Ermənistanın baş naziri Rusiya silahını tənqid edib, Moskva onu yalançılıqda ittiham edib
Ermənistanın baş naziri 2021-ci ildə ilk dəfə böyük müsahibə verib. Yerli qərbyönlü xəbər saytlarından birinin efirində Nikol Paşinyan Rusiyanın “İsgəndər” raket komplekslərinin effektivliyi ilə bağlı şübhəsini ifadə edib. O bildirib ki, raketlər “ya partlamayıb, ya da cəmi on faiz partlayıb”.
Onun bu sözlərinə artıq Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Viktor Zavarzin cavab verib və baş naziri yalançılıqda ittiham edib.
Partlamayan “İsgəndərlər”, baş nazirin bəyanatına Rusiyanın və Ermənnistan müxalifətinin reaksiyası, daxili siyasi böhran və hökumətin planları haqda bütün təfərrüatlar.
- Azərbaycan SQ Ermənistanın cənubundakı kəndlərin yaxınlığında atırlar: ombudsmendən video-sübut
- Şərh: “Ermənistan hakimiyyəti seçkilərdən imtina edir və müxalifəti küçələrə itələyir”
Niyə “İsgəndər” raketləri 10 faiz işə düşüb?
Nikol Paşinyan müsahibəsi zamanı eks-prezident Serj Sarqsyanın fevralın 16-da müxalif ArmNews telekanalının efirində səsləndirdiyi bəzi bəyanlarını şərh edib. Keçmiş prezident həmçinin Ermənistan hakimiyyətini 2020-ci ilin payızında Qarabağ müharibəsinin 4-5-ci günlərində “İsgəndər” raket komplekslərini tətbiq etməmməkdə günahlandırıb.
Paşinyan cavabında bildirib ki, eks-prezident öz suallarının cavablarını özü bilir:
“Qoy “İsgəndər” raketinin niyə partlamadığı sualını versin. Ya da niyə 10 faiz partlayıb məsələn?”
Bu bəyanatdan sonra jurnalist baş nazirdən soruşub ki, məgər belə olur? Paşinyan isə belə cavab verib:
“Bilmirəm. Bəlkə 80-lərin silahıdır”.
Moskvadan sərt reaksiya
Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Viktor Zavarzin Nikol Paşinyanın bəyanatını tənqid edib.
Onun fikrincə, Paşinyan bununla özünə haqq qazandırmağa, Qarabağ müharibəsindəki məğlubiyyətin məsuliyyətini öz üzərindən atmağa çalışır:
“Adam günahkar olmamaq üçün nəsə axtaranda, “İsgəndərləri” də bura qatacaq, erməni xalqı da günahkardır, hərbçilər də günahkardır. Əlbəttə ki, bu, həqiqətə uyğun deyil. Bizim “İsgəndərimiz” çox yüksək dəqiqlikli silahdır, ondan artıq müxtəlif təlimlərdə dəfələrlə istifadə olunub. Bu, sadəcə ağ yalandır [Paşinyanın sözləri], buna heç bir şübhə yoxdur”.
“Həqiqəti hələ nə qədər axtarmalı?” – müxalifətin reaksiyası
Baş nazirin müsahibəsini parlamentin müxalif “Maariflənmiş Ermənistan” fraksiyasının lideri Edmon Marukyan da şərh edib.
O, Facebook səhifəsində soruşur ki, niyə Ermənistan hakimiyyəti Qarabağda 44 günlük müharibə haqda faktların toplanılması üzrə komissiyanın yaradılmasına qarşı çıxış edir və bununıla da bir çox mühüm məsələləri, o cümlədən də silahlanma ilə bağlı sualları şübhə altına qoyur:
“Keçmiş və hazırkı hakimiyyətin nümayəndələri, müdafiə və təhlükəsizlik sahələri, səhra komandirləri və qalanlar müharibə mövzusunda müsahibə verməyə davam edəcəklər, yoxsa, nəhayət, paritet tərkibli komissiyanın yaradılmasının vacibliyini anlayacaqlar və bütün narahat edən suallara cavab almaq üçün onun yaradılması istiqamətində siyasi iradə nümayiş etdirəcəklər?”.
“Biz ordu islahatlarına başlamalıyıq”
“Ümumilikdə regional təhlükəsizlik sistemimizə gəlincə, biz, əlbəttə ki, ordudaislahatlara başlamalıyıq, struktur, məzmunlu islahatlara, o cümlədən də silahlanma və strateji məzmun planında”, – Paşinyan deyib.
Baş nazir vurğulayıb ki, Ermənistan daxili və xarici maneələrlə qarşılaşıb, buna görə də mübahibədən bilavasitə sonra prioritet problüm kimi o, Ermənistan və onun ətrafında təhlükəsizlik və stabilliyin təmin edilməsi gündəmini formalaşdırıb:
“Biz deyə bilmərik ki, bu problem 100 faiz həll olub, amma biz əmin addımlarla bu istiqamətdə irəliləyirik”.
Orduda islahatlar haqda bugünlərdə Ermənistanın müdafiə naziri də danışıb. Üstəlik Vaqarşak Harutunyanın sözlərinə görə, islahatıar artıq aparılır və “bu prosesə rusiyalı həmkarlar bilavasitə cəlb olunub”.
Növbədənkənar seçkiləri müxalifət istəmədi
Nikol Paşinyan Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsini də şərh edib. O özü müharibədən sonra ölkədə yaranan siyasi böhranın qarşısını almaq üçün növbədənkənar seçki keçirilməsi haqda məsləhətləşmələrə başlamağı təklif etmişdi. Amma tezliklə iqtidarda olan siyasi qüvvə yaxın zamanda seçkilərin keçirilməsinin məqsədəuyğun olmadığını elan etdi.
Baş nazir izah edib ki, seçkilərdən ilk növbədə müxalifət imtina edib, buna görə də məsələni iyuna qədər təxirə salmaq qərara alınıb:
“Bəzi qüvvələr parlament seçkilərindən radikal əməllər üçün istifadə etmək niyyətindədir, bu da daxili stabilliyi təhdid edə və xarici problemlər yarada bilər. Buna görə də müxalifətdən rədd cavabı alandan sonra biz “yol xəritəmizə” qayıtmaq qərarı aldıq”.
Söhbət Paşinyanın hökumət islahatı planından və Qarabağda hərbi əməliyyatlar başa çatandan sonra Ermənistanda yaranan problemlərin aradan qaldırılması üzrə addımların atılmasından gedir. Baş nazirin “yol xəritəsində” 2021-ci ilin iyununa qədər hökumətin görəcəyi tədbirlər qeyd olunub.