Ermənistanda inflyasiyanın Rusiyadan relokasiya ilə əlaqəsi nədir?
Ermənistanda inflyasiya
84 yaşlı Marietta nənənin 40 ildən çox iş təcrübəsi var və indi o, 57 min dram [təxminən 145 dollar] təqaüd alır ki, bu da yaşıdları ilə müqayisədə xeyli çoxdur. Lakin bu məbləğ normal həyat üçün kifayət deyil.
“Hər şey bahalaşıb, pensiya alandan 10 gün sonra pul qalmır, borc götürməlisən, hər ay belədir. Təqaüdçü ən azı 100.000 dram [təxminən 255 dollar] almalıdır ki, orta səviyyədə yaşasın, borclanmasın və yoxsullaşmasın”, – o deyir.
Marietta nənə təkcə kommunal xidmətlərə görə ayda 10-15 min dram [təxminən 25-38 dollar], qışda isə hətta 40-45 min dram [təxminən 100-115 dollar] ödəyir.
İqtisadçılar Mariettanın xərclərinin artmasının Ermənistandakı inflyasiya, Rusiyanın Ukraynada apardığı müharibə və on minlərlə Rusiya vətəndaşının ölkəyə axını ilə bağlı olduğunu deyirlər.
İnsanların bu axını təbii olaraq nəinki iqtisadi fəallığın xeyli artmasına gətirib çıxarıb, həm də xüsusilə sosial cəhətdən imkansız qruplar üçün bir sıra problemlər yaradıb.
Ermənistanda 2022-ci ildə inflyasiya əvvəlki illə (7,7 faiz) müqayisədə 9,9 faiz səviyyəsində qeydə alınıb. Ekspertlər bildirir ki, vəziyyəti gərginləşdirən amillərdən biri də ölkəyə gələn miqrantlardır.
Tələbin əhəmiyyətli dərəcədə artması ərzaq, mənzil alqı-satqısı, kirayə, restoran və otellər, gözəllik salonları, taksi xidmətləri, maliyyə və poçt xidmətləri sahələrində qiymət artımına səbəb olub. Ermənistana çoxlu valyuta axını səbəbindən dollar və avronun dəyəri aşağı düşüb ki, bu da bir sıra problemlər yaradır.
Mərkəzi Bankın məlumatına görə, avqustda xaricdən fiziki şəxslərin Ermənistan banklarındakı hesablarına 472 milyon 283 min dollar köçürülüb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə təxminən 2,5 dəfə çoxdur. Ümumilikdə bu ilin yanvar-avqust aylarında Ermənistanda fiziki şəxslərin hesablarına 2 milyard 910 milyon dollar vəsait köçürülüb.
- Azərbaycanlılar və ermənilər necə evlərini dəyişirdilər
- Azərbaycanlı, erməni və gürcünün Berlin görüşü və ya “Dolma gündəlikləri” filmi
Ermənistanda inflyasiya və mənzil məsələsi
28 yaşlı proqramçı Qurgen də xaricdən köçürmələr alır. Dolların devalvasiyası onun gəlirlərinə xeyli təsir edib. Qazancının dramlara çevrilməsindən o, indi keçən illə müqayisədə təxminən 20 faiz zərər çəkir.
Bundan əlavə, o, mənzil kirayələyir və indi aylıq kirayə haqqı olaraq 200.000 dram [təxminən 510 dollar] ödəməlidir, halbuki keçən il ödəniş cəmi 160.000 dram [təxminən 400 dollar] idi.
Mənzil sahibi şərt qoyub: ya Qurgen ilin sonunda mənzili boşaldacaq ki, o, öz mənzilini baha qiymətə ruslara verə bilsin, ya da qalmaq istəyirsə, daha çox pul ödəməlidir.
Şərh
İqtisadçı Aykaz Fanyan “Trayektoriya. İnsanlar. Hekayələr. Münaqişələr” layihəsinə müsahibəsində
“Kirayə mənzil bazarında tələbin hədsiz artması şok idi və inflyasiyanın yüksəlməsi bunun nəticəsidir.
Ev sahibləri kirayəçilər ilə rəsmi müqavilə bağlamırlar və onlar qarşısında heç bir öhdəlik daşımırlar. Çox vaxt onlar kirayəçilərdən ya əvvəlcədən razılaşdırılandan çox pul ödəmələrini, ya da mənzilləri tərk etmələrini tələb edirlər. Sonra da Rusiyadan gələn qonaqlara daha yüksək qiymətə icarəyə verirlər.
Tələb və təklif arasında da böyük fərq var. 50-60 min əcnəbinin yerləşdirilməsi üç milyona yaxın əhalisi olan Ermənistanın yükünü ciddi şəkildə artırmamalıdır. Amma ölkədə kirayə mənzillərin sayı həmişə məhdud olub və tələbat artdıqca qiymətlər xeyli qalxıb”.
Ermənistan Miqrasiya Xidmətinin məlumatına görə, 2022-ci ilin ilk 9 ayı ərzində ölkəyə 780 minə yaxın Rusiya vətəndaşı gəlib. Həmin dövrdə Ermənistanı 740 min nəfər tərk edib. Təkcə sentyabr ayında 132 min insan Rusiya pasportu ilə gəlib. İlk axın yazda, Rusiyanın Ukraynaya işğalı başlayandan dərhal sonra başlayıb. İkincisi – sentyabrın 21-də Rusiyada qismən hərbi səfərbərlik elan edildikdən sonra.
