edəndə dəqiq hesablamalar apardıq və bu hesablamalar Ermənistanın xeyrinə idi. Biz 170 milyonluq bazara yaxınlaşdıq. Bu, investorları cəlb etmək üçün yaxşı klubdur, çünki biri var investora 3 milyonluq bazarı təklif edəsən, biri də var 170 milyonluq”, – Şarmazanov bildirib.
MM vitse-spikeri AAİİ-də müəyyən problemlərin olduğunu etiraf edib, amma qeyd edib ki, bu problemlər Avropa İttifaqında da, NATO-da da var. Şarmazanov vurğulayıb ki, ölkənin AAİİ-ə daxil olmasını yalnız Respublikaçılar Partiyası dəstəkləməyib, bundan əvvəlki Milli Məclis də 103 səs “lehinə” və yalnız 7 səs “əleyhinə” olmaqla bu qərarı təsdiqləyib.
“Bu, yalnız parlament çoxluğunun deyil, həm də müxalif deputatların dəstklədiyi həmin nadir məsələlərdən biri idi. AAİİ-dən çıxmağı tələb edənlər kəndlərin və şəhərlərin sakinlərindən soruşublarmı bu, onlara nə qədər ziyan vuracaq?”, – iqtidar partiyasının nümayəndəsi bildirib. Bu partiya da Ermənistanın AAİİ-ə daxil olmasının lehinə səs verib.
Hazırkı Ermənistan Parlamentində dörd siyasi qüvvə təmsil olunub: onlardan biri iqtidarda olan Respublikaçılar Partiyası, digəri ERP-nın koalisiya tərəfdaşı EİF Daşnaksütündür. Sayına görə ikinci qüvvə daha əvvəl “Çiçəklənən Ermənistan” Partiyası kimi təqdim olunan “Sarukyan” blokudur ki, o da ölkənin AAİİ-ə üzv olmasını dəstəkləyib. Strukturda təmsil olunmanın əleyhinə çıxış edən faktiki yeganə qüvvə yeni parlamentin dördüncü siyasi qüvvəsi olan müxalif “Yelk” fraksiyasıdır.