Ermənistan hakimiyyəti iqtisadi inqilabın başlandığını elan edib, ekspertlər isə eyforiyanı erkən hesab edir
Bu il Ermənistanda iqtisadi yüksəliş ən azı 7 faiz səviyyədə gözlənilir. Bu haqda Ermənistan hökumətinin başçısı Nikol Paşinyan bildirib. “Məxməri inqilab” lideri hesab edir ki, bu, daha əvvəl anons edilmiş inqilabın başladığından xəbər verir.
Baş nazir iqtisadi inqilab haqda 2018-ci ilin yazında, demək olar ki, hakimiyyət dəyişikliyindən dərhal sonra danışmağa başlayıb. O anlayırdı ki, insanlar ilk növbədə həyat səviyyəsinin yaxşılaşdırılmasına ümid edərək küçəyə çıxıb, inqilab ediblər.
Amma ekspertlər bu mənada o qədər də nikbin deyil. Onlar hesab edirlər ki, artıq gələn il indi müşahidə olunan böyük yüksəliş tempini təmin etmək mümkün olmayacaq. Bütün təfərrüatlar haqda aşağıda.
Konkret nə iqtisadi inqilaba dəlalət edir?
Hökumət üzvləri 2020-ci il dövlət büdcəsi layihəsini təqdim ediblər. Sənədə əsasən, gələn il Ermənistan büdcəəsinin gəlir hissəsi 1,602 trilyon dram (təxminən 3,360 milyard dollar) təşkil edəcək ki, bu da 2018-ci inqilab ilinin göstəricisini 27,4 faiz üstələyir. Bu, hökumətə bir sıra sahələrə ayrılan maliyyənin artırılmasına imkan verəcək.
“Xərclər əsasən insan potensialının inkişafına yönəldiləcək. Məsələn, səhiyyə sahəsinin maliyyələşdirilməsinə ayrılan vəsait 2018-ci illə müqayisədə 33 faiz, təhsil, elm, mədəniyyət və idmana 41 faiz, əmək və sosial məsələlərə isə 21 faiz artacaq.
2020-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişikliklər qüvvəyə minir. Təxmini hesablamalara görə, bu dəyiçikliklər nəticəsində təxminən 200 min nəfərin əməkhaqqı artırılacaq”, – baş nazir bildirib.
2020-ci ildə həmçinin pensiyaların da 10 faiz artacağı gözlənilir.
Paşinyan həmçinin emal sənayesinin iqtisadiyyatda payının artdığını göstərən məlumatları misal gətirib.
“2018-ci ilin yanvar-may aylarında emal sənayesinin payı 62,8 faiz təşkil edib, 2019-cu ilin eyni ayları üçün isə artıq 66 faiz olub. Dağ-mədən, xammal məhsullarının payı isə 27,6 faizdən 25 faizə qədər enib”.
Nazirlər Kabineti yaxın illərdə də ÜDM-nin artımını ehtimal edir. 2020-2022-ci illərdə hökumət qarşısına ÜDM-nin ildən-ilə 7, 8 və 9 faiz yüksəlişini məqsəd olaraq qoyub.
2020-ci ildə hərbi xərclər əhəmiyyətli dərəcədə artıb.
Gələn il artıq ənənəyə uyğun olaraq müdafiə sənayesi xərcləri əhəmiyyətli dərəcədə artacaq. Müdafiə xərcləri 2018-ci illə müqayisədə 25,3 faiz artacaq. 2019-cu ildə də müdafiə xərcləri əvvəlki illərlə müqayisədə dörddə bir dəfə artıb, 2018-ci ildə isə 2017-ci illə müqayisədə artım 17 fazi olub.
Daha əvvəl Ermənistan Müdafiə Nazirliyinin mətbuat konfransında Artsrun Hovannisyan bildirib ki, maliyyənin bir hissəsini yeni silah növlərinin alınmasına yönəltmək niyyətindədirlər:
“Bizim [əldə etmək üzrə müqavilə – JAMnews] 2019-cu ilin sonunda, 2020-ci ilin əvvəlində almalı olduğumuz həm hücum, həm də müdafiə silahlarımız var”
Ekspertlər nə deyir?
Ermənistan iqtisadiyyatında müsbət dəyişikliklər var, amma iqtisadi inqilab haqda danışmaq hələ tezdir – iqtisadçı Qrant Mikaelyan hesab edir:
“Ermənistan makro-iqtisadiyyat nöqteyi-nəzərindən yaxşı formadadır. Yüksəliş templəri yaxşıdır, iqtisadiyyat sağlamdır. Amma hələlik biz kəmiyyət artımından danışa bilərik, keyfiyyət dəyişikliklərindən yox. Keyfiyyət dəyişiklikləri haqda hələlik danışmaq tezdir”.
Mikaelyan hesab edir ki, növbəti illərdə ÜDM-nin hazırkı artım tempini təmin etmək çətin olacaq:
“Beynəlxalq maliyyə təşkilatları və Ermənistanın maliyyə-iqtisadi strukturları 4,5-5 faiz civarında iqtisadi artımı ehtimal edirlər. Hökumət isə praktiki olaraq iki dəfə artıq elan edir. amma bu sadəcə gözləntidir. Mən düşünürəm ki, növbəti il bu cür artım tempini təmin etmək çətin olacaq”.