Ermənistanda qadınlar maddi problemlər üzündən ana olmağı təxirə salır
Son 25 ildə Ermənistanda qadınların ilk dəfə ana olduğu yaş həddi yüksəlib. Rəsmi məlumatlara görə, 1990-cı ildə qadınlar orta hesabla ilk övladlarını 23 yaşında, 2016-cı ildə isə 25 yaşında dünyaya gətirib. 2016-cı ildən ilk dəfə 35-39, 40-44 yaşlarında ana olan qadınların sayı da artıb.
Ekspertlərin fikrincə, əsas səbəb sosial problemlərlə bağlıdır. Qadınlar yüksək maaş almadıqları, ya da ərləri ailənin ehtiyaclarını ödəyə bilmədiyi üçün övlad sahibi olmaq istəmirlər.
“Proqressiv Qadınlar İttifaqı” ictimai təşkilatının sədri Vardui Gevorqyan JAMnews-a bildirib ki, qadınlar əsasən ərə getdikləri zaman uşaq dünyaya gətirirlər, indi isə qadınlar gec ailə qurur və bu, yetərincə düşünülmüş addımdır.
“Nikaha girən, amma uşaq istəməyən cütlüklər də var, çünki özlərini yetəri qədər imkanlı hesab etmirlər, uşağın minimal ehtiyaclarını ödəyə bilməməkdən çəkinirlər. Çoxlarının mənzili yoxdur. Onlar mənzil problemini həll edəcəkləri vaxtı gözləyirlər və yalnız bundan sonra evlənirlər. Əvvəllər qızlar qayınana və qayınata ilə birlikdə yaşamağa razı olurdular, indi isə gənclər ayrı yaşamaq istəyir. Buna görə də mənzil sahibi olacaqları vaxtı gösləyirlər”, – Vardui Gevorqyan deyib.
Ekspert qeyd edib ki, qadınlar gec ərə gedir, çünki karyera yüksəlişi onlar üçün daha önəmlidir, üstəlik uyğun namizəd də tapa bilmirlər. Gec doğuşların başqa bir səbəbi kişilərin dolanışıq dalınca yad ölkələrə getməsidir.