“Ermənistan üçün nəticəsi - bir az hay-küy saldılar və geri döndülər”. BMT Təhlükəsizlik Şurası iclasının yekunlarına Bakıdan baxış
BMT Təhlükəsizlik Şurası iclasının nəticələri
Ermənistanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Qarabağ bölgəsi ətrafında vəziyyətə dair iclası nəticəsiz başa çatıb. Müzakirələrdən sonra heç bir sənəd qəbul edilməyib. “Ermənistanın BMT Təhlükəsizlik Şurasını öz məqsədləri üçün manipulyasiya etmək cəhdi növbəti dəfə uğursuzluğa düçar olub”, – deyə Azərbaycan Xarici İşlər Nazirliyi bildirib.
- “Azərbaycanın şəhər infrastrukturu əlillərə hesablanmayıb”
- Kaxovkadan sonra Gürcüstanın Qara dəniz sahili – dənizi, turizmi və iqtisadiyyatı hansı aqibət gözləyir
- Beynəlxalq təşkilatlar Azərbaycan hökumətini Qubad İbadoğlunu azad etməyə çağırıb
“Ermənistan üçün nəticəsi – bir az səs-küy saldılar və geri döndülər ”
Politoloq Fərhad Məmmədov BMT Təhlükəsizlik Şurasının iclasının nəticələrini dəyərləndirərək Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinin gələcəyi ilə bağlı fikirlərini bildirib:
“Qısaca desək,
• Ermənistan üçün nəticə – bir az səs-küy saldılar və geri döndülər!
• görüşün nəticəsi – dinlədilər, vəssalam… Həll yolları var, bütün variantlardan istifadə etməliyik.
• Rusiya ABŞ-ın mövqeyi ilə müqayisədə daha məzmunlu görünürdü.
• Birləşmiş Ştatlar bir daha “Dağlıq Qarabağ”ı Azərbaycanla heç bir ərazi bağlılığı olmadan xatırladıb, bu isə Vaşinqtonun mövqeyini ziddiyyətli edir. Belə məzmunla uzağa getmək olmaz. Prinsipcə, heç getmədilər də. Bu, Ukrayna ərazisinin bir hissəsini Novorossiya adlandırmaq kimi bir şeydir.
• Azərbaycanın daimi nümayəndəsi aksiyanın ayrıca bir hissəsidir: pauzalar, erməni tərəfinə baxışlar və BMT nümayəndəsinə verdiyi son fotoşəkillər – bu, valehedici idi. Məzmun baxımından, təbii ki, zərbələr dəqiq və əsaslı idi.
• Mirzoyan?! Mirzoyan nə olsun? Qeyri-adi heç nə, bir sıra emosional və manipulyativ çıxışlar toplusu. Bu, onların üslubudur, siyasi və hüquqidən daha çox publisistik.
Avqustun 17-si gəldi, sabah isə 18-dir…
Yeri gəlmişkən, hər şeyin necə cərəyan edəcəyi kontekstində gələcək günlərdən çox şey asılı olacaq, görüşün özü aysberqin görünən hissəsidir, danışıqların əsas, görünməz hissəsi pərdəarxasında gedir.
Bu görüşdən və səslənən fikirlərdən sonra Vaşinqton və Brüssel formatları böyük şübhə altına düşür və onların regiondakı rolu Vaşinqton və Brüsselin öz niyyətlərində nə qədər irəli gedə biləcəklərindən asılı olacaq”.
BMT Təhlükəsizlik Şurasında nə müzakirə edildi?
Ağdamdan Xankəndiyə gedən yol ilə yanaşı, humanitar yardım üçün Laçın yolu açılmalı, Ermənistanla Azərbaycan münasibətləri normallaşdırılmalıdır.
BMT Təhlükəsizlik Şurasının Laçın dəhlizindəki vəziyyətlə bağlı keçirilən iclasında ondan çox ölkənin və bir sıra beynəlxalq təşkilatların nümayəndələrinin çıxışlarının əsas tezisləri bunlardır. Müzakirələrdən sonra nəinki qətnamə, heç bir bəyanat belə qəbul olunmayıb.
Çıxış edənlərin əksəriyyəti humanitar yardım məsələlərini siyasiləşdirməməyə, dövlət sərhədinin delimitasiyası və demarkasiyasına, minaların təmizlənməsinə çağırıb ki, bu da gərginliyin azaldılmasına və münasibətlərin normallaşmasına töhfə verəcək.
Rusiya nümayəndəsi öz hökumətinin gərginliyin azaldılması, Ağdam və Laçın vasitəsilə paralel dəhlizlərin açılmasını nəzərdə tutan kompromis təklifinə işarə edib.
