Ermənistan Aİ-yə üzv olmaq istəyir, amma Rusiya ilə münasibətləri pozmaq niyyətində deyil: Paşinyanın mətbuat konfransı
Paşinyanın mətbuat konfransı
Ermənistanın Baş naziri Nikol Paşinyan təsdiqləyib ki, İrəvan Vaşinqtondan regional kommunikasiyaların açılması ilə bağlı təklif alıb. O bildirib ki, bu təklif qeyri-rəsmi şəkildə təqdim olunub, lakin “diplomatik işlərin böyük hissəsi məhz bu cür aparılır.”
Son vaxtlar mediada ABŞ şirkətinin Ermənistan ərazisindən keçərək Azərbaycanın eksklavı olan Naxçıvanla birləşdirəcək yolun idarəsini autsorsinq əsasında üzərinə götürə biləcəyi geniş şəkildə müzakirə olunur. Şirkətin konkret olaraq hansı funksiyaları yerinə yetirəcəyi açıqlanmayıb. 2022-ci ildə Yerevan özü Bakı şəhərinə sərhəd və gömrük funksiyalarının autsorsinq əsasında verilməsini təklif etmişdi. Azərbaycan bu təklifi rədd etmişdi.
Paşinyanın sözlərinə görə, Ermənistan yollarının autsors idarəsi ilə təkcə ABŞ yox, Avropa İttifaqı da maraqlanır. O əlavə edib ki, bu sahəyə Çin də investisiya marağı göstərir.
Amerika təklifinə qayıdaraq, Paşinyan qeyd edib ki, bu əməkdaşlıq erməni-amerikan birgə təşkilatı şəklində də həyata keçirilə bilər.
“Mən deyə bilərəmmi ki, artıq razılaşma var? Deyə bilmərəm. Amma belə bir razılıq ola bilərmi? Ola bilər,” – deyə Paşinyan bildirib.
Bununla belə, o vurğulayıb ki, Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri nəzərə alınmadan heç bir təklif müzakirə mövzusu ola bilməz. Məlum olduğu kimi, Azərbaycan tərəfi eksteryal bir yol olaraq “Zəngəzur dəhlizi” adlandırılan marşrutu tələb edir.
Baş nazir həmçinin “dəhliz” terminologiyasının yozumuna da toxunub. Qeyd edib ki, 2020-ci ilin noyabrında Qarabağ müharibəsinin dayandırılması barədə üçtərəfli bəyanat imzalanandan bəri bu termin Ermənistanda “allergik kontekst” doğurur. Lakin beynəlxalq tərəfdaşlar üçün bu termin məqbul hesab olunur və ərazi suverenliyinin itirilməsi mənasını daşımır. Paşinyan xəbərdarlıq edib ki, hansı termin istifadə olunmasından asılı olmayaraq, cəmiyyət əmin ola bilər: yolların açılması yalnız dövlətlərin suverenliyi və yurisdiksiyası, qarşılıqlılıq və bərabərlik prinsipləri çərçivəsində müzakirə olunur.
Brifinq zamanı Nikol Paşinyan Ermənistan vətəndaşlarını narahat edən digər məsələlərə də cavab verib. Xüsusilə, Azərbaycanla sülh sazişinin imzalanması, Ermənistanın Aİ-yə üzv olmaq ehtimalı, Ermənistan-Rusiya münasibətlərindəki problemlər, elektrik şəbəkələrinin milliləşdirilməsi prosesi və kilsə ilə münasibətlərin gərginləşməsi barədə danışıb.
- “Yerevanın yolların açılması ilə bağlı təklifləri Bakının narahatlığını aradan qaldırır” – Ermənistanda belə hesab edirlər
- Əbu-Dabi görüşü: Azərbaycan və Ermənistan Rusiyasız sülhə nə qədər yaxındır?
- Zəngəzur dəhlizi yenidən gündəmdə: ABŞ planı və Azərbaycan – Rusiya münasibətlərindəki gərginliyin mümkün səbəbləri
“Kommunikasiyaların açılması ilə bağlı çoxsaylı variantlar müzakirə olunur”
Nəqliyyat əlaqələrinin özəl təşkilata autsors əsasında verilməsinə toxunan Nikol Paşinyan bildirib ki, Azərbaycanla bu məsələ ilə bağlı bir neçə variant müzakirə olunur, lakin hələlik konkret razılıq yoxdur. O vurğulayıb ki, Ermənistanda autsors nümunələri mövcuddur və bunlar cəmiyyətdə narahatlıq doğurmur:
“Zvartnots hava limanının idarəçiliyi autsors edilib. Su təchizatı sisteminin idarəçiliyi autsors edilib. Ermənistan Dəmir Yollarının idarəçiliyi də autsors edilib. Amma həm dəmir yolu, həm hava limanı, həm də su sistemi Ermənistan Respublikasının mülkiyyətində qalır.”
