Ermənistan ordusunda intihar halları: statistika və məsuliyyəti kimin daşımalı olduğuna dair fikirlər
Ermənistan ordusunda intihar halları: statistika
Ermənistanda sülh dövründə hərbi qulluqçuların ölüm səbəbləri və buna görə kimin məsuliyyət daşımalı olduğu ilə bağlı müzakirələr davam edir. Müzakirələrə bir-birinin ardınca baş verən intihar halları səbəb olub. İlk hadisə iyulun 21-də baş verib. Daha sonra, avqustun 13-də Müdafiə Nazirliyi hərbi qulluqçu Qriqor Zakaryanın meyitinin güllə yarası ilə aşkar edildiyini bildirib. Hər iki halda İstintaq Komitəsi “ehtiyatsızlıqdan özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işinin başlandığını açıqlayıb.
Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin məlumatına görə, bu, 2026-cı ildə orduda qeydə alınan 31-ci ölüm hadisəsidir. Lakin Müdafiə Nazirliyi 11 hərbi qulluqçunun öldüyünü bildirir. Bundan əlavə, nazirliyin mətbuat katibi hərbi qulluqçuların ölüm halları ilə bağlı statistikanın müxtəlif manipulyasiyalara səbəb olduğunu deyib.
“Biz mətbuatda tez-tez il ərzində orduda 30 ölüm hadisəsinin baş verdiyi barədə məlumatlar görürük. Amma heç kim bu 30 hadisədən neçəsinin məhz orduda baş verdiyini, hansının xidmətlə bağlı olduğunu, hansının isə olmadığını demir. Hətta ölüm halları xidmətlə bağlı olubsa belə, bunların hamısı qətl və intihardırmı?” — Aram Torosyan məsələyə konkret yanaşmağı təklif edib.
Hərbçilərin ölümünə görə kimin məsuliyyət daşıması məsələsində dövlət qurumları ilə vətəndaş cəmiyyəti nümayəndələrinin mövqeləri də fərqlənir. Hüquq müdafiəçiləri hesab edirlər ki, məsuliyyəti müdafiə naziri və Silahlı Qüvvələrin Baş Qərargah rəisi daşımalıdır. Lakin Ermənistanın baş naziri bu mövqeyi bölüşmür.
“Mənim qiymətləndirməmə görə, Baş Qərargah rəisinin və müdafiə nazirinin bu problemin həlli üçün kifayət qədər səy göstərmədiyini demək olmaz”, — Nikol Paşinyan bildirib.
- “Əsas nailiyyət regionda sabitlikdir”: Vaşinqton Sülh Sammitinə bir il sonra verilən qiymət
- Ermənistanda Azərbaycanla sülh prosesi barədə nə düşünürlər: Yerevan küçələrində video-sorğu
- Ermənistanın yeni hökumətinin tərkibi təsdiqlənib, Paşinyan ixtisaslı kadrlara vəzifələr vəd edir
Vətəndaş cəmiyyətinin məlumatları rəsmi göstəricilərdən fərqlənir
Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisini təmsil edən hüquq müdafiəçisi Nazeli Movsesyan müsbət dəyişikliklər görmədiyini bildirib. Onun sözlərinə görə, qeyri-döyüş şəraitində hərbçilərin ölümü hallarının sayı azalmayıb:
“Vəziyyət hətta 2025-ci illə müqayisədə daha pisdir. Əgər 2025-ci il ərzində 35 ölüm hadisəsi qeydə alınmışdısa, indi səkkiz ay ərzində artıq 31 belə hal baş verib”.
O vurğulayıb ki, 2025-ci ildə 10 ölüm hadisəsi hərbi xidmətlə əlaqəli kimi təsnif edilmişdi, indi isə eyni sayda hadisə səkkiz ay ərzində qeydə alınıb.
Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirir ki, bu açıqlamalar rəsmi statistika ilə təsdiqlənmir.
“Bu il 11 ölüm hadisəsi qeydə alınıb. Ölənlərdən yalnız 5-i müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçudur. Xəstəlik və mina partlayışı nəticəsində ölüm halları da olub”, — o bildirib.
Torosyanın sözlərinə görə, 11 ölüm hadisəsindən 6-sı intihar və intihar həddinə çatdırma hallarıdır, lakin onlardan yalnız 3-ü hərbi xidmətlə əlaqəli olub.
Ötən ilin göstəricilərini şərh edən Torosyan bildirib ki, 2025-ci ildə bir dənə də qətl hadisəsi qeydə alınmayıb.
Orduda intiharların səbəbləri haqqında
Hərbi qulluqçu Qriqor Zakaryanın ölümü ilə bağlı hər hansı təfərrüat açıqlanmayıb. Lakin baş nazir bildirib ki, orduda intihar hallarının 85-90 faizinə aşağıdakı amillər səbəb olur:
- qumar asılılığı və bunun nəticəsində yaranan borclar,
- şəxsi və ailə problemləri,
- hərbi qulluqçuların növbə zamanı yuxuya getməsi və bunun digər hərbçilərlə münaqişələrə səbəb olması.
