Ermənistanda rüşvət haqda – niyə indi seçicilərin səsini satın almaq təhlükəlidir
Ermənistanda ən yaxın seçki 2018-ci il sentyabrın 23-də baş tutacaq. Yerevan sakinləri şəhərin Ağsaqqallar Şurasına növbədənkənar seçkidə iştirak edəcəklər. Bununla əlaqədar olaraq hakimiyyət ölkə qanunvericiliyinə təcili dəyişikliklər edib.
Ermənistanda seçicilərin satın alınması adi hala çevrilib. Hətta bəzi seçicilərdə öz səsinə görə nəsə tələb etmək kimi vərdiş də yaranıb. Bu səsləri almaq niyyətində olanlar küçələri asfaltlayır, seçicilərin mağazalara olan borclarını qapadır, onlara müəyyən məbləğdə pul verirlər.
“Məxməri inqilabdan” sonra hakimiyyətə gələn yeni hökumət seçkiöncəsi rüşvət hallarının kökünü kəsməyi vəd edir. Ədalətli seçkiləri təmin etmək üçün avqustun 30-da hökumət cinayət və cinayət-prosesual məcəllələrinə, həmçininin inzibati xətalar məcəlləsinə qanunvericilik dəyişiklikləri layihəsini qəbul edib.
Qanun layihəsi təsdiqlənmək üçün tələsik parlamentə göndərilib. Layihə ən qısa müddətdə qəbul olunub, üstəlik yekdilliklə.
Hansı müddəalar dəyişib?
Qanuna əsasən, dəyişikliklərə qədər də seçiciləri satın almağa görə – pul, ərzaq, qiymətli əşyalar vasitəsilə – namizədlər, partiya və bloklar üçün cəza nəzərdə tutulmuşdu. Seçkiqabağı təbliğat dövründə, seçki günü və ya bir gün öncəsində bu kimi şeylərin və müxtəlif xidmətlərin vədinə görə də məsuliyyət nəzərdə tutulurdu.
Seçici hüququnun reallaşdırılması və ya seçki təşkilində iştirak edənlərin öz səlahiyyətlərini yerinə yetirməsinə mane olanlar üçün
əvvəl iki ildən beş ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq olunurdu.
Seçki pozuntularına görə cəzanın sərtləşdirilməsi üzrə qanunvericilik paketi qəbul olunandan sonra isə cəza dörd ildən altı ilə qədər azadlıqdan məhrumetmə və ya 2,5-3 milyon dram (5175-6210 dollar) həcmində cərimə ilə əvəz olunub.
Seçki və ya səsvermə nəticələrinin saxtalaşdırılmasına görə
əvvəl üç-beş il azadlıqdan məhrumetmə cəzası nəzərdə tuturdu,
indi dörd-səkkiz il azadlıqdan məhrumetmə ilə əvəz edilib.
Eyni zamanda seçicilərin rüşvət alması da kriminallaşdırılıb.
Ermənistan konstitusiyasına əsasən, seçkilərdə və referendumlarda səs vermək gizli həyata keçirilir. Buna görə də seçicilərin öz bülletenlərini dərc etməsinə görə də cərimələnməsi təklif edilir. Seçici işarələnmiş bülleteninin foto və ya videosunu yaymağa vadar edildiyi halda, eyni zamanda seçici öz seçimini könüllü, amma tamah məqsədilə açıqladığı təqdirdə minimal əmək haqqının 100 mislindən 200 mislinə qədər cərimə nəzərdə tutulub.
“Minimal əməkhaqqı haqda” qanuna əsasən, minimum əməkhaqqı 55 min dram (113 dollar) təşkil edir. Amma bu qanuna görə, cərimələr zamanı minimal əməkhaqının məbləği 1000 dram (2 dollardan bir qədər çox) kimi hesablanır. Müvafiq olaraq, söhbət 100-200 min dram (207-414 dollar) arası cərimədən gedir.
Xeyriyyəçiliyi seçicilərin satın alınmasından ayırd etmək çətin olduğu üçün seçki dövründə xeyriyyə aksiyalarına görə də cəza veriləcək. Xeyriyyəçiləri iki ildən altı ilə qədər azadlıqdan mhrumetmə və ya cərimə gözləyir.
