Ermənistan prezidenti istefaya gedir: “Bu, qətiyyən emosional qərar deyil”
Ermənistan prezidenti istefaya getmək niyyətini açıqlayıb. Məlumat tamamən gözlənilmədən bazar günü axşam saatlarında yayılıb. Armen Sarqsyan bunun qətiyyən emosional qərar olmadığını, hadisələrin inkişafının “müəyyən məntiqindən irəli gəldiyini” bildirir. O qeyd edir ki, ölkədə bir prezident və dövlətçilik qarantı kimi onun qarşısını ala bilmədiyi böhran müşahidə olunur, çünki konstitusiyaya əsasən bunun üçün real və yetərincə alətlərə sahib deyil.
2015-ci ildə Ermənistan konstitusiyasına edilən dəyişikliklərə əsasən, ölkə yarıprezident idarəetmə üsulundan parlament idarəetməsinə keçib. Bununla əlaqədar olaraq prezident vəzifəsi artıq daha çox təmsilçilik xarakteri alıb. Ölkənin əsl idarəetməsi baş nazirə keçib.
Armen Sarqsyan 2018-ci ilin martında yeddi il müddətinə Ermənistan prezidenti seçilib.
Konstitusiyaya əsasən, prezident istefa ərizəsini Milli Məclisə təqdim etməlidir. İstefa qanunvericiliklə müəyyən olunmuş qaydada dərc olunduğu andan qüvvəyə minir. Prezidentin istefası halında növbəti prezident vəzifə başına keçənə qədər bu səlahiyyətləri parlamentin spikeri icra edir. Növbədənkənar prezident seçkiləri 25 gündən tez, otuz beş gündən gec olmayaraq parlamentdə keçrilməlidir.
Armen Sarqsyanın çıxışının ən vacib tezisləri – o, niyə bu vəzifəyə gəlib, nəyə ümid edirdi və nəyə məyus olub, o cümlədən də prezidentin tələsik istefasının nə demək olduğu və nədən irəli gəldiyi haqda şərhlər.
- “Bir-birimizə baxırıq” – ermənilər və azərbaycanlılar müharibədən sonra Qarabağda
- Türkiyədə Ermənistanla sərhədin açılmasını gözləyirlər
- Ermənistana qarşı pressinq: Bakı nə istəyir, Rusiya nə gözləyir? Yerevandan şərh
“Tarixi imkan həvəsilə” vəzifəyə razılaşıb
Armen Sarqsyan bildirib ki, 1990-cı illərin əvvəllərində Ermənistan xalqı müstəqil dövlətyaratmaq, ermənilərin təhlükəsziliyini, inkişafını və çiçəklənməsini təmin edəcək ölkə qurmaq imkanı əldə edib. Və o, şəxsən hesab edir ki, müstəqil dövlətin dövlətin mövcudluğunun əsas mənası üzərinə məsuliyyət götürmək və daşamaq qüdrətidir, üstəlik həm qalibiyyətlərinə, həm də məğlubiyyətlərinə görə.
“Belə bir tarixi imkanla həvəslənərək mən bir çox həmvətənlim kimi özümü bu missiyaya həsr etdim. Müxtəlif səbəblərə görə, mənim müxtəlif mərhələlərdə iştirakım dəyişirdi [Ermənistanın baş naziri, Ermənistanın Belçikadakı, Lüksenburqdakı, Vatikandakı, Böyük Britaniyadakı səfiri olub], amma mən yekun milli uğurumuza inamımı itirmirdim. Bu da mənim Ermənistan prezidenti olmaq təklifinə razılaşmağımın əsas motivi idi”.
Öz bəyanatında Sarqsyan açıq şəkildə yazır ki, vəzifəni qəbul edərkən, o, “prezident institutunun xarici siyasətə, iqtisadiyyata,investisiya siyasətinə, diaspora ilə münasibətlərə təsir etmək üçün alətlərə, o cümlədən də beynəlxalq arenada milli maraqları tərənnüm etmək, yeni elmi-təhsil və yüksək texnologiya mühitinin formalaşdırmaq imkanına malik olacağını” güman edib.
“Parçalamanı dərinləşdirməmək üçün daha əvvəl istefaya getməmişəm”
Armen Sarqsyan öz istefası haqda faktiki olaraq bildirir ki, 2018-ci il “məxməri inqilabı” nəticəsində hazırkı baş nazir Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra bütün bunlara nail ola bilməyib.
“Belə sual yarana bilər ki, niyə o vaxt istefaya getmədim? Cavab aydındır, çünki respublika prezidenti kimi üzərimə məsuliyyət götürmüşdüm. Mən hədsiz mənfi nəticələr verə biləcək daxili parçalanmanın daha da dərinləşməsinin, mümkün qarşıdurmanın qarşısını almaq üçün gücüm çatan hər şeyi eləməyə borclu idim. Mən güclü, stabil dövlət üçün uzun illər işləməyim nəticəsində əldə etdiyim nüfuzumdan və əlaqələrimdən, beynəlxalq siyasi və iqtisadi potensialdan istifadə etməyə çalışırdım”.
