"Ermənistan-İran hərbi təlimləri təkcə Bakıya ünvanlanmış ismarıc deyil"
Ermənistan-İran hərbi təlimləri
Ermənistan və İran iki günlük birgə hərbi təlimlər keçirirlər. Ermənistan bildirib ki, iştirakçılar dövlət sərhədində nəzarət-buraxılış məntəqələrinə terrorçu qruplaşmalar tərəfindən edilən hücumların qarşısını almaq üzrə fəaliyyətləri məşq edəcəklər. Tehran isə bəyan edib ki, təlimlər sülh xarakteri daşıyır və əmin edib: “Hər iki ölkənin sərhəd bölgələrinə heç bir təhlükə yoxdur”.
Bu təlimlər Ermənistan cəmiyyətində böyük diqqət doğurub. Səbəb ondan ibarətdir ki, bu təlimlər Azərbaycanın məhz bu istiqamətdə hərbi eskalasiyaya başlayacağı gözləntiləri fonunda keçirilir.
Belə qənaətə gəlməyə səbəb isə Bakının Ermənistana qarşı davamlı şəkildə atəşkəs rejimini pozmaqda ittihamlar səsləndirməsidir. Bu ittihamlar dərhal təkzib olunur – təkcə Ermənistan Müdafiə Nazirliyi deyil, həm də sərhədə nəzarət edən Avropa müşahidə missiyası tərəfindən. Həmçinin, Bakının erməni mövqelərindən atəş açılması ilə bağlı verdiyi məlumatlar adətən Azərbaycanın özü tərəfindən hərbi əməliyyatların başlanmasına zəmin yaradır.
Avropa missiyası da mart ayından etibarən Ermənistan tərəfdə gecə nəzarətçilərinin sayının artırıldığını bildirib. Bu addımın məqsədi “təhlükəsizliyin artırılması və mümkün gərginliyin azaldılması” kimi izah edilib.
Siyasi şərhçi Akop Badalyan hesab edir ki, Ermənistan-İran hərbi təlimlərinin keçirilməsi mühüm siyasi ismarıc daşıyır. Bu ismarıc ondan ibarətdir ki, İran və Ermənistan “təhlükəsizlik risklərini birgə idarə edə bilərlər”. Onun fikrincə, bu ismarıcın ünvanı Azərbaycan olsa da, təkcə o deyil:
“Azərbaycan — bu regionda vəziyyəti qeyri-sabitləşdirmək istəyən maraqlı oyunçunun aləti və ya mexanizmidir. Maraqlı tərəflərin dairəsi isə daha genişdir. Buna görə də bu ismarıc təkcə Bakıya yox, daha geniş auditoriyaya ünvanlanır”.
- Rəy: “Bakı təhlükəsizliyi düşünsəydi, İrəvanla praktiki təminatlar barədə razılığa gələ bilərdi”
- Azərbaycanın geosiyasi strategiyası və regional inteqrasiya baxışı: ADA Forumundan əsas mesajlar
Təlimlər “Sülh” şüarı altında keçirilir
Ermənistan Müdafiə Nazirliyi bildirib ki, Ermənistan və İranın xüsusi təyinatlı bölmələrinin birgə hərbi təlimləri 9-10 aprel tarixlərində keçiriləcək. Qeyd olunub ki, hər iki ölkənin bölmələri yalnız öz ərazilərində fəaliyyət göstərəcək.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunları komandanının müavini Vəliulla Madani təlimlərin sərhədyanı Norduz bölgəsində keçiriləcəyini açıqlayıb.
Norduz, Ermənistanın Sünik vilayətinə aid Aqarak icması ilə həmsərhəddir. Sünik, Azərbaycanın tələbi ilə Ermənistan ərazisindən keçməli olan və Naxçıvanla quru bağlantı yaratmağı nəzərdə tutan “Zəngəzur dəhlizi” adlandırılan marşrutun keçdiyi hissədir. Ermənistan dəfələrlə regional kommunikasiya xətlərinin açılmasına hazır olduğunu bəyan etsə də, “dəhliz” təqdim olunması imkanını qəti şəkildə rədd edib. Bu termin Ermənistanın suveren ərazisinə nəzarəti itirməsi anlamına gəlir.
Madani əlavə edib ki, təlimlərin məqsədi sərhəd təhlükəsizliyini möhkəmləndirməkdir. Onun sözlərinə görə, iki ölkənin sərhədyanı bölgələri regionun “həssas vəziyyətini” nəzərə alaraq strateji əhəmiyyət daşıyır. O eyni zamanda əmin edib ki, hazırda İran və Ermənistanın sərhədyanı ərazilərinə hər hansı bir təhlükə yoxdur. Təlimlər isə “Sülh” şüarı altında keçirilir.
