Ermənistanda seçkiqabağı ifşalar: eks-prezident qalmaqallı səs-yazısı yayıb
Ermənistanın eks-prezidenti Serj Sarqsyan Nikol Paşinyanın səs-yazısını yayıb, burada baş nazir əvəzi Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin detalları haqda danışır. Səs-yazısında Paşinyan 2018-ci ildə Soçi səfəri zamanı Rusiya, Qazaxıstan və Belarus prezidentləri ilə görüşü haqda danışır.
Söhbət Lavrov planı və Dağlıq Qarabağın statusundan gedir. Səsi yazıldığı zaman Paşinyanın informasiyanı kiminlə bölüşdüyü aydın deyil, eks-prezident də bunu açıqlamayıb.
Paşinyanın nə danışdığı və keçmiş prezidentin bu səs-yazısını niyə yaymaq qərarına gəldiyi haqda bütün təfərrüatlar.
- Ermənistanın baş naziri Azərbaycanda saxlanılan əsirlərin əvəzinə oğlunu verməyə hazırdır
- “Qan, tər, gözyaşı və səriştəli idarəçilik” – politoloqdan Ermənistanın böhrandan çıxış formulu
Tarixçə
Ermənistanda fəal seçkiqabağı kampaniya davam edir, iyunun 20-ə növbədənkənar parlament seçkiləri təyin olunub. Bütün marafon iştirakçıları ölkənin regionlarına səfərlər edir və seçicilərlə görüşürlər. Bu görüşlərdən birində Nikol Paşinyan eks-prezident Serj Sarqsyanı “ordudan oğurladığı pulları Monte-Karloda kazinoda uduzmaqda” günahlandırıb.
Bu ittihamı Serj Sarqsyan şəxsən rədd edib, bununla yanaşı həm də bildirib ki, baş nazirə dediyini sübut etmək üçün 24 saat vaxt verir:
“O, ya fakt təqdim etməlidir, ya da mən onunla, ailəsilə bağlı elə faktlar dərc edəcəm ki, cəmiyyət onun üzünə tüpürəcək. Fakt təqdim etməsə, onu məhv edəcəm”, – Sarqsyan deyib.
Səs-yazısında nələr danışılır
Verilmiş müddət bitəndən sonra eks-prezident Geqarkunik vilayətində seçicilərlə görüşündə Paşinyanı seçki ərəfəsində ləkələyəcəyini düşündüyü səs-yazısını açıqlayıb. Bununla yanaşı o vurğulayıb ki, baş nazirin ailəsini biabır edəcək kompromatı açıqlamaq niyyəti yox idi, amma gələcəkdə bunun baş verə biləcəyini istisna etmir.
Paşinyanın danışığının səs-yazısını yaymaq üçün Serj Sarqsyanın əsas məqsədi danışıqların pozulması və 2020-ci ilin payızında ikinci Qarabağ müharibəsinin başlaması ilə bağlı bütün məsuliyyəti hazırkı dövlət başçısının üzərinə qoymaqdır.
Səs-yazısında Nikol Paşinyan Qarabağ münaqişəsinin nizamlanması və 2018-ci ilin mayında “məxməri” inqilabdan sonra Rusiya, Qazaxıstan və Belarus prezidentləri ilə ilk görüşü haqda danışır.
“Putin, Nazarbayev və Lakaşenko gəlib mənə deyirlər ki, “Xalq sənə çox etibar edir, sənin əlinə Qarabağ məsələsini həll etmək kimi tarixi şans düşüb”. Bu, “Lavrov planı”nda olduğu həll yolu idi: qoşunlar çəkilir, onlar girirlər [regiona]”/
Daha əvvəl Ermənistanın eks-prezidenti müsahibələrindən birində açıqlamışdı ki, “Lavrov planı” özlüyündə mövcud olmayıb. Söhbət Kazan sənədinin modifikasiya olunmuş variantından gedirdi. Rusiyanın XİN rəhbəri Sergey Lavrov ATƏT-in Minsk Qrupu həmsədrləri adından bu variantı təklif etmişdi. Və bu, “Lavrov planı” adını almışdı.
İkinci Qarabağ müharibəsindən sonra müsahibələrinin birində Serj Sarqsyan bildirib ki, o, bu sənədi imzalamağa hazır idi. Ermənistanda hesab edirlər ki, bu sənəd tanınmamış Dağlıq Qarabağ Respublikasının gələcək statusu razılaşdırılmadan bəzi ərazilərin Azərbaycana qaytarılmasını nəzərdə tuturdu.
Səs-yazısında Paşinyanın cavab olaraq Dağlıq Qarabağın statusu müəyyən edilmədən bu məsələnin müzakirə edilə bilməyəcəyini dediyi eşidilir. Buna Rusiya, Qazaxıstan və Belarus prezidentləri deyiblər ki, Əliyev annlayır ki, “Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq”.
Bu sensasiyalı bəyanatın cavabında Paşinyan bunun qeyd olunmasını təklif edir:
“Mən onlara deyirəm ki, yaxşı, bu maraqlıdır, təklif edirəm ki, bütün bunlar kağızda yazılsın. Bu artıq müzakirə üçün maraqlı mövzu olacaq, mən bu kağızı gətirəcəm və xalqa deyəcəm ki, belə bir mövzu var”.
Amma Paşinyanın sözlərinə görə, onun həmsöhbətləri bununla razılaşmırlar və deyirlər ki, Azərbaycan prezidenti bu haqda açıq danışa bilmir, çünki onu xəyanətdə günahlandıracaqlar.
“Sizi anladım, o sizin köhnə dostunuzdur, istəmirsiz ki, onu xain hesab etsinlər, istəyirsiz ki, mən xain olum”, – Paşinyan cavab verib.
Baş nazir onu da deyib ki, bu söhbətdən sonra nəyin bahasına olursa olsun bu “konveyerdən” qaçmaq, daha əvvəl 2016-cı ildə müharibəyə gətirib çıxarmış danışıqlar dalanından çıxmaq lazım olduğunu anlayıb. İstənilən vasitələrlə, hətta “özünü dəli yerinə qoyaraq” bunu etmək lazımdır, əsas odur ki, bu qüsurlu çevrədən çıxasan.
İqtidar partiyasının ilk reaksiyası
İqtidar blokundan baş nazir əvəzinin səs-yazısının “sızdırılmasına” ilk reaksiya verən parlamentin vitse-spikeri Alen Simonyan olub:
“Çox vacib edizoddur, biz özümüz bunu dərc edə bilməzdik. Təşəkkür edirik”, – Simonyan Facebook-da yazıb.
Yəni Paşinyanın komandası hesab edir ki, səs-yazısı Paşinyanın Serj Sarqsyandan fərqli olaraq Dağlıq Qarabağın statusunun razılaşdırılmadığı hər hansı sənədi imzalamaq niyyətində olmadığını təsdiqləyir.