Ermənistan baş nazirinin xanımı Azərbaycan qadınlarını onun sülh təşəbbüsünə qoşulmağa səsləyir
Ermənistan baş nazirinin xanımı Anna Hakopyan “Qadınlar sülh naminə” təşəbbüsü ilə çıxış edir və Azərbaycan qadınlarını bu təşəbbüsə qoşulmağa səsləyir.
• Anna Hakopyanın təşəbbüsü haqda təfərrüatlar – JAMnews-a eksklüziv müsahibəsində
• Xocalıda nə baş verib? – Tatul Hakopyanın “Qarabağ gündəliyi: yaşıl və qara” kitabından bir hissə
ABŞ Konqresi və “Karnegi” fondunda bəyanat
Ermənistan inqilabının liderinin və hazırkı baş nazirinin xanımı ABŞ-da səfərdədir. ABŞ konqresmenleri və “Karnegi” fondunun ekspertləri ilə görüşdə Anna Hakopyan özünün “Qadınlar sülh naminə” təşəbbüsü haqda da danışıb. O, kampaniyasının mahiyyətini izah edib:
“Bir qadın və ana kimi mən inanıram ki, dünyada ən dəyərli olan insan həyatıdır. Münaqişədə çox sayda cavan insanlar həlak olur. Bizim təşəbbüsümüzün məqsədi bu ölümlərin qarşısını almaqdır”.
Anna Hakopyan bildirib ki, bu məqsədin həyata keçirilməsi üçün Ermənistan və Azərbaycan qadınlarının birləşməsi lazımdır:
“Əgər qadınlar birləşib, desələr ki, bizim övladlarımızı öldürməyin, əgər desələr ki, öz gücünüzü danışıqlar masasında sınayın, o zaman onların səsləri eşidiləcək”.
Ermənistan baş nazirinin xanımı hesab edir ki, inqilabın “sədası” Ermənistan hüdudlarını aşaraq digər ölkələrə, o cümlədən də Azərbaycana gedib çıxıb.
ATƏT-in səlahiyyətli sədrinin bəyanatı
“Ermənistan baş nazirinin xanımının təşəbbüsünü ATƏT-in səlahiyyətli sədri də dəstəkləyib”, – “Amerikanın səsi” radiosunun Ermənistan xidməti xəbər verir. Stanislav Layçak bəyan edib ki, iki ölkənin qadınları Qarabağ münaqişəsinin nizamlanmasında mühüm rol oynaya bilər:
“Biz bütün qəlbimizlə sülhməramlı proseslərdə qadınların və gənclərin iştirakının önəminə inanırıq. Qadınlar münaqişənin nizamlanmasına yeni impuls verir, biz də onların sülhün yaradılmasına cəlb olunmasını dəstəkləyirik”.
Anna Hakopyanın təşəbbüsü haqda təfərrüatlar
Anna Hakopyan “Qadınlar sülh naminə” təşəbbüsü haqda 2018-ci ilin iyulunda ilk dəfə bəyan edib. O, öz ideyasını Rusiyanın tanınmış qadınları ilə görüşdə təqdim edib və onlara öz kampaniyasında iştirak etməyi təklif edib.
O zaman yazıçı Ludmila Ulitskaya, Dövlət Dumasının deputatı Svetlana Jurkova, Qadın Dialoqu Partiyasının lideri Yelena Semerikova, “Yetim Uşaqlara Dəstək Könüllüləri” xeyriyyə fondunun prezidenti Yelena Alşanskaya, ictimai xadim Anna Federmesser, tele-radio aparıcısı Kira Altman, kinodokumentalist Yekaterina Qordeyeva, prodüsser Elina Arzumanyan, “Arzuların xizəyi” fondunun rəhbəri Anna Şilova bu təşəbbüsə qoşulub.
JAMnews-a eksklüziv müsahibəsində Anna Hakopyan öz kampaniyası və bu prosesə müxtəlif ölkələrdən qadınların cəlb edilməsi haqda danışıb:
“Burada konkret mesaj var. Bunu heç sülhməramlı da adlandırmaq olmur. Mahiyyəti ondadır ki, Qarabağ münaqişəsi davam etdiyi müddətdə, hər iki tərəf üçün qəbulolunan nizamlama variantı tapılana qədər insan itkisinin qarşısı alınsın. Bu isə mürəkkəb məsələdir və biz hamımız anlayırıq ki, onun həlli uzun illər boyu sürə bilər. Əgər hərbi yolla məsələni həll etmək olsaydı, əgər sərhəddə hər il bir neçə gənci öldürməklə hər hansı nəticəyə nail olmaq mümkün olsaydı, biz artıq məqsədə çatmış olardıq”.
2018-ci ildə “Qadınlar sülh naminə” təşəbbüsünə qoşulan qadınlar Dağlıq Qarabağa səfər edib. Burada onlar artıq sülhə çağırışlarını səsləndiriblər. Onlar eyni çağırışla Azərbaycan sərhədində də çıxış etmək niyyətindədilər. Amma Qarabağa səfərdən sonra DQ-a Ermənistan tərəfdən səfər edən şəxslər kimi onların adı Azərbaycan XİN-in “qara siyahısına” düşüb. Artıq onların Azərbayacana gedişi qadağandır. Odur ki, onların artıq eyni sülh çağırışı ilə Azərbaycanda çıxış etmək imkanları olmayacaq.