Paşinyan bildirib ki, açılacaq yolun autsors idarəsi halında investisiyaları cəlb edə biləcək bir şirkət yaradılması mümkündür:
“Sülh Kəsişməsi” layihəsi (Ermənistan hökumətinin regional kommunikasiyaların açılması üzrə təqdim etdiyi təşəbbüs) böyük investisiya potensialına malikdir. Amma bu investisiyaların cəlb olunması üçün müəyyən mexanizmlər yaradılmalıdır.”
Onun sözlərinə görə, “Sülh Kəsişməsi” layihəsi təkcə avtomobil və dəmir yolu əlaqələrini deyil, həm də neft və qaz kəmərlərini, elektrik xətlərini, telekommunikasiya kabellərini nəzərdə tutur. Bütün bu infrastruktur əvvəlcə yaradılmalı, sonra isə idarə olunmalıdır.
Baş nazir həmçinin torpağın icarəyə verilməsi imkanlarının da müzakirə olunduğunu təsdiqləyib. Ermənistan qanunvericiliyinə əsasən, icarəyə verilmiş ərazilərdə tikinti aparmaq hüququ mövcuddur. Paşinyan vurğulayıb ki, investisiyalar boşa getməyəcək: tikilən yol, boru kəməri və digər obyektlər müqavilə müddəti bitdikdən sonra Ermənistanın mülkiyyətində qalacaq və ya onun mülkiyyətinə keçəcək.
Nikol Paşinyan bildirib ki, Yerevan yolların açılmasından sonra sərhəddən keçidlərlə bağlı prosedurların sadələşdirilməsinə də hazırdır. O, nümunə olaraq pasport yoxlamaları və yükdaşıyıcılar üçün tarif təkliflərinin verilməsini göstərib.
“Biz istəyirik ki, Ermənistan beynəlxalq, regional və qlobal mənada tranzit ölkəyə çevrilsin. Əlbəttə, bu sahədə beynəlxalq investorları inandırmaq üçün maksimum cəlbedici şərtlər təqdim etməyə çalışmalıyıq. Bu ölkənin təhlükəsiz və effektiv investisiya mühiti olduğunu göstərməliyik,” – deyə Paşinyan bildirib.
Azərbaycanla sülh sazişinin ilkin imzalanması imkanı müzakirə olunur
Baş nazir Paşinyan mətbuatda yayılan məlumatı təsdiqləyib ki, Əbu-Dabidə İlham Əliyevlə görüş zamanı sülh sazişinin ilkin imzalanması məsələsi də müzakirə olunub.
“Müəyyən şərtlər daxilində ilkin imzalanma qəbulolunan ola bilər, müəyyən şərtlərdə real ola bilər, müəyyən şərtlərdə o qədər də real olmaya bilər,” – deyə o, təfərrüatlara varmadan bildirib.
O əmin edib ki, Ermənistan sülh sazişini imzalamaq fürsətini əldən verməyəcək, lakin dövlət maraqlarını da unutmayacaq:
“Digər tərəfdən, başa düşmək lazımdır ki, dünya dinamikdir. Çevik yanaşmaq, diqqətli olmaq lazımdır ki, baxıb mövcud imkanları görməyəcəyimiz bir vəziyyət yaranmasın.”
“Bəli, Ermənistan Avropa İttifaqına üzv olmaq istəyir”
Baş nazir son Brüssel səfəri barədə də danışıb. Onun sözlərinə görə, Aİ-də keçirilən görüşlər zamanı ondan soruşublar ki, Ermənistan parlamentinin qəbul etdiyi qanun ölkənin Avropa İttifaqına üzv olmaq istədiyini göstərirmi.
“Mənim cavabım belə olub: bəli, Ermənistan Avropa İttifaqına üzv olmaq istəyir.”
Eyni zamanda o bildirib ki, həm özü, həm də avropalı tərəfdaşları qeyd ediblər: bu, asan proses deyil. Bunun üçün Aİ-yə üzv olan bütün dövlətlərin razılığı və Ermənistanın ittifaqın müəyyən etdiyi meyarlara uyğunluğu tələb olunur.
