Ermənistan: çörək daşıdığı üçün ölən adam
Ermənistanda əsəbi bir vəziyyət yaranıb – cəmiyyətin böyük hissəsi martın 16-da Artur Sarqsyanın ölümünə kəskin reaksiya göstərib. O, 2016-cı ilin iyulunda Yerevanda müxalifətçi qrupla polis arasında baş vermiş qarşıdurmadan sonra məşhurlaşıb.
2016-cı il iyulun 17-də bir dəstsə silahlı adam Yerevan ətrafında Ermənistan polis patrul-buraxılış xidməti alayının ərazisini ələ keçirərək, təxminən bir ay bundan əvvəl saxlanılmış müxalifətçi Jirayr Sefilyanın azad olunmasını və prezident Sarqsyanın istefa verməsini tələb edib.
Qarrşıdurma iki həftədən çox çəkib.
07/2016
“Sasna Srer” qruplaşmasının üzvü Varujan Avetisyan Facebook-da silahlı qiyamın başlamasını bəyan edib və xalqı səfərbər olmağa çağırıb. “İnqilab başlayıb, birləşin!”, – bu cür yazmaqla xalqı küçələrə çıxmağa və hakimiyyəti yıxmağa səsləyib.
JAMnews-un 2016-cı ilin iyun hadisələri barədə reportajı
İyulun 26-da hadisə yerində Artur Sarqsyan peyda olub. O, atəş altında öz maşını ilə polis mühasirəsini yararaq müxalifətçi qrupun yanına gəlib. Sonralar izah etdiyi kimi, yeganə məqsədi mühasirə ucbatından artıq bir neçə gün ac qalan müxalifətçilərə yemək gətirmək olub.
Bu hadisədən sonra “As berox” (“Çörək gətirən”) ləqəbi alan Artur Sarqsyan dillərdə dastan olub. Bununla belə, saxlanılıb və “bu bölmənin inzibati binasının və ona yaxın ərazilərin ələ keçirilməsi və saxlanılmasında” ittiham olunub.
Əvvəlcə o, ölkəni tərk etməmək haqqında iltizamla azad edilib. Lakin 2017-ci il fevralın 9-da Artur Sarqsyanı bu şərti pozmaqda günahlandırıblar və məhkəmə onun barəsində iki aylıq həbs qəti-imkan tədbiri seçib. O bu cəzaya etiraz əlaməti olaraq aclıq elan edib.
Aclıq 23 gün davam edib. Sonra martın 6-da onu parlamentin 26 üzvünün zaminliyi ilə azad ediblər ki, deputatlardan altısının hər biri beş yüz min dram (təxminən 1000 dollar) dəyərində girov ödəyib.
Martın 15-də Artur Sarqsyanın sağlamlığında ciddi problemlər yaranıb və o, xəstəxanaya yerləşdirilərək, elə həmin gecə təcili əməliyyat olunub. Lakin onu xilas etmək mümkün olmayıb və “As berox” martın 16-da vəfat edib. Ölümün rəsmi səbəbi ürək dayanmasıdır.
Fəallar Artur Sarqsyanın ölümündə hakimiyyəti günahlandırıb və indi onun həbsinə səbəb olan bütün strukturların rəhbərlərinin məsuliyyətə cəlb olunmasını tələb edir.
Onlar əsas günahkarlar kimi ədliyyə naziri Arpine Ovannisyan və səhiyyə naziri Levon Altunyanın adlarını çəkirlər və adı çəkilən məmurların istefaya getməsini tələb edirlər.
Fəallar həmçinin Artur Sarqsyanın “Yerablur” hərbi panteonunda dəfn olunmasını tələb edirlər, çünki o, 1991-94-cü illərdə Dağlıq Qarabağda gedən müharibənin veteranıdır.
Etiraz dalğasının xronologiyası
photolure.am
Fevralın 27-dən martın 6-dək (Artur Sarqsyanın azad olunduğu gün) bir qrup fəal Yerevanda Azadlıq meydanında onu müdafiə məqsədilə oturaq piket keçirib.
Martın 2-də “Əks-zərbə” art-qrupu parlament hasarının üzərində Artur Sarqsyanın azad olunması tələbini əks etdirən qraffiti çəkib. Hərçənd müvafiq orqanlar tezliklə qraffitini siliblər.
Martın 16-da Artur Sarqsyanın ölüm günü 100 nəfərə yaxın adam leysan yağışa baxmayaraq, Ermənistan paytaxtının küçələrində nümayiş keçirərək, şəhər əhalisini “As berox”un xatirəsinə həsr olunmuş aksiyaya qoşulamağa çağırıb.
Martın 17-də artıq Yerevandakı nümayişin iştirakçılarının sayı iki mini ötüb. Onlar müntəzəm olaraq oturaq nümayiş keçirmıklə hərəkəti dayandırıblar. Respublika meydanında Hökumət binasına çatan etiraz aksiyasının təşkilatçıları Artur Sarqyanın “Yerablur” hərbi panteonunda basdırılması tələbini Ermənistan Nazirlər Kabinetinə çatdırıblar. Baş nazirin məsləhətçisi Ayk Zoqrabyan onlara cavabın sabah veriləcəyini vəd edib.