“Alətlər olmadığı” üçün böhrana təsir edə bilmədim
Armen Sarqsyan hesab edir ki, ölkə siyasi böhran içindədir. Özü özünə sual edir, niyə “bizi milli böhrana gətirib çıxaran siyasi hadisələrə” təsir edə bilməyib? O cavab verir ki, “səbəb yenə də aydındır – konstitusiyanın vəzifəli şəxsə verdiyi müvafiq alətlərin olmaması”.
“Bizdə paradoksal vəziyyət yaranıb, prezident faktiki olaraq heç bir real alətə sahib olmadan dövlətçiliyin qarantı olur. Konstitusiya həmçinin bir dövlət institutunun digəri üzərində aliliyini nəzərdə tutur, diasporanın tanınmış mütəxəssislərinin tarixi Vətənlərində dövlət müəssisələrinin idarə olunmasında iştirakına mane olur və s. Biz formaca parlament respublikasıyıq, məzmunca yox”.
Sarqsyan artıq konstitusiya dəyişiklikləri üzrə komissiyanın yaradılmasına şaddır və ümid edir ki, növbəti prezident və ümumilikdə prezident institutu daha əlverişli şəraitdə işləyə biləcək.
“Prezident müharibə və ya sülh məsələlərinə təsir edə bilmədiyi” üçün məyusdur
Sarqsyan yazır ki, bu “unikal reallıqdır”, hansında ki
- prezident müharibə və ya sülh məsələlərinə təsir edə bilmir,
- dövlət və xalq üçün məqsədyönlü hesab etmədiyi qanunlara veto qoya bilmir,
- prezidentin imkanları dövlət üçün üstünlük kimi yox, müxtəlif siyasi qruplar tərəfindən təhlükə kimi qəbul edilir,
- prezident sistemli daxili və xarici siyasi məsələlərin həlli üçün potensialının böyük hissəsindən yararlana bilmir,
- sülh daimi turbulentlik zonasında qalır, prezidentin isə öz ölkəsinə kömək etmək üçün alətləri yoxdur,
- prezident, bəzən isə onun ailəsi də müxtəlif siyasi qrupların hədəfinə çevrilir.
“Dörd illik fəal işdən sonrakı” gediş
Sarqsyan yazır ki, vəzifədən getmək qərarı verməzdən əvvəl uzun müddət düşünüb:
“Bu qərar qətiyyən emosional deyil, müəyyən məntiqə əsaslanır. Ölkənin və xalqın hazırkı çətin dövründə prezidentin daxili və xarici siyasətdə gedən radikal proseslərə təsir etmək üçün lazımi alətləri yoxdur. Dövlətimiz üçün bu mürəkkəb zamanda, milli birliyə ehtiyac olduğu dövrdə prezident institutu dedi-qodu və sui-qəst nəzəriyyələrinin obyekti olmamalı, bununla da ictimaiyyətin diqqətini mühüm məsələlərdən ayırmamalıdır.
Bu gün heç vaxt olmadığı qədər şüurlu, yaxşı düşünülmüş addımlar atılmalıdır. Əks halda biz, bütün dünya erməniləri missiyamızın hdəfinə çatmayacağıq, tarixin bir köşəsində qalacağıq. Bizim artıq səhv etmək hüququmuz yoxdur!”
Şərhlər
Politoloq Robert Gevondyan Facebook səhifəsində yazıb:
“Prezidentin istefası böyük ehtimalla konstitusiya dəyişiklikləri ilə əlaqədardır. Çox güman ki, biz yarıprezident idarə üsuluna keçirik (hansı ki zənnimcə hazırkı mərhələdə Ermənistan üçün ən optimalıdır). Bu halda prezident istənilən halda istefaya getməli idi.
Təcrübəli siyasətçi kimi Armen Sarqsyan ola bilər ki, “ağlarla oynamaq” və özü, yaxud komandası üçün gələcək siyasi proseslərdə yer qazanmaq üçün baza yaratmaq qərarına gəlib.
İstənilən halda yeni siyasi vəziyyət yaranıb və maraqlıdır, bununla bağlı baş nazir sabah axşam suallar-cavablar [yanvarın 24-də Nikol Paşinyanın mətbuat konfransı gözlənilir] zamanı hansı izahı verəcək”.
Prezidentin istafası keyfiyyət baxımından ölkədəki vəziyyəti dəyişir – Ədalətli Ermənistan Partiyasının rəhbəri Norik Norikyan hesab edir:
“İstefa haqda bəyanatın məzmunu ölkədə mövcud olan problemlərin bizim müşahidə etdiklərimizdən daha dərin olduğunu vurğulamağa əsas verir. Bu addımın siyasi nəticələri olacaq və bunun təsirini çox tezliklə hiss edəcəyik”.