Paşinyan onu da vurğulayıb ki, Ermənistan Aİ-yə üzv olub-olmamasından asılı olmayaraq, ölkə islahatlar üzrə iddialı proqramını davam etdirəcək:
“Burada artıq iki variant var: ya Ermənistanı Avropa İttifaqına üzv qəbul edirlər, ya da yox. Əgər qəbul edirlərsə, çox yaxşı. Əgər hansısa səbəbdən qəbul etmirlərsə, Ermənistan onsuz da Avropa standartlarına uyğun bir ölkəyə çevrilir.”
Sonra başqa bir suala cavab olaraq Paşinyan bildirib ki, hər bir halda, 20 ildən sonra Ermənistan Avropa İttifaqının üzvü olacaq.
Rusiya ilə münasibətlər və KTMT-dən çıxmaq məsələsi
Paşinyana sual verilib ki, Ermənistan KTMT-də “dondurulmuş üzvlüyü”nü nə qədər davam etdirəcək.
“KTMT-də üzvlüyümüzü bərpa etməkdənsə, bu təşkilatdan çıxma ehtimalımız daha yüksəkdir”, – deyə o bildirib.
Rusiya rəhbərliyi altında fəaliyyət göstərən KTMT hərbi bloku Ermənistan hakimiyyətinin yardım çağırışına cavab verməyib, Azərbaycan Silahlı Qüvvələri ölkənin ərazisinə doğru irəlilədikdə dəstək göstərməyib. Bloka üzv ölkələr bunu sərhədlərin hələ delimitasiya olunmaması ilə əsaslandırıblar. Ermənistanda bu, KTMT-nin Ermənistanın suveren ərazisini və öz məsuliyyət zonasını tanımaqdan imtina kimi qəbul olunub.
“Faktiki olaraq Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı iştirakı dondurulmuş vəziyyətdədir. Mənim qiymətləndirməmə görə, KTMT Ermənistan qarşısında təhlükəsizliyin təmin olunması ilə bağlı öhdəliklərini yerinə yetirməyib. Xüsusilə 2021 və 2022-ci illərdə. Bu isə nəticəsiz qala bilməzdi”, – deyə Paşinyan bildirib.
Baş nazir Ermənistanla Rusiya arasındakı münasibətlərə də toxunub:
“Bu münasibətlər transformasiya mərhələsindədir. Ermənistanla Rusiya arasındakı əlaqələr artıq əvvəlki kimi olmayacaq. Amma bu, o demək deyil ki, Rusiya ilə münasibətlərimiz pis olmalıdır. Xeyr, mən düşünürəm ki, Rusiya ilə münasibətlərimiz yaxşı olmalıdır. Hətta əvvəlkindən daha yaxşı.”
“Bəzi Rusiya televiziya kanalları bütün sərhədləri aşıb”
Ermənistanın ictimai çoxkanallı yayım şəbəkəsində üç Rusiya kanalı yayımlanır. Bu kanalların bəzi proqramlarında yer alan anti-erməni məzmun cəmiyyətdə vaxtaşırı gərginliyə səbəb olur. Yerli ekspertlər bu kanalları “Rusiyanın Ermənistana qarşı apardığı hibrid müharibənin tərkib hissəsi” kimi qiymətləndirirlər.
Lakin Paşinyan Ermənistanın bu kanalların yayımını dayandırmaq qərarını verməyə məcbur qalmasını istəmir:
“Ermənistan Rusiya ilə qarşılıqlı hörmətə əsaslanan normal, təbii və dostluq münasibətləri qurmaq istəyir. Bəli, bəzi Rusiya televiziyaları mümkün olan bütün sərhədləri aşıblar. Amma mən istəmirəm ki, biz bu qərarı qəbul etməyə məcbur olaq, çünki biz Rusiya ilə qarşıdurma, ziddiyyət və münaqişə vəziyyəti axtarmırıq. Amma məndə belə bir təəssürat yaranır ki, Rusiyada müəyyən qüvvələr Yerevanı bu qərarı qəbul etməyə məcbur etmək istəyir.”
O əlavə edib ki, Rusiya prezidenti və baş naziri ilə şəxsi münasibətləri “açıq, şəffaf və səmimidir”. Və elə buna görə də, Ermənistan belə bir qərar verməli olsa, bu onun üçün də xoş olmayan hal olardı.
