Bu gün Ermənistanda Radio Günü qeyd olunub. Ölkənin baş naziri İctimai Radionun efirindən bütün radiojurnalistləri peşə bayramı münasibətilə təbrik edib. Bir il əvvəl “məxməri” inqilab zamanı o, məhz buraya canlı efir tələbi ilə gəlib, amma buna nail ola bilməyib. Elektrik xətti kəsilib və Paşinyan İctimai Radionun binasından onunla və tərəfdarları ilə birlikdə buraya gələn digər media qurumlarının efirində çıxış edib.
Studiyanın efir otağına keçməzdən əvvəl Nikol Paşinyan ötən il aprelin 14-də tərəfdarları ilə birlikdə sındırdığı qapının təmirinə yardım edib.
Bu, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın baş nazir kürsüsündə hakimiyyətini davam etdirməsinə qarşı etiraz aksiyalarının başlanğıcı idi. O zaman Paşinyanın özünün bildirdiyi kimi, hərəkatı dəstəkləyən insaların sayı hələ məqsədə çatmaq üçün kifayət edəcək qədər çox deyildi. Buna görə də “məxməri” inqilab lideri informasiyanı daha çox insana çatdırmaq, onları küçələrə çıxarmaq üçün bütün imkanlardan, o cümlədən də canlı efirdən istifadəni aktual hesab etmişdi:
“Ötən il mən bura [İctimai Radioya] soxulmuşdum və buna görə bir neçə dəfə üzr istəmişəm. O vaxt narahatlıq verdiyimiz bütün əməkdaşlara bir daha üzrxahlığımı çatdırmaq istərdim”.
İctimai Radio tarixi
Ermənistanın İctimai Radiosu ölkənin əsas radiostansiyası hesab edilir.
Yerevanda respublika əhəmiyyətli radionun yaradılması qərarı Ermənistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsi tərəfindən 1925-ci il fevralın 23-də qəbul edilib. Sınaq yayımları 1926-cı ilin sentyabrından başlayıb. Mütəmadi yayıma da elə həmin il keçilib.
1990-cı illərin əvvəllərində Ermənistan Dövlət Radiosu İctimai Radioya çevrilib. Erməni dilindən başqa Ermənistanda yaşayan digər milli azlıqların dillərində də yayım həyata keçirilir. Ölkə hüdudlarından kənarda Beynəlxalq yayım peyk rabitəsi ilə, o cümlədən də online – İctimai Radionun saytı vasitəsilə təmin olunur.