Elə həmin gün 30-a yaxın fəal azadlıq meydanında oturaq piketə başlayıb. Onlar öz tələblərinə mərhələlərlə nail olmaq niyyətindədirlər.
Martın 18-də şənbə günü etirazçıların qarşısına eləcə də heç bir hökumət adamı çıxmayıb və hökumətin Artur Sarqsyanın basdırılması məsələsi ilə bağlı mövqeyini bildirməyib. Fəallar etiraz əlaməti olaraq Respublika meydanında hərəkəti kəsməyə cəhd ediblər, lakin polis qüvvə tətbiq edərək, onları hərəkət yolundan kənarlaşdıra bilib.
Onda fəallar Azadlıq meydanına qayıdaraq etiraza davam edəcəklərini və ölkə əhalisini itaətsizlik aksiyalarına cəlb edəcəklərini söyləyiblər.
Niyə məhz səhiyyə naziri və ədliyyə naziri günahkardır?
medialab.am
Çünki Artur Sarqsyan Bexterov xəstəliyindən əziyyət çəkirdi. Bu xəstəliksə Nazirlər Kabinetinin təsdiqlədiyi o siyahıya daxildir ki, həmin xəstəliklə həbs olunmaq qadağandır. Bununla belə, o həbs olunub.
Bundan başqa, Artur Sarqsyan əvvəllər onurğanın protezlənməsi üzrə əməlliyat keçirib. İlk həbs zamanı isə həkimlər həbsxanada onda mədə və qida borusunda eroziya, o cümlədən qida borusunda çat aşkar ediblər ki, nəticədə Artur Sarqsyanda daxili qanaxma və qan qusması müşahidə olunub.
2016-cı il dekabrın ortalarında Artur Sarqsyanın müdafiəsi İnsan Haqları üzrə Avropa Məhkəməsinə Ermənistan hökumətinə onun müalicəsi ilə bağlı zəruri tədbirlər görülməsi tələbini irəli sürməsi üçün ərizə göndərib. Bir neçə gün sonra Avropa Məhkəməsi hökumətdən məhbusun sağlamlığı ilə bağlı ətraflı məlumat tələb edib.
Artur Sarqsyanın ölümünə aclıq səbəb olubmu? Yaxınlarda məhkəmə-tibb ekspertizasının nəticələri elan ediləcək, amma yəqin ki aclıq yuxarıda adı çəkilən xəstəliklərdən əziyyət çəkən məhbusun ölümünü yaxınlaşdırıb.
Ermənistan hüquq müdafiəçiləri bu gün Artur Sarqsyanı “vicdan məhbusu” adlandırır.
Sosial şəbəkələrdə nə yazırlar
Ermənistan sosial şəbəkələrində dərc olunan yazılardan belə anlaşılır ki, cəmiyyətin böyük bir hissəsi baş verənləri şəxsi faciə kimi qəbul edir.
Birinci trend: Arturu rejim öldürüb
“Respublika partiyası Artur Sarqsyanın ölümü ilə bağlı başsağlığı verib. Nədir, siz ələ salırsınız? İnsanı öldürür, sonra başsağlığı verirsiniz? Artur 25 gün ərzində aclıq edəndə, respublikaçılar harda idilər? Arturun müdafiəsinə imza toplananda, respublikaçı deputatlar harda idilər? Heç olmasa indi təmkinli olun, həyasızlığınız sərhəd tanımır!”
“Siz (hakimiyyət) təkcə Arturu öldürməmisiniz – siz son damla səbri daşırmısınız. Biz bundan belə gözləyən deyilik, biz hazırlaşmağa başlayacağıq!”
İkinci trend: Arturu cəmiyyətin etinasızlığı öldürüb
“O, hökumətin ucbatından deyil, bizim qorxaqlığımız üzündən ölüb».
“Artur daha yoxdur! rejim onu öldürüb, bizsə buna imkan vermişik!”
Üçüncü trend: seçkiöncəsi
“Artur öz ölümü ilə siyasi sistem sayılan bataqlığa meydan oxuyub – bu, həm hakim partiyaya, həm də özünü müxalifət adlandıran qüvvələrə meydan oxumaqdır. O, qələbə çalıb, bundan belə siyasi riyakırlıqda iştirak edib-etməmək bizim seçimimizdir!”
“Arturun xatirəsinə hörmət edən hər kəs seçkiləri boykot eləməlidir, axı onun son proqramı məhz bu seçkiləri pozmaq idi”.
“Çörəyin qiymətini bilən hər bir namizədin seçkiöncəsi mübarizədə iştirakdan nümayişkaranə şəkildə imtina etməsi yaxşı olardı”.