Ermənistan-Azərbaycan sərhədində eskalasiya - ənənəvi olaraq danışıqlar ərəfəsində
Ermənistan-Azərbaycan sərhədində gərginlik
Azərbaycan Müdafiə Nazirliyi “Ermənistan tərəfinin təxribatı nəticəsində müddətli xidmət hərbi qulluqçusunun həlak olması” barədə məlumat yayıb. Ermənistan Müdafiə Nazirliyi isə mayın 11-də səhər saatlarından mövqelərinin artilleriya və minaatanlardan intensiv atəşə tutulduğunu və 4 yaralının olduğunu bildirib. Günortadan sonra gərginlik nisbətən sabitləşib.
Hər iki tərəf yalnız cavab tədbirləri gördüyünü iddia edir, əməliyyat şəraiti hərbi hissələrin nəzarəti altındadır. Hər iki ölkənin xarici işlər nazirlikləri tərəfindən bəyanatlar verilib. Ermənistanın baş naziri bildirib edib ki, Azərbaycanın məqsədi mayın 14-də Brüsseldə keçiriləcək görüş ərəfəsində danışıqlar prosesinə mane olmaq və danışıqların sonrakı gedişatını pozmaqdır. Eyni ittiham Azərbaycan tərəfindən Ermənistan hakimiyyətinin ünvanına səslənib.
Məqalənin dərc olunduğu ana qədər hər iki tərəfdə yayılan bütün məlumatları.
- “Vaşinqtonda əldə edilmiş razılıqlar Moskvada təsdiqlənəcək”. Bakıdan şərh
- 182 siyasi məhbusdan cəmi 8 nəfəri əfv edilib
- Xatirələrdə qalmış “fotolar”
Bakıdan informasiya
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, mayın 11-də səhər saatlarında “Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan ordusunun Zod istiqamətində yerləşən mövqelərini atıcı silahlardan intensiv atəşə tutub”:
“Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub”.
Məlumatda deyilir ki, Azərbaycan ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür: “Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Azərbaycan Xarici İşlər Nazirliyi faktla bağlı bəyanat yayıb:
“Ermənistan tərəfinə təxribatlarına son qoyulması və qəsdən vəziyyətin gərginləşdirməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Azərbaycan Ordusunun mövqelərini minaatanlardan atəşə tutub, təxribatlar nəticəsində bir nəfər hərbi qulluqçumuz həlak olub”.
XİN-in bəyanatına əsasən, “Ermənistanın təxribatlarının hər zaman olduğu kimi sülh sazişi üzrə danışıqların intensivləşdiyi, eləcə də liderlər arasında gözlənilən danışıqlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir”.
Azərbaycan Xarici İşlər Nazirliyi vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyəti növbəti dəfə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə qoyub.
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva da “Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı” ilə bağlı müraciət yayıb. Ombudsmanın bəyanatına görə, Azərbaycan ordusunun bir hərbçisi şəhid olub, daha ikisi isə ağır yaralanıb.
“Təəssüf hissi ilə qeyd edirik ki, Azərbaycanın sülh çağırışlarına məhəl qoymayan Ermənistan insan hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş hərbi təxribatlara hələ də davam etməkdədir.
Azərbaycanın davamlı olaraq təklif etdiyi sülh çağırışlarının əksinə olaraq Ermənistan məqsədli şəkildə regionda vəziyyəti gərginləşdirir, beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla yeni münaqişə ocaqlarının yaranması üçün təxribatlar törədir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, bir daha beynəlxalq təşkilatlara müraciət edərək, Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarına dərhal son qoyulması, regionda sülhün bərpası üzrə qəti tədbirlərin görülməsini tələb edirik”, – müraciətdə deyilir.
Yerevandan informasiya
Ermənistan Müdafiə Nazirliyi səhər tezdən 20-30 dəqiqəlik fasilələrlə vəziyyətin ağırlaşması barədə məlumat yayıb. Bildirilib ki, “saat 11:00-dan 13:00-dək Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən müəyyən fasilələrlə atəşkəs rejiminin pozulması davam etdirilib”. Yalnız saat 13:00-a qədər cəbhə xəttində vəziyyətin nisbətən stabilləşdiyi barədə bildirilib.
Səhiyyə Nazirliyi yaralı erməni hərbçiləri aparan təcili tibbi yardım maşınının Azərbaycan tərəfindən atəşə tutulması barədə məlumat yayıb.
“Səhiyyə Nazirliyi təcili tibbi yardım maşınına və öz peşə borcunu yerinə yetirən tibb işçilərinə qarşı daha bir məqsədyönlü atəş hadisəsini pisləyir. Bu cür təzahürlər bütün beynəlxalq humanitar qanunlara, hətta müharibə qanunlarına da ziddir”, – deyə nazirlik bildirib.
Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan hakimiyyətini “güc tətbiq etməklə danışıqlar prosesini pozmaq və bununla da Ermənistana təzyiq göstərmək üçün əsassız və biabırçı cəhdləri dayandırmağa” çağırıb.
Ermənistanlı diplomatlar eskalasiyanı beynəlxalq hüququn güc tətbiq etməmək və ya güclə hədələməklə bağlı fundamental prinsipinin növbəti dəfə pozulması olduğunu bəyan ediblər:
“Azərbaycanın vəziyyətin sabitliyini pozmağa yönəlmiş bu hərəkətləri həm də Vaşinqtonda keçirilən görüşə, eləcə də Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş Brüssel və Moskvada planlaşdırılan görüşlərə, Cənubi Qafqazda sabitlik və sülhün bərqərar olmasında maraqlı olan beynəlxalq tərəfdaşların səylərinə açıq-aşkar etinasızlıqdır”.
Ermənistanın baş naziri Nikol Paşinyan da vəziyyətlə bağlı öz qiymətləndirməsini təqdim edib. O, hökumətin iclasına sərhəddəki vəziyyətin xülasəsi ilə başlayıb.
“Azərbaycan tərəfinin hərəkətləri təxribat xarakterlidir və digər məsələlərlə yanaşı, mayın 1-4-də Vaşinqtonda keçirilən danışıqların gedişatını sıfırlamağa yönəlib.
Təxribat həm də bazar günü Brüsseldə [Avropa Şurası rəhbərinin vasitəçiliyi ilə] planlaşdırılan üçtərəfli danışıqları və iyunun 1-də Kişinyovda [Fransa və Almaniya prezidentlərinin iştirakı ilə] beştərəfli danışıqları pozmaq məqsədi daşıyır.
Təcrübə göstərir ki, Azərbaycana danışıqlar prosesi yalnız eskalasiya və müharibə üçün bəhanə olaraq lazımdır, eskalasiyadan isə danışıqlar zamanı əldə edilmiş hər hansı irəliləyişi sıfırlamaq üçün istifadə olunur”.
Paşinyan həmçinin bildirib ki, insidentə baxmayaraq bazar günü Brüsselə getmək qərarından daşınmayıb.
“Bazar günü Brüsseldə Azərbaycanla sülh müqaviləsinin imzalanması ehtimalının nə dərəcədə olması sualına əvvəlcədən cavab vermək istəyirəm. Təəssüf ki, bu, son dərəcə mümkün deyil, çünki sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair ikitərəfli saziş layihəsi hələ də çox çiydir və onun imzalanması haqda danışmaq hələ tezdir.
Digər tərəfdən, qarşımızda bu sənədi tez bir zamanda hazırlayıb yekunlaşdırmaq və imzalanmağa hazır vəziyyətə gətirmək vəzifəsi durur”.