Ermənistanda Saakaşvilinin erməni dilinə tərcümə olunmuş kitabının təqdimatı iki dəfə təxirə salınıb
Ermənistanda artıq ikinci dəfədir ki, keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvilinin “Gücün oyanışı” avtobioqrafik kitabının erməni dilinə tərcüməsinin təqdimatı təxirə salınır.
Əvvəlcə kitabın Yeqişe Çarentsin ev muzeyində, daha sonra isə “Noyan tapan” kitab mağazasında keçirilməli olan təqdimatı baş tutmayıb.
Kitabın tərcüməçisi Mikael Naapetyan bildirib ki, hər iki təqdimatla bağlı hər şey əvvəlcədən razılaşdırılıb, amma ən son məqamda müxtəlif bəhanələrlə təxirə salınıb.
Naapetyanın sözlərinə görə, kitab mağazasının nümayəndəsi ona bildirib ki, direktor problemlərdən uzaq olmaq üçün təqdimatı keçirməkdən və bu kitabı öz mağazasında satmaqdan qəti şəkildə imtina edib. Çarentsin muzeyində isə rədd cavabını texniki səbəblərlə izah ediblər.
Mikael Naapetyan bildirir ki, hər iki qərar təzyiq altında qəbul olunub, səbəblər siyasi, məqsəd isə insanların kitabın məzmunu ilə tanış olmağının qarşısını almaqdır.
“Bu, açıq və birbaşa senzuradır”, – tərcüməçi bildirib.
Yeri gəlmişkən, kitabın prezentasiyasına dəvət edən Facebook səhifəsində bəzi erməni istifadəçilər Saakaşvilinin ünvanına mənfi fikirlər ifadə ediblər. Onu anti-erməni siyasətçi adlandırıblar, xatırladıblar ki, prezidentliyi dövründə o, Cavaxetiyanın bəzi erməni sakinlərini həbs edib və onun kitabını erməni dilinə tərcümə etməyə dəyməzdi.
Hakimiyyətə gəlincə, 2009-cu ildə prezident Serj Sarqsyan Yerevanda Mixail Saakaşvilini qəbul edərkən, əsrlik erməni-gürcü dostluğunun möhkəmlənməsinə və iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə verdiyi töhfəyə görə onu Şərəf ordeni ilə təltif edib. Bu, Ermənistada əcnəbilərə təqdim edilən ən ali dövlət mükafaatıdır.