Ermənilərin Qarabağa qayıdışı: bu nə dərəcədə realdır? Bakıdan şərhlər
Ermənilərin Qarabağa qayıdışı
Rəsmi Bakı bildirir ki, ermənilərin Qarabağa qayıtması üçün onların Azərbaycan vətəndaşlığını qəbul etməsi kifayətdir. Məsələ həqiqətən bu qədər sadədirmi? JAMnews bu barədə üç azərbaycanlı icmalçının fikrini öyrənib.
Hərbi icmalçı Asəf Quliyevin sözlərinə görə, hazırda bu proses həm Azərbaycan, həm də Ermənistan hakimiyyəti üçün arzuolunmazdır.
Siyasi şərhçi Aqşin Kərimov isə daha nikbindir və bildirir ki, ermənilərin Qarabağa qayıtması yalnız bunun Azərbaycanın daxili işi olduğu faktının qəbul edilməsi şərtilə mümkündür.
Digər siyasi şərhçi Hacı Namazov isə ermənilərin yaxın vaxtlarda Qarabağa qayıtmayacağına əmindir və öz arqumentlərini təqdim edir.
- Həbsdə olan müxalifətçinin səhhəti pisləşib
- Yekun nəticələrə görə, İlham Əliyev 92,12 faiz səslə qalib gəlib
- İlham Əliyevin qalibiyyət formulu: parçalanmış müxalifət, dağıdılmış media, minnətdar xalq
“Ermənilərin Qarabağa qayıtması üçün yalnız bir şərt var – Azərbaycan vətəndaşlığının qəbulu”, – Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev bu günlərdə deyib.
“Bakı və Yerevan ermənilərin Qarabağa qayıtmasında maraqlı deyil”
Hərbi icmalçı Asəf Quliyev deyir ki, ermənilərin Qarabağda hansı şərtlərlə yaşamasının mümkünlüyünü nəzərdən keçirməzdən əvvəl bu gün yaranmış situasiyaya baxmaq lazımdır: “Çünki yaranmış durumu və gələcək üçün mümkün ssenariləri bu günə qiymət vermədən proqnozlaşdırmaq mümkün deyil”.
“Nə qədər xoşagəlməz olsa da, bu həqiqətdir ki, rəsmi Bakının elan etdiyi reinteqrasiya baş tutmadı. Mən ona görə “rəsmi Bakı” terminindən istifadə etdim ki, ümumilikdə, Azərbaycanda bu məsələyə münasibət birmənalı deyil. Çünki həm səmimi olaraq, həm də Azərbaycanın beynəlxalq imicini fikirləşərək, reinteqrasiya tərəfdarı olan insanlarla yanaşı, Qarabağın ermənilərsiz olmasını istəyənlər də var.
Bu gün yaranmış reallıq əslində Azərbaycanda böyük əksəriyyəti qane edir. Ermənisiz Qarabağ istəyənlər arzuladıqlarına çatdı. Reinteqrasiya tərəfdarları isə qarşılaşacaqları problemlərdən qurtuldu.
Ermənilərin Qarabağa qayıtması bu gün kimlərin marağındadır:
BİRİNCİ: Rusiyanın. Çünki Rusiyanın regionda qalması üçün başqa dayaq nöqtəsi yoxdur.
İKİNCİSİ: Avropanın. Çünki Avropa Azərbaycanı daim təzyiq altında saxlamaq üçün bundan başqa rıçaq düşünə bilmir.
ÜÇÜNCÜSÜ: Bəzi erməni mərkəzlərinin. Çünki Paşinyanın hakimiyyətdə möhkəmlənməsi onların Ermənistana və bununla da, erməni toplumuna təsir imkanları azalır.
Ermənilərin Qarabağa qayıtması ilə erməni mərkəzlərinin aktiv fəaliyyətinin əsas şüarı məhz Qarabağ erməniləri olacaq. Bu da onların ayaqda qalmasını, xilaskar obrazının qorunmasını təmin edəcək.
Ermənilərin Qarabağa qayıtmasında maraqlı olmayan kimdir?
Əsasən iki əsas mərkəz: Azərbaycan və rəsmi Yerevan.