Türkiyə nümayəndəsinin sözlərinə görə, Azərbaycan çoxdan deyir ki, “Laçın dəhlizi Qarabağa silah və minaların daşınması üçün istifadə olunurdu. Azərbaycan öz ərazisində təhlükəsizlik tədbirləri görüb və Laçın yolu ilə tibbi evakuasiyaya icazə verməklə humanitar məsələlərə hörmətlə yanaşır”.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya sülhməramlılarını və Təhlükəsizlik Şurasını Laçın yolu ilə nəqliyyat və insanların hərəkətinin bərpa edilməsi üçün dərhal addımlar atmağa çağırıb.
Öz növbəsində Azərbaycanın BMT-dəki nümayəndəsi Yaşar Əliyev bu iddiaları rədd edərək, Ermənistanı ölkəsinin suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək cəhdində ittiham edib.
O, Ermənistanın Laçındakı sərhəd-keçid məntəqəsinin qanunsuz kimi tanınması ilə bağlı müraciətini rədd edən Beynəlxalq Məhkəmənin qərarını xatırladıb. Əliyev onu da xatırladıb ki, Laçın və Ağdam vasitəsilə Qarabağa nəqliyyatın eyni vaxtda açılması ilə bağlı son razılaşmanın qarşısını alan məhz Ermənistan tərəfi olub.
Azərbaycan XİN-in bəyanatı
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın tələbi ilə 2023-cü il avqustun 16-da BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələrlə bağlı bəyanat yayıb.
XİN-in məlumatında deyilir ki, “Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu. Ermənistanın sözügedən ali orqanı bu cür manipulyasiya və istismar etmək səyləri post-münaqişə dövründə normallaşma gündəliyinin irəli aparılması baxımından qeyri-məhsuldar olmaqla yanaşı, son dərəcə destruktivdir”.
“Azərbaycan Ermənistanın məsələlərin həll yolunun konstruktiv qarşılıqlı fəaliyyət, habelə beynəlxalq hüquq normalarının və bu çərçivədə götürülmüş öhdəliklərin vicdanla yerinə yetirilməsindən keçdiyini nəhayət ki, anlayacağına ümid edir. BMT Təhlükəsizlik Şurasının çoxsaylı üzvləri tərəfindən vurğulandığı kimi, regionda sülh və sabitliyin əsası həm sözdə, həm də əməldə suverenliyin və ərazi bütövlüyünün tanınmasıdır.
BMT Təhlükəsizlik Şurasının üzvü olan bir neçə dövlətin, eləcə də Türkiyənin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin ehtiyaclarını ödəmək üçün məhsulların çatdırılması ilə əlaqədar xüsusilə Ağdam-Xankəndi yolu olmaqla, Azərbaycan tərəfindən təklif olunan bütün marşrutların fəaliyyət göstərməsi ilə bağlı səmimi dialoq və vicdanlı qarşılıqlı fəaliyyətin zəruriliyi barədə verilən bəyanatları yüksək qiymətləndiririk.
Müzakirələr, Azərbaycanın “Ağdam-Xankəndi” yolundan istifadə təklifinin beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandığını və yüklərin Azərbaycanın Qarabağ bölgəsinə qanuni və şəffaf şəkildə çatdırılmasını təmin etmək üçün Ermənistanın yarattığı maneələrin qəti şəkildə aradan qaldırılmasının labüdlüyünü bir daha göstərdi.
Bundan başqa, bəzi üzv dövlətlər tərəfindən Azərbaycanın legitim təhlükəsizlik narahatlıqlarının etirafı regionda müəyyən çağırışların aradan qaldırılması istiqamətində perspektivli addımdır.
Azərbaycanın müzakirələrdə qeyd etdiyi kimi, ölkəmiz Ermənistana iki ölkənin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət əsasında sülh təklif edib. Digər tərəfdən, Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş, habelə Azərbaycanın tərəfdar çıxdığı insan hüquqları üzrə bütün müvafiq beynəlxalq mexanizmlərə uyğun olaraq, bütün hüquq və azadlıqlarını təmin etməklə bərabərhüquqlu vətəndaş kimi reinteqrasiya siyasətini aparır. Hər iki istiqamətə sadiq olduğumuz kimi, suverenliyimizi və ərazi bütövlüyümüzü BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit edilmiş bütün qanuni vasitələrlə qorumaqda da əzmliyik”, – sənəddə deyilir.
Bəyanatda həmçinin qeyd olunur ki, Azərbaycan normallaşma gündəliyinin irəli aparılmasında həqiqətən maraqlı olan və bununla da regionda çoxdan gözlənilən sülh və sabitliyə nail olmaq üçün öz töhfəsini vermək istəyən, habelə bu istiqamətdə müvəffəq olan bütün tərəflərlə konstruktiv qarşılıqlı fəaliyyətə sadiqdir.