Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşü sona çatıb, ilk dəfədir ki, bu görüş iki gün davam edib. Yenilənib
30 yanvar 2020
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başa çatıb. Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan arasında Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar yanvarın 29-da başlayıb və həmin gün yeddi saat davam edib, yanvarın 30-da onlar daha dörd saat ərzində danışıqlar aparıblar. Cenevrə görüşünün yekununa dair məlum olan yeganə şey nazirlərin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə danışıqlar masası arxasında nə qədər zaman keçirdikləridir. Hələlik nazirlərin ən uzun danışıqlarının yekununa dair rəsmi açıqlama səslənməyib. Yalnız ehtimal etmək olar ki, həmsədrlər XİN rəhbərlərinin müzakirəsi üçün ciddi mövzu təklif edib və bu da ilk dəfə olaraq danışıqların iki gün sürməsinə səbəb olub.
29 yanvar 2020
Azərbaycan və Ermənistan xarici işlər nazirləri yanvarın 29-da Cenevrədə görüşüblər. Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan arasında Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə baş tutub.
Bakıdan informasiya
Azərbaycanda bu görüşün yekunlarına dair hələ heç bir rəsmi açıqlama səslənməyib. Xəbər saytlarının əksəriyyəti sadəcə görüşün baş tutması haqda məlumat verib, danışıqların nəticələrini isə heç cür şərh etməyiblər.
Konkret.az saytı politoloq Ceyhun Əhmədlinin şərhini dərc edib. Politoloq Cenevrə görüşündən bir neçə gün öndə Paşinyanın Qarabağa səfərini sərt şəkildə tənqid edib.
“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların Cenevrə raundu bir daha Paşinyanın mövqeyinin əsassız olduğunu göstərdi. O mənada ki, Ermənistan hakimiyyəti artıq saxta rejimin danışıqlarda tərəf kimi iştirakının mümkünsüzlüyünü dərk edir”, – konkret.az yazır.
Politoloq Fikrət Sadıxov görüşdən əvvəl Real.TV-ə deyib ki, bu görüşdən yaxşı heç nə gözləmir və bunu Ermənistanın açıqladığı ziddiyyətli bəyanatlarla izah edib.
“Bu fonda hansı müsbət nəticəələrdən söhbət gedə bilər? Mən hesab edirəm, biz bu istiqamətdə Minsk Qrupunun həmsədrləri ilə işləməliyik ki, onlar Ermənistana təsir göstərsinlər, sadəcə müşahidəçi rolunda qalmasınlar. Humanitar əlaqələr və jurnalistlərin qarşılıqlı səfərləri haqda söhbətlər heç nəyi həll etməyəcək”.
Onun fikrincə, dünyanın aparıcı qüvvələri problemin məhz tərəflər arasındakı danışıqlar əsasında həllini tələb etməklə yanılırlar, çünki Ermənistan sülhə qətiyyən hazır deyil.
Yerevandan informasiya
Ermənistan mediası Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Cenevrə görüşündən çox əvvəl bu danışıqlardan gözləntilər haqda yazırdı. Amma söhbət məhz ondan gedirdi ki, bu danışıqlardan xüsusi bir gözlənti ola bilməz. Ermənistanlı ekspertlərin ilkin dəyərləndirməsi bu istiqamətdə idi.
Məsələn, politoloq Aleksandr İskəndəryan hesab edir ki, Cenevrə görüşündən “hansısa kəskin irəliləyiş və dəyişiklik gözləmək lazım deyil”:
“Əlbəttə ki, bu, yalnız seçkilər kontekstində deyil (2020-ci ilin martında Dağlıq Qarabağda prezident və eyni ilin fevralında isə Azərbaycanda parlament seçkiləri baş tutacaq). Qarabağ münaqişəsi kəskin dəyişikliklər gözləyə biləcəyimiz mərhələdə deyil”.
Eyni zamanda ekspert bildirir ki, belə görüşlər təhlükəsizliyin və status-kvonun təmin edilməsi üçün lazım olan formatlardan biridir:
“Mən bu cür görüşlərə yaxşı yanaşıram, çünki dünya təcrübəsi göstərir ki, tərəflər arasında qarşılıqlı təsir kanalı mövcud olan münaqişələr belə kanalın ümumiyyətlə olmadığı münaqişələrə nisbətən daha yaxşı irəliləyir. Əlbəttə ki, bu cür görüşlər sayəsində münaqişənin həll olacağını gözləmək lazım deyil”.
Siyasi şərhçi Hakop Badalyanın fikrincə isə Ermənistan tərəfi üçün hazırda danışıqlar prosesində keçmiş hakimiyyətdən “miras” qalan əhvalı dəyişmək ən vacibidir.
“Mənim dəyərləndirməmə görə, danışıqların hazırkı atmosferində diktə edən və təşəbbüskar rolu Ermənistana keçir… Bakı əslində böyük ehtimalla dilemma qarşısındadır: ya müharibə başlatmaq, ya da pis vəziyyətə düşmədən ilkin şərtlərsiz necə sülh haqda danışacağını düşünmək. Çünki Azərbaycan üçün indi müharibə başlatmaq çox çətin və risklidir”.