Ermənistanda üç yeni koronavirusa yoluxma halı qeydə alınıb
Martın 11-də Ermənistanda daha üç koronavirusa yoluxma halı qeydə alınıb. Onların üçü də martın 10-da İtaliyadan xüsusi təşkil olunmuş reyslə gəlib.
Beləliklə, koronavirusa yoluxanların ümumi sayı dörd nəfərə çatıb.
Baş nazir Nikol Paşinyan Facebook səhifəsində yazıb:
“Yeni xəstələnənlərdən ikisi Ermənistan vətəndaşıdır (45 və 27 yaş), biri isə Ermənistanda işləyən İtaliya vətəndaşıdır (51 yaş)”
Hazırda onların təmasda olduğu çevrə müəyyən edilir, ilkin məlumata görə, bu insanların sayı çox deyil.
• Gürcüstan: turist yoxdur, mehmanxanalar müflisləşmə həddindədir
Martın 10-da İtaliyadan – Romadan və Milandan Ermənistana iki təyyarə gəlib. Verilən məlumata görə, bütün gələnlər aeroportda müayinədən keçiriləndən sonra ev karantininə göndəriləcək.
Hələ də İtaliyada olan Ermənistan vətəndaşları üçün martın 15-də çarter reysi təşkil olunacaq.
“Maliyyə xərclərini Ermənistan hökuməti, Atlantis European Airways aviaşirkəti və “Ermənistan Beynəlxalq Aeroportlar” şirkəti qarşılayacaq”, – baş nazirin müavini Tiqran Avinyan Facebook səhifəsində yazıb.
Ermənistanda ilk koronavirusa yoluxma halı martın 1-də qeydə alınıb. Bu, Tehrandan gələn 29 yaşlı Ermənistan vətəndaşı olub.
Fevralın 23-dən İranda ilk xəstəlik halları elan olunandan sonra Ermənistan virusun yayılmasının qarşısını almaq üçün bu ölkə ilə sərhədi iki həftəlik bağlayıb. Amma İran və Ermənistan vətəndaşlarının vətənə qayıtması üçün heç bir məhdudiyyətin olmayacağı iki ölkə arasında razılaşdırılıb.