Ermənistanda ekoloqlar “SOS Sevan” aksiyasına başlayır
Hökumət bu il Sevan gölündən buraxılan suyun həcmini 270 milyon kubmetrə qədər artırmağı təklif edir, halbuki illik qəbul olunmuş norma 170 milyon kubmetr hesab olunur.
Bu qərar ekspertlər çevrəsində narazılıq doğurub, ekoloqlar “SOS Sevan” aksiyasına başladıqlarını elan ediblər.
Ekspertlər hesab edirlər ki, Sevandan əlavə 100 milyon kubmetr su istifadə olunması təklifi özündə bir sıra təhlükə daşıyır.
Ermənistan Elmlər Akademiyası Zoologiya və Hidroekologiya Elmi Mərkəzinin direktoru Bardux Qabrielyan deyir ki, göldə suyun səviyyəsinin yüksəlməsi bataqlıqlaşmadan xilas edir: “Əgər Sevanın səviyyəsi azalsa, biz bataqlıqlaşma prosesini sürətləndirmiş olacağıq və uzun müddətli əmək [göldə suyun səviyyəsinin yüksəldilməsi üzrə] boşa gedəcək. Üstəlik suyun keyfiyyəti də pisləşəcək və balıq yetişdirilməsi prosesi çətinləşəcək. Sevanda suyun səviyyəsini heç olmasa bir neçə santimetr qaldırmaq lazımdır”.
Ekoloqlar qeyd edirlər ki, bu məsələ ictimai şəkildə müzakirə olunmayıb, cəmiyyət öz rəyini bildirməyib. Qeqarqunik marzının “Blecan” QHT-nin sədri Lianna Asoyan deyir ki, hətta göl ətrafı kəndlərin sakinləri də bu təklif haqda eşitməyiblər: “Onlar hökumətdə oturub qərar qəbul edirlər, sahilyanı ərazilərdə yaşayan insanların problemlərini nəzərə almadan. Sevan indi-indi bərpa olub, bataqlıqlaşan su təmizlənib – suyun səviyyəsi qaldırılandan sonra”.
Hərçənd hakimiyyət bildirir ki, əlavə həcmdə suyun buraxılması Sevana heç bir ziyan vurmayacaq. Dövlət Su Təsərrüfatı Komitəsinin sədri Arsen Arutunyan əmin edib ki, gölün ekosisteminə xələl gəlməyəcək, çünki il ərzində suyun səviyyəsi 16 sm yüksəlib.
Hökumət öz qərarını əlavə həcmdə suyun buraxılmasının 1,2 milyard dramlıq [2,5 milyon dollar] elektrik enerjisinə qənaət etməyə imkan verəcək.
Ekoloqların bu bəyanatla da bağlı qeydləri var. “EkoLur” ictimai informasiya təşkilatının rəhbəri İnqa Zarafyan bildirir ki, su qanunvericiliyinə əsasən, su ən son növbədə energetika üçün istifadə oluna bilər: “İlk növbədə içməli, sonra suvarma üçün su təmin olunmalıdır… yalnız bundan sonra sudan energetika üçün istifadə etmək olar. Bununla belə suyun buraxılması şəraitində ilk iki amilə necə təsir edəcəyi, içməli və ya suvarma su ehtiyatlarına ziyan dəyib-dəyməyəcəyi haqda bircə kəlmə də deyilmir. Nəticələr haqda ümumiyyətlə heç nə deyilmir”.