“Biz deməmişik ki, dövlət hər zaman elektrik şəbəkələrini idarə edəcək.”
Paşinyanın sözlərinə görə, “Ermənistanın Elektrik Şəbəkələri” ilə bağlı məsələ uzun müddətdir gündəmdədir. Onun bölgələrə səfərləri zamanı insanlar daim EŞ-nin işi ilə bağlı şikayət edirdilər:
“Biz erməni istehlakçılarının maraqlarını müdafiə etməyə borcluyuq. EŞ isə cəmiyyətin və hökumətin saysız-hesabsız çağırışlarına, xahiş və xəbərdarlıqlarına baxmayaraq lazımi addımları atmadığı üçün hökumət müvafiq tədbirlər görməyə məcbur oldu [burada müəssisənin milliləşdirilməsi prosesinə başlanmasını nəzərdə tutur].”
Baş nazir bildirib ki, hökumətin məqsədi idarəçiliyi öz üzərinə götürmək və paralel olaraq strukturda nələrin baş verdiyini araşdırmaqdır:
“Amma biz deməmişik ki, milliləşdirmə prosesi başa çatdıqdan və ya bu proses gedərkən EŞ-ni həmişə dövlət idarə edəcək. Bizim məqsədimiz ən səmərəli idarəçini tapmaq və idarəetmə üzərində ictimai və dövlət nəzarətini aydın şəkildə formalaşdırmaqdır.”
Paşinyan Atom Elektrik Stansiyasının idarəsinin xarici şirkətə verilməsi ehtimalını da istisna etməyib. Hökumət artıq beynəlxalq şirkətlərə bu sahədə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
“Bu kampaniya kilsəyə qarşı deyil. Kilsə mənim üçün müqəddəsdir”
Mətbuat konfransı zamanı baş nazirə kilsə ilə gərginləşən münasibətlərlə bağlı suallar verilib. O, kilsəyə qarşı kampaniya başladığı iddiası ilə razılaşmayıb və bildirib ki, özü və ailəsi üçün Erməni Apostol Kilsəsi müqəddəsdir:
“Hazırda etdiklərimiz kilsə naminədir. Əks halda, biz kilsədə baş verən dağıdıcı proseslərə sadəcə biganə qala bilərdik. Əgər kimsə bizim kilsənin sadiq davamçısıdırsa, onun tənəzzülünü laqeydliklə izləyə bilməz.”
Jurnalistlər ondan katolikosun istefasına necə nail olacağını soruşublar. Paşinyan cavab verib ki, bu, 2018-ci ildə Ermənistanın Serj Sarqsyandan “azad olması” ilə eyni şəkildə baş verəcək.
Yəni o, xalqın onun bu tələbini dəstəkləyəcəyini düşünür. Necə ki, vaxtilə “Serji rədd et” şüarı ilə onun inqilabi hərəkatına qoşulmuşdu və Serj Sarqsyan indi artıq sabiq prezidentdir:
“Eçmiadzin bizim mənəvi və əxlaqi dəyərlərimizin episentridir. Əgər biz, kilsənin davamçıları kimi, hansısa məqamda dayanıb bu gündəliyi sonuna çatdırmasaq, bu, mənəviyyatdan və əxlaqi dəyərlərdən imtina kimi qiymətləndirilə bilər.”
Paşinyan katolikosu subaylıq andını pozmaqda ittiham edir və onun övladının olduğunu bildirir. Qeyd edir ki, kilsənin nizamnaməsinə əsasən, bütün ermənilərin Katolikosu kilsənin bütün mülklərinin sahibidir. Onun fikrincə, elə bir məqam yetişə bilər ki, kilsə mülkiyyətinin katolikosun uşağının şəxsi mülkiyyətinə çevrildiyi məlum olsun. Belə bir ssenarinin qarşısı alınmalıdır.
Bundan əlavə, Paşinyan bəyan edib ki, xarici qüvvələrin din xadimləri barədə malik olduqları məlumatlardan istifadə edib “dövlət içində dövlət” yaratmasına imkan verməyəcək. O, sosial şəbəkələrdəki paylaşımlarında da qeyd edib ki, kilsə xadimləri barədə kompromat dövlətə qarşı istifadə oluna bilər.
“Zəruri olarsa, bizim atacağımız addımlar çox sərt olacaq, amma qanun çərçivəsində,” – deyə, o bildirib.
Paşinyanın mətbuat konfransı