Rusların sentyabr axınından sonra 36 yaşlı Sevak çətin sosial problemlə üzləşib. O, 4 ildir ki, arvadı və uşağı ilə kirayədə yaşayır, lakin indi ev sahibi kirayə haqqını ikiqat artırmağa qərar verib və Sevak mənzili boşaltmalı olacaq.
44 günlük müharibədən sonra tanınmamış DQR-dən Yerevana köçən Sevakın qonşuları da eyni aqibətlə üzləşib. Əvəzində ruslar artıq çox yüksək kirayə haqqı ödəyən Sevakla qonşuluqda yaşayırlar.
Sevak kirayə pulundan əlavə tikilməkdə olan mənzilin ipotekası üçün də hər ay külli miqdarda pul ödəyir və bu ödənişin də faiz dərəcəsi artıb. Bu arada onun gəliri azalıb, çünki maaşı dollar və Avropadan gələn köçürmələr hesabına formalaşır. Nəticədə ailə çox ağır vəziyyətdədir.
ARAYIŞ
2022-ci ilin əvvəli ilə müqayisədə dollar və avronun məzənnəsi kəskin şəkildə aşağı düşüb.
İndi bir dollar təxminən 400 drama alınıb 406 drama satılır, mart ayında isə 503 drama alınıb 513 drama satılırdı.
Avro daha da ucuzlaşıb, indi dollardan ucuzdur. Oktyabrda ən yüksək məzənnə bir avro üçün 390 dram, satış isə 411 dram səviyyəsində olub.
Bu arada Ukraynada müharibədən əvvəl avronun məzənnəsi 551 dram həddinə çatıb.
Əhalinin sosial problemlərinin yumşaldılması üçün dövlət tərəfindən müəyyən addımlar atılır. Beləliklə, minimum aylıq əmək haqqı 2023-cü il yanvarın 1-dən 68 000 dramdan [təxminən 172 ABŞ dolları] 80 000 drama [təxminən 203 dollar] yüksələcək.
Minimum pensiyanın məbləği isə sentyabrın 1-dən artıq yüksəlib, baxmayaraq ki, artım çox cüzidir: 28,600 [təxminən 72 dollar] əvəzinə 30,500 dram [təxminən 77 dollar] .
Pensiyaların artırılmasının Ermənistanda inflyasiyanın vurduğu zərəri tam ödədiyini söyləmək sadəlövhlük olardı. Minimum pensiyanı ayın bütün günlərinə bölsək, gündə 950 dram [təxminən 2,5 dollar] alınır ki, buna da ancaq çörək və yumurta almaq olar.
“Pensiya heç ərzaqa çatmır, qaldı ki, başqa şeylər”
71 yaşlı Zemfira nənənin pensiyası 68 min dram [təxminən 173 dollar] təşkil edir. Onun 40 yaşlı qızı Narine jurnalistdir və xəbər saytında işləyir.
O deyir ki, maaşının böyük hissəsi kreditlərin ödənilməsinə gedir, qalan hissəsi isə işə gedib-gəlməyə güclə çatır.
Zemfira ev üçün ərzaq alır. Xərcləri əvvəlki illərlə müqayisə edərək, pendir, yağ, ət və dənli bitkilərin qiymətlərinin nəzərəçarpacaq dərəcədə artmasından şikayətlənir. Zemfira deyir ki, onların ət almağa imkanları yoxdur.
“Təqaüd yemək və kommunal xərclərə çatmır, daha paltar və ayaqqabı almaqdan danışmıram, onlar da bahalaşıb. Kommunal ödənişlər də artıb. Qışın isə oğlan çağıdır və biz daha çox işıq və qazdan istifadə edirik. Biz belə xərclərə dözə biləcəyikmi?”, – o deyir.
Ukraynadakı müharibə nəticəsində istehlak səbəti də ən azı mənzillər qədər bahalaşıb. Rəsmi məlumatlara görə, 2022-ci ilin ikinci rübündə istehlak səbəti orta cari qiymətlərlə 82 198 dram [təxminən 210 dollar], birinci rübdə isə 76 299 dram [təxminən 194 dollar] təşkil edib.
Marietta, Zemfira, Qurgen və Sevak deyirlər ki, dövlət sosial sahəyə diqqəti artırmalıdır. Kirayə bazarı elə tənzimlənməlidir ki, hər miqrasiya dalğasına görə mənzil qiymətləri qalxmasın. Marietta və Zemfira qış aylarında pensiyaçıların kommunal xərclərini subsidiya etməyi təklif edirlər.
İqtisadçı Haykaz Fanyan isə xatırladır ki, 2023-cü ildə büdcədən sosial müdafiəyə 648,5 milyard dram [təxminən 1,6 milyard dollar] xərclənəcək, onun fikrincə, bu kifayət deyil.
“Ümumiyyətlə, elə təəssürat yaranır ki, sanki dövlət bu məsələdə sürətli inflyasiya qatarının arxasınca qaçır və ona yetişə bilmir”, – Haykaz Fanyan deyir.