Azərbaycan qaçqınlarına Ermənistanda ev sertifikatları verilir
Ermənistan hakimiyyəyi Azərbaycan qaçqınlarının ev problemini tam həll etmək qərarını açıqlayıb. Bu problem 30 ildən çoxdur ki, ölkə qarşısında durur, amma hələ də həllini tapmayıb. İlk qaçqınlar 1988-ci ildə, Ermənistan və Azərbaycan arasında Qarabağ məsələsi ilə bağlı münasibətlərində gərginlik yaranandan sonra gəliblər.
BMT-nin qaçqınlarla iş üzrə Ali Komissarının Yerevandakı ofisinin məlumatına əsasən, 1988-ci ildən 1992-ci ilə qədər Azərbaycandan Ermənistana 360 min nəfərə qədər erməni qaçıb. Onların böyük hissəsi daha sonra Rusiya və ABŞ-a köçüb. Ermənistanın Miqrasiya Xidmətindən bildirilib ki, 2019-cu ilin aprelinə olan məlumata əsasən, Ermənistanda təxminən 88 min nəfər qaçqın qalıb.
Onlar müxtəlif proqramlar üzrə mənzillə təmin olunublar. Məsələn, BMT-nin qaçqınlarla iş üzrə Ali Komisarının ofisi ilə birlikdə Ermənistan hökuməti 4300-ə yaxın ailəni evlə təmin edib. Bunun üçün paytaxt və ölkə regionlarında sosial evlər və koteclər tikilib, 150-dən çox keçmiş mehmanxana və yataqxana təmir edilib.
Qaçqınların evlə təmin olunması üzrə dövlət proqramı da qüvvədə olub. 2008-ci ildə maliyyə böhranı üzündən bu proqram dayandırılıb. İndi hökumət həmin proqramı bərpa edib.
Mənzil probleminin həllini gözləyənlərin siyahısında 2589 qaçqın ailəsi var, onlardan 1070-i paytaxtda, 1519-u ölkənin müxtəlif vilayətlərində yaşayırlar.
Mənzilə xüsusi ehtiyacı olanların siyahısında təxminən 1200 ailə var.
Bərpa olunmuş qaçqınların evlə təmin olunması üzrə dövlət proqramına əsasən, ilkin mərhələdə bu ilin sonuna qədər 112 ailə mənzil alacaq. Bunun üçün hakimiyyət təxminın 1,5 milyard dram (3 milyon dollar) vəsait ayırıb.
Birincinin ardınca qısa zamanda həyata keçiriləcək ikinci mərhələdə daha 185 ailə mənzillə təmin olunacaq və bunun üçün 2,17 milyard dram (4,5 milyon dollar) ayrılacaq.
Birotaqlı mənzilin əldə edilməsi üçün 12 milyon dram (təxminən 25 min dollar), ikiotaqlı mənzil üçün 14,6 milyon dram (30 min dollar), üçotaqlı mənzil üçün 17,3 milyon dram (35 min dollar) nəzərdə tutulub. Hesablamalar Yerevanın inzibati rayonlarından birində – Avanda 2019-cu ilin birinci yarısının orta kadastr qiymətinin əsasında aparılıb. Bura paytaxtın kənar hissəsidir və burada çox da baha olmayan mənzil tapmaq mümkündür.
Qaçqınlar sertifikat əldə etdikdən sonra bir il ərzində çatdırıb mənzil almalıdırlar.
Üç onilliyin gözləntisi – insan hekayələri
Yerevanda “Nairi” mehmanxanasının binası bir-birindən kəskin fərqlənən iki hissədən ibarətdir. Hissələrin birində 55 qaçqın ailəsi yaşayır. Həmin korpusda şərait o dərəcədə pisdir ki, mehmanxana sahibi bu vəziyyətin ümumilikdə mehmanxananın imicinə mənfi təsir göstərməsindən narahatdır.
Mehmanxananın Qarabağ münaqişəsinin ilk günlərindən sığınacaq verdiyi bütün qaçqınlar hökumətin planına görə sertifikat almalı və binanı tərk etməlidirlər.
Laura Ananyan nə vaxtsa öz evinin olacağına və artıq 32 ildir yaşadığı qeyri-insani şəraitdən nə vaxtsa canının qurtaracağına bütün ümidini itirib.
İki uşağı və anası ilə birlikdə o, 1988-ci ildə Kirovabaddan Ermənistana köçüb. Bir qədər qohumlarının evində qalandan sonra ailə “Nairi” mehmanxanasında 12 kvadratmetrlik otaqda məskunlaşıb.
