Ermənistan hökuməti Qarabağ erməniləri üçün əlavə yardım proqramı başladacaq
Ermənistan hökumətinin Qarabağ ermənilərinə yardım proqramı
“2023-cü ilin oktyabrından bəri Ermənistan hökuməti dövlət büdcəsindən Qarabağdan məcburi köçkün düşmüş insanların sosial təminatı üçün 115 milyard dramdan çox (296 milyon ABŞ dollarından çox) vəsait ayırıb”, – bunu baş nazirin müavini Tiqran Xaçatryan bəyan edib.
2023-cü ilin sentyabrında Qarabağda baş verən hərbi əməliyyatlardan sonra 100 mindən çox insan öz evlərini tərk edərək Ermənistana köç edib. Onların mənzil və sosial problemlərinin həlli üçün çoxsaylı yardım proqramları həyata keçirilir.
O, İctimai Televiziyaya verdiyi müsahibədə bildirib ki, maliyyə dəstəyinin bir hissəsi beynəlxalq təşkilatlardan gəlib. Lakin sosial yardım proqramlarına ayrılan vəsaitin 85–90 faizdən çoxu dövlət büdcəsindən təmin olunub.
Baş nazir müavini bəzi proqramların dayandırılmasının səbəblərinə və bunun yaratdığı narazılıqlara da münasibət bildirib.
O, yeni bir dəstək proqramının başladılacağını da açıqlayıb. Tiqran Xaçatryan Qarabağdan köç etmiş şəxslərlə hökumətin dialoqu davam etdirdiyini və onları narahat edən məsələlərin həlli üçün yollar axtarıldığını deyib.
- Etnik təmizləmə nədir və Qarabağda kimlər tərəfindən həyata keçirilib? Bakıdan baxış
- “Qarabağdakı ermənilərlə bağlı beynəlxalq hesabat qərəzlidir və yanlışdır”. Bakıdan şərh
- Ermənilərin Qarabağa qayıdışı: bu nə dərəcədə realdır? Bakıdan şərhlər
“40+10” proqramı dəyişdirilməyəcək
Son günlərdə Qarabağ erməniləri tərəfindən bir neçə etiraz aksiyası keçirilib. Mart ayının sonunda Azadlıq Meydanında kütləvi mitinq olub, bir neçə aksiya hökumət binası qarşısında təşkil edilib. Etirazçılar “40+10” proqramının şərtlərinin dəyişdirilməməsini tələb edirdilər. Bu proqram çərçivəsində hər bir köçkünə ayda 40 min dram (103 dollar) kirayə haqqı, 10 min dram (25 dollar) isə kommunal xərclər üçün ödənilirdi.
Hökumət 2024-cü ilin noyabrında bu proqramın şərtlərini dəyişdirmək istəmişdi. Lakin etirazlar səbəbindən bu dəyişikliklər həyata keçirilməmişdi.
Artıq hökumət qərarını verib: 2025-ci ilin aprelindən etibarən bu yardımı yalnız həssas təbəqələr alacaq. Bunlara uşaqlar, pensiya yaşında olanlar, əlilliyi olan şəxslər və ailənin əsas təminatçısını itirmiş ailələr daxildir.
Bu qruplara daxil olanlara aşağıdakı məbləğdə yardım veriləcək:
• Aprel–iyun ayları arasında — 40 min dram (103 dollar),
• İyuldan ilin sonuna qədər — 30 min dram (77 dollar).
Tiqran Xaçatryanın sözlərinə görə, proqram ilkin məqsədindən uzaqlaşmışdı. Yardımın əsas məqsədi kirayə haqqının ödənilməsi idi, lakin bir çoxları proqramı daimi sosial yardım kimi qəbul etməyə başlamışdı. Bu isə uzunmüddətli mənzil təminatı proqramının həyata keçirilməsinə mane olurdu.
“İnsanlar bu proqramdan istifadə etməyi üstün tuturlar, lakin uzunmüddətli mənzil proqramına qoşulmurlar. Halbuki həmin proqram çərçivəsində biz ailələrə mülkiyyət hüququ vəd edirik. Ailə üzvü başına 3–4 və ya 5 milyon dram (7.730 – 12.880 dollar) yardım ayırırıq ki, insanlar daimi yaşayış yerini müəyyənləşdirə bilsinlər”, – deyə o izah edib.