Qanunvericilik dəyişiklikləri paketinin müzakirəsi zamanı hökumət partiya adının və ya rəmzlərinin, namizədinin ad və sooyadının əks olunduğu baha olmayan hədiyyələrin rüşvət sayılmamasını təklif edib. Amma baş nazir bu təklifin də əleyhinə çıxış edib. O israrla bildirib ki, seçki iştirakçılarının fantaziyasının genişliyini gözardı etmək olmaz, onlar məsələn, üzərində öz fotoları olan mürəbbə və ya çörək də paylaya bilərlər.
Bu layihə niyə yaranıb?
Ölkədə vəziyyət dəyişdiyi üçün bu layihə hazırlanıb. İnqilabdan sonra azad və ədalətli seçki keçirmək niyyətində olan hökumət qurulub. Gözlənilir ki, dürüst olmayan namizədlər və partiyalar seçiciləri satın almaq imkanından məhrum qalacaq. Və ümumilikdə insanların seçkilərə və nəticələrinə inamı bərpa olacaq.
Layihə müəllifləri
Layihəni baş nazir yanında seçki qanunvericiliyinin islahatı üzrə komissiya hazırlayıb. Bu işdə Ədliyyə Nazirliyi, Prokurorluq, Xüsusi İstintaq Xidməti, Polis, İstintaq Komitəsi iştirak edib.
Keçmişdə seçicilərin satın alınması nümunələri
1995-ci ildən Ermənistanda seçkilərin nəticələrinə təsir etmək üçün seçicilərin satın alınması prosesi başlayıb. 2012-ci ildən isə seçicilərin satın alınması seçkilərin ayrılmaz hissəsinə çevrilib.
Seçkidən seçkiyə yeni satınalma mexanizmləri ortaya çıxır, seçilmək istəyənlər tərəfindən təkmilləşdirilirdi. Rüşvət alanlar isə xidmətlərinə görə aldıqları haqqın minimal həcmini beş min dramdan on min drama (10-20 dollar) qədər yüksəltmişdi.
2017-ci il parlament seçkiləri zamanı seçkiqabağı kampaniya gedişatında ən varlı biznesmenlərdən biri və siyasi xadim Qaqik Sarukyan fəal şəkildə xeyriyyəçiliklə məşğul idi. O, əməliyyatlara və mənzillərin qazlaşdırılmasına pul paylayır, zavodunun fermerlərdən kənd təsərrüfatı məhsullarını yüksək qiymətlərə alacağına dair vəd verirdi. Mərkəzi Seçki Komissiyası o zaman qanunu pozduğu ilə bağlı ona xəbərdarlıq etmişdi.
Bir çox namizədin ofisi eyni dövrdə yolları asfaltlamaqla məşğul idi. Məsələn, Arakel Movsisyan Tsaxkalanc kəndində seçicilərlə görüş zamanı zəng vurub asfaltçəkən briqadanı ora çağırmışdı.
Qanunsuz tikililərin leqallaşdırılması, hətta antenna paylamaq haqda da söhbət gedirdi. İnsanlara ərzaq məhsulları paylanırdı: un, şəkər tozu, yumurta. Tanınmış iş adamlarından biri Yerevanın inzibati rayonlarından birində müəllimlərə 40 min dram (82 dollar) paylayıb.
Yeri gəlmişkən, 2017-ci ildə Yerevan Ağsaqqallar Şurasına seçkilər zamanı Yerevan meri kürsüsünə “Yelk” blokundan namizədliyi irəli sürülən deputat Nikol Paşinyan seçkiqabağı rüşvət almayanlara büdcədən 15 min dram (31 dollar) ayrılmasını təklif edirdi. Bu təklif də rüşvət kimi dəyərləndirilərək, rədd edilmişdi.
Seçkilər bitəndən sonra uduzmuş namizədlərin seçicilərə payladığı pulu geri almaq cəhdləri də olmuşdu. Məsələn, Şirak vilayətinin Cacur icmasında, Gümri şəhərinin Ani məhəlləsində, Basen kəndində belə hallar baş vermişdi.
Cəzasızlıq
Seçicilərin satın alınmasının əsas səbəblərindən biri cəzasızlıqdır. Adətən satınalma halları aşkara çıxmır, çünki sövdələşənlərin – rüşvəti verənlərin və alanların – maraqları üst-üstə düşür.
Bununla belə, cinayət işi qaldırılan hallar da olurdu.
