Ermənistanda “Avrora” humanitar mükafatının növbəti laureatı seçilib
Humanitar hüquq sahəsində “Avrora” mükafatını bu il Myanmadan olan vəkil Çjo La Aun alıb. Artıq bir neçə ildir ki, o, Myanmada yaşayan və təqib olunan rohinca müsəlmanlarının hüquqları uğrunda mübarizə aparır.
Bu il mükafata 115 ölkədən 750 nəfər iddialı olub. Seçim komissiyasının rəsmi qərarında deyilir ki, Çjo La Aun “Myanmada rohinca (xalqının) hüquqları, o cümlədən də təhsil haqqı uğrunda mübarizə işinə sadiqliyinə görə” mükafatlandırılıb.
“Avrora” mükafatı laureatı Çjo La Aun hüquq müdafiəçisi kimi fəaliyyəti müddətində 12 il məhbəsdə yatıb, amma Myanmada müsəlmanlara zülm edilməsinə qarşı mübarizədən əl çəkməyib. Mükafatın təqdimat mərasimində o, bir daha rohincaların durumu haqda danışıb və dünya ictimaiyyətini buna diqqət yetirməyə çağırıb:
“Mənim xalqımın qarşısına sərt məhdudiyyətlər qoyulub. Mənim adamlarım mərdliklərini və özlərinə inamı itiriblər, onlar təhsildən məhrum olublar, bunun nəticəsində də yoxsullaşıblar. Xalqım belə diskriminasiyaya məruz qaldıqca mənim ürəyim parçalanır. “Avrora” mükafatının dəstəyi insan haqlarının pozulmasından əziyyət çəkən müsəlmanlara böyük kömək olacaq və bu çox vacibdir. Rohincaların çəkdiyi əzab haqda dünyada tədricən daha çox insan xəbər tutacaq”.
Əldə etdiyi 1,1 milyon dolların 100 min dollarını hüquq müdafiəçisi öz layihələrinə sərf edə biləcək. Qalan məbləği isə müsabiqə şərtlərinə əsasən, digər təşkilatlara verməyə borcludur. Çjo La Aun artıq bu təşkilatların siyahısını müəyyənləşdirib. Bunlar “Sərhədsiz həkimlər” (Böyük Britaniya), Malayziya Tibbi Yardım Cəmiyyəti və Beynəlxalq Miqrasiya üzrə Katolik Komissiyadır (ABŞ, İsveçrə).
Amnesty International rohinca müsəlmanlarının vəziyyətini bu günün əsas humanitar fəlakəti adlandırıb. Rohincalar özlərini Myanmanın Rakxayn ştatının sakinləri hesab edirlər, rəsmi hakimiyyət və ölkənin budist əhalisi isə bununla razı deyil. Hökumət onlara vətəndaşlıq verməkdən imtina edir və rohincaları qeyri-leqal miqrant adlandırır.
2016-cı ildə baş verən son gərginlik zamanı qaçqınların bildirdiyinə görə, Myanma əsgərləri könüllü budistləri dəstəkləyərək rohincaları öldürür və zorlayırmış. Nəticədə 700 min nəfər Banqladeşə qaçıb. O zamana qədər qonşu ölkədə artıq 300 min nəfər rohinca vardı, onlar əvvəlki toqquşmalar zamanı ora köçüb.
BMT baş katibi Antoniu Quterriş 2018-ci ilin fevralında müsəlman əhalinin Myanmadan qovulmasını etnik təmizləmə adlandırıb:
“Vətəndaşlıqdan məhrum olmuş bu insanlar silahlı qüvvələr və digər insanlar tərəfindən həddən artıq qəddar münasibətə məruz qalıb. Onlar öz evindən, ölkəsindən qovulublar, bu isə etnik təmizləmənin bariz nümunəsidir”.