Azərbaycan üçün Qarabağda erməni yoxdursa, problem də yoxdur. Rəsmi Yerevan üçün isə məsələ bir qədər mürəkkəbdir.
Məsələ ondadır ki, rəsmi Bakı bütün platformalarda Qarabağ ermənilərinin geri qayıtması və yaşaması üçün təminat verdiyini birmənalı bildirir. Və bunun qarşılığı kimi 1988-ci ildə Ermənistandan köçürülmüş azərbaycanlıların hüquqlarının tanınmasını tələb edir.
Bu durum Ermənistan üçün diplomatik diskomfortdur. Buna görə də, mövcud Ermənistan iqtidarı Qarabağ ermənilərinin məsələsinin sülh gündəliyindən çıxmasını sakitcə qarşılayır. Çünki əks təqdirdə Azərbaycanın 1988-ci ildə Ermənistandan köçürülənlərlə bağlı tələblərinə cavab verməli olacaq. Paşinyan isə bunu istəmir.
Deyilənlərdən bir nəticə çıxır: Bugünkü şərtlərdə ermənilərin Qarabağa qayıtması mümkün deyil. Hətta mümkün olsa belə, onlar hansısa qüvvələrin əlində alət olacaqlar. Buna görə də, ermənilərin Qarabağa qayıtması üçün səslənən şərtlər: Azərbaycan vətəndaşlığını qəbul etmək, Azərbaycan qanunlarına tabe olmaq və sairə məsələləri müzakirə etmək yersizdir. O ki qaldı bu gün Qarabağda qalan ermənilərə, onların hansı sosial kəsimə aid olduğu göz qabağındadır: kimsəsiz, köməksiz və ümidsiz”, – deyə Asəf Quliyev bildirir.
“Azərbaycan zəmanət tələb edəcək”
Siyasi icmalçı Aqşin Kərimovun sözlərinə görə, Qarabağda yaşamış ermənilərin Azərbaycana qayıdışı “heç bir halda rəsmi Yerevanın Bakı qarşısında geosiyasi balans yaratmaq arzusu formasında ola bilməz”. O hesab edir ki, ermənilərin qayıdışı müzakirə predmetidirsə, Azərbaycan bunun “gələcəyə basdırılmış mina” olmadığına dair zəmanətlər tələb edəcək”.
“Qlobal böhran fonunda təhdidlər və imkanlar dəyişdikcə Azərbaycana qarşı da çeviklik yaradılması planlarına şahidlik edirik. Ona görə də, Bakı burada onilliklərdir, hətta əsrlərdir Azərbaycana qarşı istifadə edilən kartın yaratdığı regional bəlalar haqqında ətraflı strateji təhlillər hazırlayıb, oyunçuların qarşısına qoymalıdır.
Ermənilərin Qarabağa qayıdışının təhlükəsizlik aspektləri barədə Azərbaycan, belə demək mümkünsə, iltizam aldıqdan sonra hüquqi prosedurlara start verməlidir. Burada Azərbaycana qarşı tapmaca yaratmaq və “velosiped icad etmək” faydasızdır. Çünki Bakı bütün mümkün ssenariləri yalnız özünün təmin olunmuş ərazi bütövlüyü və suverenliyi, konstitusion quruluşu müstəvisində “qeydiyyatdan keçirir”.
Bu o deməkdir ki, ermənilərin qayıdışının hüquqi ölçüləri onlara üstün imtiyaz və xüsusi statusla əlavə hüquqlar verməyi nəzərdə tuta bilməz. Bunun ikinci açması belədir ki, Qarabağ ermənilərinin geri dönüşü regional və beynəlxalq güc mərkəzlərinin geosiyasi oyun qurmaq maraqlarının təmini deyil və yalnız Azərbaycanın daxili işləri kateqoriyasına daxil olmalıdır.
Ermənistan Qarabağa ermənilərin qayıdışına nail olmaq istəyirsə, ermənilərə əlahiddə hüquq və özəlliklərə məxsus imtiyazlara yiyələnməyin arxasınca düşməməlidir. Əksinə, bu qətidir ki, qayıdış ssenarisi üzrə mövqelər Azərbaycana perspektiv baxımdan fərqli bir üstünlük də təqdim edir.
