Ermənistanda jurnalistlərə qarşı fiziki zorakılıq halları artıb
2022-ci ilin aprel-iyun aylarında Ermənistanda 11 jurnalist fiziki zorakılığa məruz qalıb. Həmin aylarda məlumat almaq hüququnun pozulması ilə bağlı 24 fakt qeydə alınıb. Bu barədə Söz Azadlığının Müdafiəsi Komitəsinin sədri Aşot Melikyan təşkilatın söz azadlığı və jurnalistlərin hüquqlarının pozulması ilə bağlı yeni hesabatını təqdim edərkən bildirib. Eyni zamanda, bu qanun pozuntularının heç birinə görə heç kimin məsuliyyətə cəlb edilmədiyini vurğulayıb.
- HRW Azərbaycan hakimiyyətindən azad sözə qarşı zorakılığı dayandırmağı tələb edib
- Venesiya Komissiyası Azərbaycanın “Media haqqında” qanununu tənqid edib
- Siyasi böhran və Rusiya meyilli əhval. Gürcüstandakı vəziyyət ukraynalı jurnalistlərin gözü ilə
Müxalifətin küçə mübarizəsi və jurnalistlərə qarşı zorakılıq
Yanvardan mart ayınadək jurnalistlərə qarşı yalnız bir fiziki zorakılıq halı olub, ötən ilin aprel-iyun aylarında isə səkkiz belə hadisə qeydə alınıb – Aşot Melikyan bildirib.
Söz Azadlığını Müdafiə Komitəsinin sədri jurnalistlərə və mediaya hücumları ölkədəki gərgin ictimai-siyasi vəziyyətlə izah edir. O, 2022-ci ilin ikinci rübündə jurnalistlərə qarşı fiziki zorakılıq hallarının kəskin şəkildə artmasını təsadüfi hesab etmir. Məhz bu aylarda müxalifət və tərəfdarları baş nazirin istefasını tələb edərək küçələrə çıxıblar:
“2022-ci ilin aprelindən iyun ayına qədər olan dövr olduqca gərgin idi. Radikal müxalifət itaətsizlik aksiyaları təşkil edirdi. Jurnalistlərə qarşı 11 zorakılıq hadisəsindən 10-u məhz bu müddət ərzində törədilib. Daha bir hadisə isə ölkə parlamentində qeydə alınıb”.
Melikyanın sözlərinə görə, etirazçılarla polis arasında baş verən toqquşma nəticəsində həm jurnalistlər, həm də operatorlar xəsarət alıb. Amma ayrı-ayrı media nümayəndələrinə qarşı “məqsədli hərəkətlərin” həyata keçirildiyi hallar da olub.
O, həmçinin mediaya və onların əməkdaşlarına qeyri-fiziki təzyiq halları ilə bağlı məlumatları da təqdim edib. Bu ilin yanvar-mart aylarında 12, aprel-may aylarında 11 belə hadisə qeydə alınıb. Ötən ilin eyni dövründə isə jurnalistlərə qarşı 44 təzyiq faktı baş verib.
“Fiziki zorakılıq hallarının sayı artdıqca, digər təzyiq növləri azalır”, – ekspert vurğulayıb.
“Qanun pozulur, amma media məhkəməyə müraciət etməkdən yayınır”
Komitənin məlumatına görə, bu ilin aprel-iyun ayları ərzində məlumat almaq hüququnun pozulmasına dair 24 fakt qeydə alınsa da, yalnız bir iş üzrə məhkəməyə ərizə verilib.
Aşot Melikyan bunu onunla izah edir ki, media məhkəməyə getməyi vaxt itkisi hesab edir.
2022-ci ilin yanvar-mart ayları ərzində isə 45 informasiya almaq hüququ pozuntusu qeydə alınıb. Ekspert bu göstəricinin azalmasını müsbət qiymətləndirir, lakin jurnalistlərin hələ də dövlət qurumlarından məlumat almaqda çətinlik çəkdiyi üçün vəziyyətin həyəcanlı olaraq qaldığını vurğulayır:
Vəziyyət həqiqətən çox problemlidir. Cavabın gecikdiyi vaxtlar olur, heç bir əsas olmadan və ya qəribə əsaslandırmalarla məlumat verməkdən imtina edirlər. Məsələlərin mahiyyətinə uyğun gəlməyən qeyri-müəyyən cavabları daha demirəm.
Aşot Melikyan iyunun əvvəlində “İnformasiya azadlığı haqqında” qanuna edilən dəyişikliyi xatırladıb. Bu dəyişikliyə əsasən, dərc edilməli olan məlumatları təqdim etməkdən əsassız olaraq imtina edən dövlət orqanları inzibati tənbeh tətbiq edəcək. Söhbət əvvəlki 10-50 min dram [təxminən 25-120 dollar] əvəzinə 30-70 min dram [təxminən 75-170 dollar] məbləğində cərimədən gedir.
Ekspert hesab edir ki, bir neçə qanun pozucusu məsuliyyətə cəlb olunsa, bu, ayılma effekti verəcək.
Dezinformasiyanın yayılması ilə bağlı Söz Azadlığını Müdafiə Komitəsinin sədri bildirib:
“Əgər hakimiyyət dezinformasiya məsələsi ilə məşğul olsa, o zaman mediada [dezinformasiya] daha az olacaq. Çox vaxt bəzi jurnalistləri və ya medianı fərziyyələr və ya şayiələr əsasında nəsə dərc etməyə vadar edən rəsmi məlumatın olmamasıdır. Düzdür, çox vaxt bu məqsədli şəkildə edilir”.