2013-cü il fevralın 27-də Tavuş vilayətinin Varaqan icmasının rəhbəri tərəfindən rüşvət paylanması faktı üzrə cinayət işi qaldırılmışdı. O, kənd sakininə rüşvət olaraq 5 min dram ödəmişdi. 2016-cı ilin oktyabrında Kutakan icmasının rəhbəri Mikael Xaçatryana qarşı ittiham irəli sürülmüşdü. Burada söhbət daha yüksək məbləğdən – 20 min dramdan (41 dollar) gedirdi. Nəticədə isə hər ikisi cəzasız qaldı. 2012-ci il mayın 6-da “Mqer Mkrtçyan” muzeyinin direktoru Şoqik Melkonyan rüşvət paylamışdı. O, üç il müddətinə azadlıqdan məhrum edilsə də, yalnız bir ay həbsdə saxlanılmışdı.
Yeni hakimiyyət hətta keçmiş zamana aid günahkarları da tapmağa çalışır. 2018-ci il iyulun 16-da polisin verdiyi məlumata görə, Malışka icmasının başçısı Mqer Movsisyan şəxsən deputatlığa namizəd Aşot Arsenyandan 13 milyon dram alıb. O, bu məbləğlə 1300 səs təmin etməli idi. İyulun 24-də Yerevan Ağsaqqallar Şurasına seçkilər zamanı keçmiş mer Taron Marqaryanın xeyrinə səs toplamaq üçün rüşvət təklif edən Eqine Poqraryan həbs olunub.
Yeni hakimiyyətin yanaşması
Yeni hakimiyyət qətiyyətli şəkildə seçkiqabağı dövrdə seçicilərin satın alınması hallarının kökünü kəsmək niyyətindədir.
“Hamısı məhkəmə qarşısına çıxmalıdır… Pulla seçkiləri satın alan şəxsləri ümumiyyətlə siyasətdən sıxışdırmaq lazımdır, çünki bir kiloqram düyü hesabına kimisə seçəndə, ona sizi soymaq haqqı verirsiz”, – 2018-ci il avqustun 10-da Tavuş vilayətinin sakinləri ilə görüşdə baş nazir Nikol Paşinyan bildirib.
İndi Ermənistanda çoxları ümid edir ki, seçkilər rüşvətsiz keçəcək.
Seçicilərin satın alınmasında beynəlxalq təcrübə
Yalnız erməni seçicilər maddi maraqlar naminə səs vermir. Seçicilərin satın alınmasına müxtəlif ölkələrdə bu və ya digər səviyyədə rast gəlinir. Mediada yayımlanan xəbərlər də bunu göstərir.
2017-ci il fevralın 8-də Reuters Kolumbiya prezidenti Xuan Manuel Santosun 2014-cü il prezident seçkiləri zamanı seçkiqabağı kampaniyasında bir milyona yaxın rüşvət paylamaqda ittiham olunduğu haqda məlumat verib.
2016-cı ilin sentyabrında “İnterfaks” Rusiya seçicilərinin səsinin üç litr pivə ilə alındığı haqda yazıb. Həmin seçkilərdə Həştərxanda dairə seçki komissiyasının rəhbəri kolbasa və 500 rubl qismində rüşvət paylandığına dair şikayət aldığını bildirib.
2017-ci il martın 26-da polis Polşanın Kruşovitsa kəndinin məntəqə seçki komissiyasının rəhbərini 15 avro həcmində rüşvət payladığı üçün həbs edib.
2016-cı il martın 18-də Buxarest məhkəməsi rumın diplomat Florin Popeskunu 2012-ci ildə 60 ton qızardılmış toyuq payladığı üçün iki il müddətinə azadlıqdan məhrum edib.
2014-cü il fevralın 19-da Parisdə milyarder Serj Dasoy Korbey-Esson merliyinə seçkilər zamanı seçicilərə ərzaq və 7-10 avro həcmində rüşvət payladığı üçün həbs olunub.
Amerika mətbuatı 2012-ci il noyabrın 7-də ABŞ prezidenti Barak Obamanın tərəfdarlarının Ohayo ştatında seçkilərdən bir neçə dəqiqə əvvəl bir seçiciyə sendviç və kola, digərinə isə bir şüşə viski verdikləri haqda yazıb.
Latın Amerikasının ən kasıb ölkələrindən birində – Hondurasda isə iqtidarda olan “Milli Partiyanın” namizədi qətllərlə məşhur olan paytaxtda yoxsul ailələrə rüşvət qismində tabut paylayıb.