Ermənistanda avtomobilsevərlər ölkəyə sağ sükanlı maşınları gətirə biləcələr
Ermənistan hakimiyyəti ölkəyə sağ sükanlı maşınların gətirilməsinə icazə verəcək. Bu layihənin təşəbbüskarı Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir.
Layihə nəyi nəzərdə tutur?
Bu maşınları gətirəndən sonra bir il müddətində sükanın yerini dəyişmək lazım olacaq. Nazirlikdən bildirirlər ki, bu qərar vətəndaşlardan daxil olan çoxsaylı xahiş və şikayətlərə əsasən qəbul edilib.
“Biz qanun çərçivəsində həll yolu tapmağa çalışdıq. Hökumətin qərarı artıq hazırdır. Bu yolla biz problemin həllini asanlaşdırmağa çalışırıq ki, fakt qarşısında qalan insanlar, öz maşınlarını ölkəyə gətirə bilsinlər”, – nəqliyyat, rabitə və informasiya texnologiyaları nazirinin səlahiyyətlərini yerinə yetirən Akop Arşakyan bildirib.
Bəzi avtomobilsevərlər əvvəllər də öz maşınlarında sükanın yerini dəyişirdi. Arşakyanın fikrincə, sertifikatlaşmış mütəxəssislər indi də bunu keyfiyyətlə edə biləcək.
• Gürcüstanda sağ sükanlı maşınlar qadağan olunub
Ermənistana sağ sükanlı maşınların idxalı nə zaman və niyə qadağan edilib?
Hər şey 2017-ci ilin sonunda, hökumətin 2018-ci il aprelin 1-dən sağ sükanlı maşınların ölkəyə gətirilməsinin, daha sonra isə istismarının müvəqqəti olaraq qadağan edilməsi ilə bağlı çıxışından sonra başlayıb. Yalnız 2018-ci il aprelin 1-ə qədər ölkəyə gətirilən avtomobillərin istifadəsinə icazə verilirdi.
Sürücülər təklif edirdilər ki, sağ sükanlı maşınların gətirilməsinə qadağa qismən olsun, amma bu ilin əvvəlində hökumət qəti şəkildə sağ sükanlı maşınların ölkəyə gətirilməsini yasaqladı.
Hakimiyyət öz qərarını təhlükəsizlik məsələsi ilə əlaqələndirib – Ermənistanda avtomobil hərəkəti sol sükanlı maşınlar üçün nəzərdə tutulub.
Sağ sükanlı maşın həvəskarları əmin edirdilər ki, yol polisi qəzalarda sağ sükanlı avtomobillərin “günahına” dair statistikaya malik deyil. Bu arada sağ sükanlı maşınlar əsasən Yaponiya istehsalıdır və xeyli ucuzdur.
Rəsmi məlumata görə, Ermənistanda 32 minə qədər sağ sükanlı avtomobil var. Amma sağ sükanlı avtomobil sürmək hüququ uğrunda mübarizə aparan fəallar bildirirlər ki, real olaraq onların sayı 100 minə yaxındır.