Ermənistanda xalq könüllü dəstələri yaradılır – “potensial rəqibi dəf etmək üçün”
Ermənistanda Müdafiə Nazirliyinin hazırladığı xalq könüllü dəstələrinin yaradılması haqda qanun layihəsi fəal şəkildə müzakirə olunur.
Qanun layihəsi e-draft.am saytında dərc edilib. Bu sayt iyulda Ermənistan və Azərbaycan sərhədində yaşanan hərbi eskalasiyadan sonra ictimaiyyətə hüquqi aktlarla tanış olmaq və onları müzakirə etmək imkanı verir.
Müdafiə nazirinin müavini Qabriel Balayan “könülllü dəstələrinin erməni modelinin” yaradılmasının nəyə gərək olduğunu jurnalistlərə izah edib:
“Ölkənin müdafiəsi ilə bağlı bizim imkanlarımız, təsəvvürümüz dəyişib, təcrübəmiz zənginləşib, regional vəziyyət dəyişib”.
Bu strukturun yaradılmasına Müdafiə Nazirliyini məhz nəyin məcbur etdiyi qanun layihəsinin əsaslandırılmasından daha aydın olur. Orada deyilir:
“Rəqibin potensial döyüş əməliyyatlarının tədqiqi göstərir ki, döyüş əməliyyatlarının ağırlıq mərkəzi diversiya, terror, kəşfiyyat və ya xüsusi əməliyyatların geniş istifadəsi sayəsində ölkənin dərinliyinə nüfuz edə bilər”.
Bununla əlaqədar olaraq könüllü dəstələrinin üzərinə “ərazini, əhalini, əsas obyektləri və infrastrukturu rəqibin mümkün əməliyyatlarından müdafiə etmək” missiyası qoyulacaq.
Könüllü dəstələrinə fiziki vəziyyətləri nəzərə alınaraq 70 yaşına qədər insanlar, o cümlədən də qadınlar cəlb oluna bilər. Onlar vaxtaşırı hərbi hazırlıq keçəcəklər, çağırışdan sonra isə hərbi qulluqçuların istifadə etdikləri sosial zəmanətlər və güzəştlərdən yararlana biləcəklər.
● Ermənistanda Kalaşnikov avtomatının istehsalına başlayıblar
Layihənin detalları
Müdafiə nazirinin müavini Qabriel Balayan bildirib ki, könüllü dəstələrinə 100 min nəfərə qədər vətəndaşın cəlb olunması nəzərdə tutulub:
“Bu, sırf erməni modelidir. Biz əlbəttə ki, digər ölkələrin təcrübəsini öyrənmişik, amma hesab edirik ki, bu gün bizim hazırladığımız layihə daha optimaldır və digərlərinə oxşamır. Könüllülər dəstəsinin yaradılmasının məqsədi ehtiyac yaranarsa, vətəndaşların vətənin müdafiəsində iştirakının səmərəliliyini yüksəltməkdir”.
Layihə avqustun 24-dən ölkə sakinlərinin mühakiməsinə təqdim olunub və artıq ekspertlər tənqidlərini səsləndiriblər. Onlar əsasən nəticədə küçələrdə silahlı insanların gəzəcəyi ehtimalı ilə bağlı narahatlıqlarını dilə gətiriblər. Nazir müavini buna belə cavab verib:
“Heç yanda yazılmayıb ki, biz insanlara silah paylayacağıq və onlar sonra bu silahlarla küçələrdə gəzəcəklər… Təbii ki, könüllülər dəstəsinə yazılan şəxslər müəyyən hazırlıq kursu keçəcəklər, silahla davranmağı öyrənəcəklər, amma yalnız konkret əməliyyata cəlb olunanda onlara silah veriləcək”.
Qabriel Balayan bildirib ki, Müdafiə Nazirliyi könüllülər dəstəsinə qadınları da cəlb etməyi planlaşdırır, “bu planda heç bir diskriminasiya nəzərdə tutulmayıb”. Amma ilk mərhələdə onlara ancaq “qeyri-döyüş tapşırıqları” veriləcək.
Könüllülər dəstəsinin missiyası
Könüllülər dəstəsi sərhədlərin qorunmasında, diversiya və ya kəşfiyyat qrupları ilə mübarizədə, xüsusi və ya mühüm obyektlərin müdafiəsində, mülki müdafiənin təşkilində istifadə oluna bilər.
Könüllülər dəstəsi qoşun briqadalarından və batalyonlarından ibarət olacaq. Ərazi əsasında toplanacaq və fəaliyyət göstərəcək, yəni ölkənin inzibati bölgüsünə müvafiq olaraq.
Batalyonların ümumi rəhbərliyi Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin üzərinə qoyulacaq. Dinc və müharibə dövründə onların komandirləri yerli özünüidarə orqanlarının rəhbərləri, Yerevanda isə vitse-mer olacaq.
Dəstəyə könüllü qatılanlarla müqavilə bağlanacaq. Könüllülərə silah təhkim ediləcək, onlara forma veriləcək, onlar müəyyən vəzifələrə təyin olunacaq və müvafiq hazırlıq keçəcəklər.
Ermənistanın müdafiə naziri David Tonoyan izah edib ki, “xalq könüllüləri dəstəsinin yaradılması yalnız genişmiqyaslı müharibə təhlükəsi ilə şərtlənməyib. Bu addım cəmiyyətin müxtəlif təhdid və təhlükələri cavablamağa hazırlığını təmin etmək üçündür”.