Laura danışır ki, binada borular köhnədir, hamısı sızdırır, qaz çəkilməyib, sakinlər ya qaz balonlarından, ya da elektrik plitələrindən istifadə edirlər. Su isə gündə iki dəfə bir saat verilir. Vannaya su toplamaq lazım gəlir, buna görə də otaqlar nəmişlikdir.
62 yaşlı Lauraya ev almaq üçün dövlət 12 milyon dramlıq sertifikat verib. O hesab edir ki, bu məbləğ çox azdır və bu pula elə həmin Avanda ev almaq çətindir. Amma yenə də sevinir ki, nəhayət, onun da öz evi olacaq:
“Bircə yeməyi hamam və tualetlə birlikdə olan mətbəxdə bişirməyəcəyim məni sevindirir. Mən dərziyəm və bəzən sifarişlər qəbul edirəm, plitəni müştərilərin əşyaları olan otağa çıxarmaq mümkün deyil, çünki yemək qoxusu paltarlara hopur”.
Valentina Abramyanın ailəsi 1988-ci ildə Azərbaycandan qaçıb. Bakıda Valentina hərbi hissədə tibb bacısı işləyib.
İlk zamanlarda onlar əri və qızı ilə Yerevanda kirayə mənzil tutublar, sonra “Drujba” mehmanxanasının qəzalı binasına yerləşiblər. 2001-ci ildə onları mehmanxana binasından çıxarıb “Erebuni” aeroportunun yataqxanasında yerləşdiriblər, oradan isə bir müddət sonra keçmiş “texnikum” yataqxanasına köçüblər. İndiyə qədər Valentina burada yaşayır, amma o, indi artıq təkdir – əri vəfat edib, qızı isə artıq Rusiyada yaşayır. Onun sözlərinə görə yataqxana şəraitinə elə də alışa bilməyib:
“Vanna otağı bütün mərtəbə üçün ümumidir və orada ancaq yayda yuyunmaq mümkündür. Bəziləri ictimai hamama gedir, bəzən mən də gedirəm, amma nömrə min dramdır (2 dollar)”.
Tək ona birotaqlı ev üçün sertifikat təqdim olunub.
Rima Abramova ailəsi ilə birlikdə 1988-ci ildə artıq ermənilərə qarşı mitinqlər başladığı zaman Bakıdan qaçıblar.
Ermənistanda Abramovlar əvvəlcə Aqveranda rabitəçilərin pansionatında digər 30 qaçqın ailəsi ilə birlikdə məskunlaşıblar. Doqquz aydan sonra Yerevanda kirayə ev tutub köçüblər.
“Pansionatda bizə çox yaxşı münasibət göstərirdilər, ləzzətli yeməklər bişirirdilər, nə sevdiyimizi soruşurdular, amma zəngdən-zəngə yaşamaq – səhər yeməyi, nahar və ya şam yeməyinə zənglə getmək yorucu idi”.
Bir neçə aydan sonra onlar “Mxitar Qoş” Ermənistan-Rusiya Universitetinə məxsus yataqxanada boş otağa göçüblər.
Abramovlar ailəsinə ikiotaqlı mənzil almaları üçün sertifikat verilib.
Rima iki böyük oğlu və 91 yaşlı anası ilə birlikdə yaşayır. Buna görə də mənzildənsə həyət evi almağı üstün tutur.
Yerevanın kənarında gözaltı elədiyi ev 38 min dollaradır və bu evi ala bilməsi üçün əlavə 8 min dollar da ödəməlidir. Bununla belə, o, dövlət proqramının bərpa olunmasına sevinir:
“Soyuq gün idi. Biz hökumət binasının yanına gəldik, o binada bizim məsələmiz həll olunurdu. Mən qaçqınlarımıza təklif etdim ki, yaxınlıqdakı kafeyə girək, oradan onlayn rejimdə iclası izləyək. “Qəbul edilsin” haqda qərarı eşidəndə elə qışqırdıq ki, səsimiz bütün kafeyə yayıldı, hökumət binasının qarşısına qaçdıq – əl çalırdıq, sevinirdik. Orada dayanan polislər isə bizi qucaqlayıb təbrik etməyə başladılar. Biz onların gözlərini döyənək eləmişdik, qərar qəbul olunana qədər o qədər getmişdik ki ora”.
Bu insanlar mənzil alandan sonra gözləyənlərin siyahısında 2291 ailə qalacaq.