Ermənistan varlanıb
2015-ci il qurtardı, iqtisadi proseslər nöqteyi-nəzərindən yekun vurmaq lazımdır. Bu il uğurlu oldumu? Bu sualın birmənalı cavabı yoxdur. Hər şey kimin cavab verməsindən asılıdır.
Ölkə rəhbərliyi cavab verəndə məlum olur ki, hər şey o qədər də pis deyil. Çox güman ki, 2015-ci ili 3.5 faizlik iqtisadi artımla başa vuracağıq. 2015-ci ilə olan dövlət büdcəsinə görə, bir qədər daha yüksək göstərici nəzərdə tutulmasına baxmayaraq, indiki vəziyyətdə 3.5% qəhrəmanlıqdır. Axı xarici dünyanın (ilk növbədə də Rusiyanın) mənfi təsiri bizdə də iqtisadi artıma ciddi maneə törədib. Misal üçün, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi və Rusiyaya qarşı tətbiq edilən sanksiyalar o yerə gətirib çıxardı ki, Rusiyada ilin axırına 4-4.5% iqtisadi azalma qeydə alınır.
Təbii ki, Ermənistan bu prosesin öz üzərində təsirini hiss edir. Misal üçün, Rusiyadan yanvardan oktyabra qədər olan dövr ərzində sıx-sıx pul köçürmələri ötən ilin müvafiq dövrü ilə müqayisədə 500 milyon dollardan çox azaldı.
Rusiya ilə xarici ticarət 14.8% azalaraq, 989.6 milyon dolar təşkil etdi. Bu zaman Rusiyaya ixrac tempinin aşağı düşməsi (30 milyon dollara yaxın) idxalın tempinin aşağı düşməsindən iki dəfə artıqdır.
Ümumilikdə, Ermənistan Respublikasının xarici ticarətinin həcmi 2015-ci il yanvar-oktyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 20%-dən çox aşağı düşərək, 3.9 milyard ABŞ dolları təşkil etdi. Bu zaman idxal 26.6% azalaraq, 2 milyard 677.5 milyon dollar təşkil etdi.
Xarici ticarətin mənfi balansı 2015-ci il yanvar-oktyabr aylarında 1 milyard 454 milyon ABŞ dolları təşkil etdi. İxracın azalması bir tərəfdən bizim xarici ticarət balansımızı yaxşılaşdırır, digər tərəfdən isə idxaldan büdcəyə gedən vergini azaldır. Bu Ermənistan əhalisinin alıcılıq qabiliyyətinin aşağı düşməsindən xəbər verir.
Amma rəsmi statistika bizə əksini sübut edir: alıcılıq qabiliyyyəti il ərzində artıb. Parlamentdə büdcə layihəsinin səsə qoyulması zamanı baş nazir Ovik Abraamyan xüsusi olaraq qeyd etdi ki, 2015-ci ilin sentyabr ayında orta nominal maaş təxminən 185 dram (380 dollara yaxın) təşkil etdi ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.2% faiz çoxdur, elə həmin dövrdə qiymətlərin qalxması 4.7% təşkil etdi.
Bununla demək istəyirlər ki, maaş qiymətdən daha sürətlə artıb, bu isə o deməkdir ki, Ermənistanda həyat ucuzlaşıb (əlbəttə ki, rəsmi statistikaya əsasən). Bundan başqa, 2015-ci ilin axırlarında 2014-cü ilin axırlarının məlumatları əsasında yoxsulluq göstəricisi açıqlandı. Məlum oldu ki, 2014-cü il ərində ölkəmizdəki yoxsulların sayı 32%-dən 30%-ə qədər azaldı.
Bu, sözsüz ki, sevindirir. Amma istənilən halda unutmaq olmaz ki, elə həmin məlumatlara görə, Ermənistanda 900 min adam yoxsul, 70 min adam isə böyük ehtiyac içində yaşayıb. Bu zaman çox kasıb adamların sayı 0.7 faiz və ya təxminən 20 min nəfər artıb.
Bütün bunlara əlavə edək ki, gəlir və istehlakın qütbləşməsi gücləndi. Bu isə o deməkdir ki, varlılar varlanmaqda, kasıblar isə kasıblamaqda davam edirlər.