Bu proqram üç istiqamətdə həyata keçirilir: mənzil və ya fərdi ev almaq üçün sertifikat verilməsi, şəxsi ev tikintisi üçün sertifikat, və ipoteka kreditlərinin ödənilməsinə dəstək. Yardım almaq üçün yeganə şərt Ermənistan vətəndaşı olmaqdır. Lakin bir çox Qarabağ ermənisi vətəndaşlıq almaqdan çəkinir, çünki Ermənistan vətəndaşlığı qəbul etdikləri təqdirdə, vətənə qayıtmaq və orada qalan əmlak hüquqlarını itirəcəklərindən ehtiyat edirlər.
Əlavə dəstək proqramı işə düşür
Yeni yardım proqramı da sosial cəhətdən müdafiəsiz ailələr üçün nəzərdə tutulub. Bu proqram “40+10” proqramının dəyişdirilmiş versiyası ilə paralel olaraq həyata keçiriləcək. Məqsəd yeni şərtlərə görə ev kirayəsini ödəyə bilməyəcək ailələrin sosial vəziyyətini yüngülləşdirməkdir.
“Artıq hökumət qərar verib ki, dəyişdirilmiş proqramla yanaşı, əlavə dəstək proqramı da həyata keçirilsin. Onun çərçivəsində ailənin gəliri hesablanacaq və əlavə dəstəyə ehtiyac olub-olmadığı müəyyən ediləcək”, – deyə baş nazir müavini bildirib.
Yeni proqramda ailənin adambaşına düşən gəliri 55 min dramdan (141 dollar) az olarsa, yardım göstəriləcək:
- 40 min dram — o cümlədən tək yaşayan şəxsə də,
- və əlavə olaraq 10 min dram — hər bir ailə üzvünə görə.
“Məsələn, dörd nəfərlik ailənin ümumi gəliri adambaşına 55 min dramdan azdırsa, o ailəyə əlavə olaraq 70 min dram yardım veriləcək”, – deyə Xaçatryan izah edib.
“Mənzil təminatı proqramının şərtləri sərfəlidir”
Baş nazir müavini hesab edir ki, uzunmüddətli mənzil proqramı çərçivəsində ayrılan vəsait ev almaq üçün kifayət deyil fikri doğru deyil.
“Biz ailənin harada ev alacağından asılı olaraq hər bir üzv üçün 3, 4 və ya 5 milyon dram ayırırıq”, – deyə o xatırladıb.
Xaçatryan vurğulayıb ki, əgər ailələr Sünik, Geğarkunik, Ararat və Vayotsdzor bölgələrinin sərhəd zonalarındakı kəndlərdə ev almaq və ya tikmək istəsələr, hər üzv üçün 5 milyon dram ayrılacaq. Bundan başqa, Vanadzor, Razdan və Armavir şəhərlərində yerləşmək istəyənlərə əvvəlki 3 milyon deyil, artıq 4 milyon dram yardım ediləcək.
Onun fikrincə, proqramın şərtləri sərfəlidir, lakin hələ də potensial faydalananlar fəallıq göstərmir.
Baş nazir müavini bildirib ki, artıq 900 ailə (3800 nəfər) bu proqram üzrə sertifikat alıb. Onlar həmin sertifikatla ev ala və ya tikə bilərlər:
“900 ailədən yalnız 100-ü bu hüquqdan istifadə edib. Qalan 800 ailə isə hələ də axtarışdadır. Və yaxşıdır ki, onlar diqqətlə araşdırırlar, özlərinə ən uyğun variantı seçmək istəyirlər”.
Hökumət əlavə vəsait toplamağı zəruri saymır
Martın 29-da Azadlıq Meydanında keçirilmiş mitinqi təşkil edən Qarabağ ermənilərinin hüquqlarının müdafiə şurası beynəlxalq dəstək tədbirlərinin keçirilməsini vəsait toplamaq üçün təklif edib. Tiqran Xaçatryan bu şura üzvləri ilə görüş keçirib.
Onun fikrincə, belə tədbirlərlə vəsait toplanmasına dair gözləntilər həddən artıq şişirdilib.
“Hökumət öz siyasətini bu cür gözləntilərə əsaslandırmır. Əgər hansısa problemin əlavə tədbirlərlə həll oluna biləcəyini görsək, əlbəttə, bunu edə bilərik, amma hazırda buna ehtiyac görmürük”, – deyə Xaçatryan bildirib.
Ermənistan hökumətinin Qarabağ ermənilərinə yardım proqramı