“[Sərhəd] postunda növbə çəkən hərbi qulluqçu yuxuya gedirsə, başqalarının həyatını təhlükəyə atır. Əsgərlər də postda yuxuya gedən şəxsə mənfi münasibət göstərməyə başlayırlar, o, təcrid olunur. Döyüş növbətçiliyindən qayıtdıqdan sonra isə psixoloji təzyiq də yaranır. Bütün günahı ordu rəhbərliyinin üzərinə qoymaq olmaz. Bu problemin həllini indiyədək tapa bilməməyimizdə mən də günahkaram”, — Paşinyan deyib.
Hüquq müdafiəçisi Nazeli Movsesyan hesab edir ki, baş nazirin sadaladığı ilk iki səbəbin ordu ilə əlaqəsi yoxdur. Eyni zamanda, onun fikrincə, üçüncü amili sistemli qərarlar qəbul etməklə aradan qaldırmaq mümkündür:
“Hərbi qulluqçu növbə zamanı niyə yuxuya gedir? İnsan resursları kifayət qədərdirmi ki, hər kəsin yetərincə istirahət etməyə vaxtı olsun və növbə zamanı yatmaq istəyi yaranmasın?”
Baş nazirin bəyanatları və vəzifədən azadetmələr
Əsgərin həlak olduğu gün Nikol Paşinyan jurnalistlərə bildirib ki, hökumətdə vəziyyət müzakirə olunub və vəzifədən azadetmələrlə bağlı qərar qəbul edilib. O, Hərbi Polisdə və Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Təminat İdarəsində kadr dəyişikliklərinin olacağını açıqlayıb:
“Bu istiqamətdə səylərimizin niyə istənilən nəticəni vermədiyini ətraflı təhlil edəcəyik və nəticə çıxaracağıq. Bəli, fərdi məsuliyyət olmalıdır”.
Həmin gün Hərbi Polisin rəisi Aşot Zakaryanın istefa ərizəsi yazdığı barədə məlumat yayılıb. Bu gün prezidentin sərəncamı ilə Zakaryan 6 il tutduğu vəzifədən azad edilib. Digər sərəncamla bu vəzifəyə general-mayor Aram Ohanesyan təyin olunub. O, 2023-2025-ci illərdə daxili işlər nazirinin müavini, polis rəisi vəzifəsində çalışıb.
Mənəvi-Psixoloji Təminat İdarəsində kadr dəyişiklikləri ilə bağlı hələlik konkret məlumat yoxdur.
Son günlər Müdafiə Nazirliyi Silahlı Qüvvələrdə psixoloji yardımın təşkili ilə bağlı məsləhətləşmələrin keçirildiyini bildirir. Orduda göstərilən psixoloji yardıma dair hesabatla tanış olmaq üçün müdafiə naziri Yerevan Dövlət Universitetinin Psixologiya Elmi-Tədqiqat Mərkəzinin professorları ilə görüşüb. Bundan əlavə, müddətli həqiqi hərbi xidmət keçən çavuşlar və postlarda növbə çəkən bölmələrin zabitləri ilə müzakirələr aparılır.
“Gündəlikdə orduda nizamnamədənkənar münasibətlərin qarşısının alınması və yolverilməz davranışların aradan qaldırılması ilə bağlı məsələlər var”, — nazirlikdən bildirilib.
Şərh
Hüquq müdafiəçisi Janna Aleksanyan hesab edir:
“Ordunun Suren Papikyanın rəhbərlik etdiyi ali komandanlığı ardıcıl ölüm halları ilə bağlı cəmiyyətə ətraflı izahat verməlidir.
Ali komandanlıqdan kimsə əsgərin ölüm şəraitini və hərbi hissədə vəziyyətin necə olduğunu öyrənmək üçün həmin hissəyə gedibmi? Buna çox şübhə edirəm.
Papikyan 15 hərbi qulluqçunun həlak olduğu vaxt Azat kəndindəki hərbi hissəyə belə getməmişdi.
2023-cü il yanvarın 19-da Azat kəndi ərazisində yerləşən mühəndis-istehkam bölüyünün binasında baş verən yanğın nəticəsində 15 hərbi qulluqçu həlak olub. Daha üç nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
O zaman da, indi olduğu kimi, Papikyanın əvəzinə Nikol Paşinyan danışırdı. O, günahkarların və məsul şəxslərin kim olduğunu açıqlamışdı. Amma Hərbi Polisin bu ölümlə hansı əlaqəsinin olduğunu deməmişdi.
Əgər Paşinyan ordudakı, hərbi hissədəki vəziyyət barədə daha yaxşı məlumatlıdırsa, Papikyan niyə nazir vəzifəsini tutur?”
Ermənistan ordusunda intihar halları: statistika