Söhbət qərbi azərbaycanlıların geri dönüşü ilə əlaqəlidir. Ermənilərin qayıdışı ilə bağlı mövqelər Bakıya qərbi azərbaycanlıların geri dönüşü üçün daha yumşaq və proqnozlaşdırıla bilən hüquqi yanaşmaya üstünlük verilməsinə yol açacaq.
Ancaq bu da qəti görünür ki, Bakı qərbi azərbaycanlıların dönüşü üçün təyin etdiyi gündəliyi ustalıqla idarə etmək əzmini nümayiş etdirərək, məsələyə yanaşmasında idealistliyini göstərir. Yəni qayıdış mövzusunun müzakirələri strateji ağırlığı Azərbaycanın diqqətli ritorikası ilə regional tərəzidəki ağırlığı Bakının xeyrinə dəyişdirir”, – Aqşin Kərimov JAMnews-la söhbərində deyib.
“Bu torpaqlara sülh gəlməlidir, başqa yol yoxdur”
“Bu gün və yaxın gələcəkdə ermənilərin Qarabağa qayıtması qeyri-real görünür. Bu, təkcə regiondakı hərbi-siyasi vəziyyətə əsaslanmır, əsasən praktiki nöqteyi-nəzərdən”, – deyə siyasi icmalçı Hacı Namazov bildirib.
Onun sözlərinə görə, Azərbaycan qanunları ilə Qarabağda yaşayan ermənilərin perspektivi uzun müddət ərzində həll edilməli olan bir çox problemlərlə doludur:
“Mən hər iki tərəfin ritorikasının təfərrüatlarına varmayacağam, bunu hamı bilir, Bakı və Yerevandan gələn bütün bəyanatlar ekspertlər tərəfindən dəfələrlə müzakirə olunub.
Gəlin hər şeyə ayıq başla, pafossuz və yalnız praktiki tərəfdən baxaq.
Azərbaycan hazırda işğaldan azad edilmiş əraziləri onilliklərdən sonra öz doğma yurdlarına qayıdan məcburi köçkünlərlə fəal şəkildə məskunlaşdırır. Bu il onların 2023-cü ilin sentyabrına qədər ermənilərin yaşadıqları Xankəndi və Xocalıya, yaxın gələcəkdə isə Ağdərə və digər yaşayış məntəqələrinə qayıdışı başlanacaq. Təbii ki, azərbaycanlılar 90-cı illərin əvvəllərində silah gücünə qovulduqları yerlərə qayıtmalıdırlar. Amma…
Hazırda ermənilərlə azərbaycanlıların bir yerdə yaşaması mümkündürmü? Sözün əsl mənasında eyni kənddə, eyni küçədə, eyni evdə. Yaralar hələ çox təzədir. Qarabağ azərbaycanlıları və erməniləri arasında son 35 ildə iki müharibə və qısamüddətli silahlı toqquşmalar zamanı itki verməyən ailə tapmaq çətindir, demək olar ki, mümkün deyil.
Anlayırsız söhbət nədən gedir? Mən burada ermənilərin Azərbaycanın qanunvericilik məkanına inteqrasiyası, onların Azərbaycan proqramı ilə orta, ali təhsil alması, Azərbaycan müəssisələrində işləməsi problemlərinə belə baş vurmuram. Hərbi vəzifəni demirəm. Bunlar iki xalqın sülh şəraitində yan-yana yaşamaq istəyəcəyi təqdirdə həll edilməli olan problemlərdir. Başqa cür alınmayacaq, onların başqa vətənləri yoxdur. Ermənistan və Azərbaycan qonşudur və bundan qaçmaq mümkün deyil.
Amma söhbət sərhəd qonşuluğundan yox, bir yerdə yaşamaqdan gedəndə problemlər daha kəskinləşir. Məncə, bu gün heç kim bu problemləri həll edə bilməz. Vaxt lazımdır. Bilmirəm, nə qədər – bəlkə 10 il, bəlkə də 20 il. Amma bu torpaqlara sülh gəlməlidir, başqa yol yoxdur”, – deyə Hacı Namazov yekunlaşdırıb.