Şərh
Siyasi şərhçi Akop Badalyan bu təlimlərin bir çox baxımdan əhəmiyyətli olduğunu düşünür. Onun fikrincə, əsas məqam Azərbaycanla sərhəddə nisbi sabitliyin qorunmasıdır:
“İranın təhlükəsizlik risklərinin idarə olunması mozaikasındakı rolu unikal hesab oluna bilər. Çünki İranın maraqları spektri Ermənistanın maraqları ilə ən çox üst-üstə düşənidir. Üstəlik, yerli vəziyyətə nəzər salsaq, İran potensial əməkdaşlıq baxımından daha yaxın və daha əlçatandır”, – deyə o, JAMnews-a bildirib.
Badalyan hesab edir ki, bu təlimlərin keçirilməsi müdafiə sahəsində gələcək dərin əməkdaşlığın təməlini qoya bilər:
“Lakin hərbi-texniki yardım məsələsi ilə bağlı nəticə çıxarmağa tələsmək lazım deyil. Əməkdaşlığın koordinasiyalı şəkildə qurulması üçün mexanizmlərin hazırlanması silah tədarükündən asılı olmayaraq kifayət qədər vacibdir”.
Analitik onu da vurğulayıb ki, İran Ermənistan üçün silah tədarükü logistikası baxımından da mühüm tərəfdaşdır. O xatırladıb ki, Ermənistana Hindistandan alınmış silahların daşınması üçün başqa bir yol yoxdur.
Tehran dəfələrlə bəyan edib ki, Ermənistan-İran sərhədinin dəyişdirilməsi onun üçün “qırmızı xəttdir”. Analitikə “Əgər Azərbaycan “Zəngəzur dəhlizi”ni zor gücü ilə almağa cəhd etsə, İran müdaxilə edəcəkmi?” sualı verildikdə o belə cavab verib:
“Hər hansı bir ölkəyə — istər İran, istər Rusiya, istər ABŞ, istərsə də Fransa olsun — bel bağlamaq, xüsusilə də dünyada mövcud nizamın çökməyə başladığı bir vaxtda, sadəcə, səhv olardı. Hər hansı bir böyük dövlətin davranışına və mövqeyinə əmin olmaq isə xam xəyaldır”.
Bununla belə, analitik vurğulayıb ki, Ermənistan və İranın “Zəngəzur dəhlizi”nin qarşısının alınması məsələsində ortaq maraqları var:
“Ermənistan bu məsələdə İranın əsas tərəfdaşlarından birinə çevrilmək üçün Tehranla intensiv işləməlidir. Sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü məsələlərində sabitliyin və vəziyyətə nəzarətin təmin olunması üçün İranla birlikdə hərəkət etməlidir”.
Badalyan xatırladır ki, Rusiya Ermənistan ərazisindən keçən yolları nəzarətə götürmək istəyir. İran isə bu yolların nə Türkiyənin, nə Azərbaycanın, nə də Qərbin nəzarətində olmasının əleyhinədir. Eyni zamanda, o qeyd edir ki, ABŞ-ın strateji maraqları və prioritetləri dəyişir. Buna görə də, o hesab edir ki, hələlik nəticə çıxarmağa tələsmək olmaz. Vaşinqton və Moskva arasındakı danışıqların bitməsini gözləmək daha məqsədəuyğundur. Əsas məsələ — bu danışıqlarda Cənubi Qafqazdan keçən yolların gündəmə gəlib-gəlməyəcəyini anlamaqdır.
Akop Badalyan əmindir ki, “dəhliz” məsələsində Rusiya, ABŞ, Aİ, Türkiyə və İran arasında beynəlxalq konsensus əldə olunmalıdır:
“Bu məsələdə hansısa susqun razılıqdan söhbət belə gedə bilməz”, – deyə o qeyd edir.
Onun fikrincə, Dağlıq Qarabağdan ermənilərin köçü məsələsində belə bir konsensus mövcud idi. Bütün erməni əhalisinin öz doğma yurdunu tərk etməsinin səbəbi, onun fikrincə, böyük güclərin bu məsələni “aradan götürülməsi lazım olan maneə” kimi görmələri idi. Bu daş aradan qaldırılsa, yollar uğrunda mübarizəni daha aktiv davam etdirmək imkanı yaranacaqdı.
Siyasi şərhçiyə görə, regional kommunikasiyaların açılması məsələsi bütün maraqlı tərəflər üçün strateji əhəmiyyət daşıyır:
“Mən bu məsələ ilə bağlı beynəlxalq konsensusun əldə olunacağını təsəvvür etmirəm. Hesab edirəm ki, bu yollar uğrunda həm açıq, həm də pərdəarxası çox ciddi mübarizə gedəcək. Əsas risklər də məhz buradadır”.
Erməni-İran birgə hərbi təlimləri