Amma gəlin daha şən mövzulara toxunaq. Hər halda bizdə iqtisadi artım gözlənilir. Bəs o nəyin hesabına qeydə alınıb? İqtisadi blokdan olan məmurlarının bu sual xoşuna gəlmir, çünki iqtisadi artımı kənd təsərrüfatı təmin etdi.
Bu ilin yanvar-oktyabr ayları ərzində kənd təsərrüfatı sahəsinin məhsuldarlığı 11.6 % artdı. Artım öz-özlüyündə yaxşı şeydir. Amma gəlin necə iqtisadiyyat istədiyimizi xatırlayaq. Aqrar? Vaxtıylə bildirirdilər ki, iqtisadiyyatımız innovasiyalı, biliklərə əsaslanan olmalıdır. Demə, innovasiya metodları və dərin biliklərin istifadəsiylə pomidor yetişdirməyi nəzərdə tuturlarmış.
Ədalət xatirinə qeyd etmək lazımdır ki, iqtisadi artıma həm də dağ-mədən sənayəsi xidmət edib. Bütövlükdə, sənaye, o cümlədən də dağ-mədən sənayesi sahəsi yanvar-oktyabr aylarında 4.6% artım qeydə alıb. Burada qeyd etməyə dəyər ki, 2015-ci ildə metalın qiyməti düşdü: misal üçün, misin qiyməti təxminən 25% düşdü. Belə olan halda dağ-mədən sənayesindəki artım o deməkdir ki, bu il biz Ermənistanın yeraltı sərvətlərini daha intensiv istismar etmişik.
Statistik məlumatlara əsasən, il ərzində xarici sərmayələr də artdı. 2015-ci il yanvar-oktyabr aylarında Ermənistan iqtisadiyyatının real sektorunda xarici sərmayə axınının həcmi 141.5 milyard dram, yəni təxminən 300 milyon dollar təşkil etdi. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici təxminən 80 milyon dollar və ya 27.5 faiz artdı. Bundan başqa, birbaşa sərmayə axını 37 milyon dollar (və ya 16.7%) artaraq, 257 milyon dollar təşkil etdi. Sərmayə axını və artımı əsasən dağ-mədən sənayesi və qonşu sahələrə yatırımlarla bağlıdır.
Bu il həm də bir neçə iri iqtisadi sazişlərlə yadda qaldı. Bunlardan ən mühümü yəqin ki, Ermənistanın Elektrik Şəbəkəsinin Rusiyada yaşayan sahibkar Samvel Karapetyana məxsus “Taşir şirkətlər qrupuna satışı oldu. Bu haqda rəsmi məlumat sentyabrın 30-da verildi. Qəribə olanı odur ki, həmin vaxta qədər alıcı qismində rəsmi sənədlərdə offşor şirkəti olan “Liormand Holdinq Limitedin adı çəkilirdi.
Yeri gəlmişkən, sazişdən əvvəl ümumxalq etirazı və tarifin bahalaşmasına qarşı mübarizəyə baxmayaraq, elektrik enerjisinin bahalaşması baş verdi.
Bu ilin ən mühüm sazişlərindən biri də “Ucom tərəfindən “Orange Armenia mobil rabitə operatorunun alınması oldu. Şirkətlər danışıqlar haqqında rəsmi məlumatı iyulun 22-də verdilər. Ermənistan Respublikasının ictimai xidmətləri nizamlayan komissiyası özgəninkiləşdirmə haqda sazişə avqustun 20-də razılıq verdi. Fransanın “Orange şirkəti Ermənistanı tərk etdi, amma “Orange brendi hələ bir müddət qalacaq.
İlin axırında demək olar ki, eyni vaxtda bank sahəsində iki oxşar saziş bağlandı. Dekabrın 8-də rəsmi şəkildə bildirildi ki, “ARMEKONOMBANK özünə qazax kapitalı ilə işləyən “BTA Bank (Ermənistan)ı birləşdirir. Növbəti gün isə rəsmi olaraq yerli “İnekobankı alman kapitalı ilə işləyən “ProCredit bankı əldə edir.
Bütün bu sazişlərdə bir qanunauyğunluq var – xarici kapital Ermənistandan çıxaraq, öz biznesini erməni kapitalına və ya erməni əsilli kapitala verdi. Bu, yaxşıdır ya pis? Demək çətindir.