Ermənistanda fövqəladə vəziyyət rejimi karantinlə əvəzlənəcək. Fərqi nədir və müxalifət niyə etiraz edir?
Ermənistan parlamenti daha fövqəladə vəziyyəti uzatmamağa imkan verən qanunvericilik paketi qəbul edib. Fövqəladə vəziyyət koronavirus epidemiyasına görə martın 16-da elan olunub və artıq 5 dəfə uzadılıb. Son müddət sentyabrın 11-də bitməlidir, buna görə də parlament təcili rejimdə hökumətin təşəbbüsünü müzakirə edirdi.
Dəyişikliklər ölkə ərazisində xəstəlik infeksiyaları yarandığı, onların yayılma təhlükəsi olduğu və ya hər hansı epidemiya partlaması ehtimalında karantin tətbiq etməyə imkan verir. Üstəlik karantini bütün ölkə ərazisində yox, konkret şəhər və ya kənd, hətta ayrı-ayrı təşkilatlarda elan etmək mümkündür. Fövqəladə vəziyyət rejimi bitəndən sonra komendantlıq fəaliyyətini dayandıracaq.
Uzun müddətdir fövqəladə vəziyyətin dayandırılmasına israr edən müxalifət bu rejimin karantinlə əvəz olunmasına da etiraz edib və “əleyhinə” səs verib.
Əsas arqument – “karantin” sözü xarici tərəfdaşları çaşdıra bilər və müvafiq olaraq onlar Ermənistan üçün sərhədlərini açmayyacaqlar.
Müxalifətçilər israr edirdilər ki, bu termindən imtina edilsin və bütün ölkə ərazisində sadəcə epidemiyaya qarşı ağlabatan məhdudiyyətlər saxlanılsın.
Bununla belə iqtidarda olan çoxluq əmindir ki, sözün əhəmiyyəti yoxdur, ən əsası ölkədəki epidemioloji vəziyyətdir. Artıq məlumdur ki, Rusiya və Gürcüstan yaxın zamanda Ermənistan sakinləri üçün sərhədlərini açmayacaqlar.
● Ermənistan məktəblərində şagirdləri və müəllimləri maska və alkogel ilə hökumət təmin edəcək
● Koronavirus şərabçılara və üzümçülərə qarşı
Fərqi nədir?
Karantinin fövqəladə vəziyyətdən əsas fərqi ondadır ki, Səhiyyə Nazirliyinin təklifi ilə karantin yalnız hökumət tərəfindən bütün ölkə ərazisində yox, həm də Yerevan meri və qubernatorlar tərəfindən konkret ərazilərdə də tətbiq edilə bilər.
Karantinin yalnız 6 ay müddətinə təyin olunması mümkündür. Amma artıq haradasa qubernator tərəfindən elan edilibsə, bir müddət sonra isə bütün ölkədə tətbiq olunursa, o zaman hökumətin qərarı ilə məhdudiyyətlərin müddəti burada 6 aydan bir ilə qədər uzadıla bilər.
Karantin fövqəladə vəziyyət kimi giriş və çıxışlar üçün xüsusi rejim, insanların və nəqliyyat vasitələrinin hərəkət azadlığının məhdudlaşdırılmasını nəzərdə tutur.
Lazım olduğu təqdirdə kütləvi və ictimai tədbirlərin keçirilməsinə və bu tədbirlərdə iştiraka, biznes strukturlarının, təhsil müəssisələrinin fəaliyyətinə məhdudiyyət gətirilə də bilər.
Əleyhinə arqumentlər
Təqdim olunmuş dəyişikliklər paketinə qarşı arqumentlərdən biri belədir: Ermənistanda fövqəladə vəziyyət rejimi qüvvədə olduğu zaman vətəndaşların hüquqlarına məhdudiyyətlər tətbiq edilsə də, parlamentin bunları ləğv etmək hüququ var.
“Karantin tətbiq edildiyi zaman parlamentin bu və ya digər məhdudiyyətləri ləğv etmək səlahiyyəti olmayacaq…, bu da mənim zənnimcə, ciddi problemdir”, – müxalif “Maariflənmiş Ermənistan” partiyasından olan deputat Arkadi Xaçatryan bildirib.
Müxalifət əsasən etiraz aksiyaları təşkil etmək hüququnun məhdudlaşdırılması ehtimalından narahatdır.
Ədliyyə nazirinin müavini Rafik Qriqoryan izah edib ki, bütün ölkə ərazisində karantin tətbiq olunduğu zaman mitinqlərə icazə veriləcək, amma maska taxmaq və sosial məsafəni gözləmək şərti ilə.
“Maariflənmiş Ermənistan” parlament fraksiyasının rəhbəri artıq bir neçə aydır ki, özü hökumətin fövqəladə vəziyyət rejimini uzatmasının əleyhinə çıxış edirdi. Edmon Marukyan hesab edir ki, bu hüquqi rejim ölkəyə “düzəlməz zərər” vurur, amma onun karantinlə əvəzlənməsi nəinki problemi həll etmir, hətta yeni problemlər yaradır.
Deputatı ilk növbədə ölkəyə giriş və ölkədən çıxış məsələsi narahat edir, çünki o hesab edir ki, heç olmasa beynəlxalq tərəfdaşlarda qorxu yarada biləcək “karantin” sözü dəyişdirilməlidir.
Müxalif “Çiçəklənən Ermənistan” partiyası da həmkarlarının narahatlığını bölüşür.
“Karantin sözü istifadə edildiyi zaman təbii ki, heç bir ölkə Ermənistanla hava sərhədini açmayacaq. İnsanlar ölkədən çıxa bilmirlər və bu da böyük problemdir. Parlament binası qarşısında Rusiyada yaşayan həmvətənlərimiz etiraz edirlər… Bu vətəndaşların işi ilə bağlı məsələni həll etmək lazımdır, əks halda onlar burada girov vəziyyətində qalacaqlar. “Çiçəklənən Ermənistan” partiyası üçün bu qanunvericilik təşəbbüsü qəbulolunmazdır”, – “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Naira Zoqrabyan deyib.
Sərhədlərin açılması haqda
Vitse-spiker Alen Simonyan parlament qarşısında toplaşıb, Rusiyaya getməklə bağlı problemlərinin həll olunmasını tələb edən etirazçılarla görüşüb.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı danışıqlar gedir, amma Rusiya çətin ki, bir aydan tez sərhədlərini açsın:
“Rusiya bildirir ki, onun problemi var – epidemiya. Əgər Ermənistan vətəndaşlarını qəbul etsə, o zaman digərlərinə necə etiraz edə biləcək? İndi danışıqlar aparırıq, çalışırıq uçuşları bərpa edək”.
Gürcüstan vasitəsilə quru yoluna gəlincə, vitse-spiker bildirib ki, bu sərhəd yalnız Gürcüstanda keçiriləcək parlament seçkilərindən sonra açıla bilər:
“Oktyabrın 31-də Gürcüstanda ümummilli seçkilər təyin olunub. Seçki baş tutmayınca, onlar sərhədi açmayacaqlar”.