Ermənistanda insult keçirən və onkoloji xəstələr pulsuz müalicə olunacaq
Səhiyyə Nazirliyi Ermənistan sakinlərinin müalicəsi üçün bir neçə yeni proqram başladır. Onlardan biri hökumət proqramı üzrə yox, səhiyyə nazirinin bilavasitə əmri və şəxsi təşəbbüsü ilə həyata keçirilir. Söhbət insult keçirən xəstələrin pulsuz müalicəsindən gedir.
Proqramın təfərrüatları
Fevralın 1-dən sosial statusundan asılı olmayaraq beynin insultu diaqnozu qoyulmuş bütün xəstələr pulsuz tibbi yardım alacaq. Onların müalicəsi iki xəstəxanada həyata keçiriləcək.
“Proqramın həyata keçirilməsi üçün son proses gedir, son ştrixlər edilir, ölkənin bütün vilayətlərində təcili yardım briqadaları xüsusi hazırlıq keçib”, – səhiyyə naziri Torosyan deyib.
Təxmini hesablamalara görə, il ərzində müvafiq xəstəxanalarda 250 nəfərin müalicə alması nəzərdə tutulub. Torosyanın sözlərinə görə, bir xəstənin müalicəsi 1 milyon dramdan 4 milyon drama qədər (2-8 min dollar) başa gələcək.
Proqramın reallaşdırılması üçün ümumilikdə 400 milyon drama yaxın (təxminən 825 min dollar) vəsait xərclənib. Səhiyyə Nazirliyində hesab edirlər ki, bu proqram insultdan ölüm hallarını əhəmiyyətli dərəcəsə, əlillik riskini isə 13 faizə qədər azaldacaq.
• Ermənistanda getdikcə daha çox adam qrip peyvəndinə razılaşır
Başqa nəyi pulsuz müalicə edəcəklər?
Ermənistanda onkoloji əməliyyatlar da pulsuz həyata keçirilir. Az əvvələ qədər cərrahi əməliyyata ehtiyac olduğu zaman dövlət onkoloji xəstələrin müalicə xərcinin yalnız bir hissəsini ödəyirdi.
Torosyan nazir kimi populyarlaşır
Torosyan 2018-ci il inqilabından sonra hökumətin tərkibinə daxil olan, yəni hakimiyyətə Nikol Paşinyanla birlikdə gələn nazirlərdən biridir. İlk zamanlarda Torosyana bir qədər ehtiyatlı münasibət bəslənilirdi. Bu, onun Ermənistanda populyar olmayan təşəbbüslərlə çıxış etməsi ilə əlaqədar idi. Məsələn, o, papilloma virusuna qarşı peyvənd təşəbbüsünü irəli sürmüşdü, halbuki həmin vaxt ölkədə bunun təhlükəsi, riskləri və mənfi nəticələri müzakirə olunurdu.
İndi nazir müsbət əks-səda doğuran təşəbbüslərlə çıxış edir. 2021-ci ilə qədər o, icbari tibbi sığorta sisteminin tətbiqinə çalışmaq niyyətindədir. Artıq ölkədə sanaviasiyanın fəaliyyət göstərməsinə nail olub. Lazım olduğu təqdirdə həkimlər xəstələrin yanına vertolyotla gedib çıxa bilirlər. Torosyan həmçinin korrupsiyaya və tibb müəssisələrində rüşvətə qarşı mübarizəyə başlayıb, həkim və tibb bacılarının əməkhaqlarını qaldırıb.