Ermənistanda 1999-cu il terrorunun qurbanları anılır
Ermənistanın baş naziri səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyan digər vəzifəli şəxslərlə birlikdə parlamentin həyətində 27 oktyabr 1999-cu il terroru qurbanlarının xatirə abidəsinə gül dəstəsi qoyub. Siyasətçiləri həlak olan deputatların qohumları da müşayiət edib.
27 oktyabr 1999-cu ildə nə baş verib?
19 il əvvəl silahlı qruplaşma Ermənistan Milli Məclisinə soxulub. Onlar bunun dövlət çevrilişi olduğunu bəyan edərək, deputatlardan mobil telefonlarını söndürüb, yerə uzanmalarını tələb ediblər.
Qrupun lideri Nairi Unanyan idi. Daha sonra iclas zalında olan jurnalistlərin bildirdiyinə görə, Unanyan Ermənistanın o zamankı baş naziri Vazgen Sarqsyana yaxınlaşıb və bu sözləri deyib: “Bəsdir bizim qanımızı içdiniz”, – Vazgen Sarqsyan isə cavabında deyib ki, “Hər şey səndən və sənin övladlarından ötrü edilir”. Bunun ardınca Nairi Unanyan atəş açıb. Vazgen Sarqsyan həlak olub.
Ondan başqa parlament spikeri Karen Dəmirçiyan da daxil olmaqla daha 7 nəfər qətlə yetirilib.
• “Adi sahə müvəkkilinin” çözə biləcəyi çözülməmiş işin təfərrüatları
Şahidlər qeyd edirlər ki, atəş səsləri küçədə, parlament divarlarından kənarda da eşidilib. İlk atəşlərdən yarım saat sonra parlament binası qarşısına minlərlə insan toplaşıb, DİN-in çoxsaylı qüvvəsi cəlb olunub.
Terrorçular 50-ə qədər deputatı girov götürərək prezident Robert Koçaryanla birbaşa danışıqlar tələb ediblər.
Danışıqlar baş tutub. Terrorçular onlara canlı efirə çıxmaq imkanı verilməsini, həmçinin ədalətli mühakimə zəmanəti tələb ediblər.
Oktyabrın 28-də girovlar azad edilib, silahlı qruplaşmanın üzvləri isə həbs olunub.
Silahlı qruplaşma və terror aktı şahidlərinin aqibəti necə olub?
Milli Məclis atəşə tutulandan sonra məhkəmə araşdırması başlayıb. Biri istisna olmaqla qrupun bütün üzvləri ömürlük həbs cəzasına məhkum edilib.
Qrup lideri Nairi Unanyan hələ də məhbəsdə cəzasını çəkir, amma onun əlbir olduğu şəxslərin çoxu, o cümlədən də terror aktı şahidləri naməlum şəraitdə həlak olub.
27 oktyabr 1999-cu ildə parlament binasında törədilən terror aktında iştirak etdiyi üçün ömürlük həbsə məhkum edilən Eduard Qriqoryan 2017-ci il noyabrın 5-də vəfat edib.
Ölümündən əvvəl Eduard Qriqoryan 27 oktyabr işi üzrə “cəmiyyətdən israrla gizlətməyə çalışdıqları” həqiqətləri danışacağını vəd etmişdi.
Əldə olan məlumata görə, gecə Eduard Qriqoryanın ürək nahiyəsində kəskin ağrı başlayıb. Təcili yardım onu xəstəxanaya çatdırıb və o, orada keçinib.
Eduard Qriqoryandan əvvəl terror aktında iştirak edən və 27 oktyabr işi üzrə şahid olan daha 8 nəfər həyatını itirib.
2000-ci ildə şübhəli şəxs qismində cəlb edilmiş ixtisasca elektrik olan Norayr Yeqizaryan cəza müəssisəsində öz kamerasında rəsmi məlumata görə, elektrik cərəyanının vurması nəticəsində ölüb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Yeqizaryanın ölümünə 220 Voltluq cərəyan səbəb olub. Bununla belə mətbuatda dərc olunan məlumatlara görə, Norayr Yeqizaryanın başında zərbə izləri aşkarlanıb, amma rəsmi mənbələr bunu təsdiqləməyib.
Bir müddət sonra 2004-cü ildə 27 oktyabr terror aktının ömürlük həbsə məhkum edilmiş digər iştirakçısı Vram Qalstyan öz kamerasında rəsmi məlumata görə, intihar edib. Məhkəmə araşdırması zamanı Vram Qalstyan dəfələrlə insanların həqiqətləri bilməməsi üçün onun bədəninə psixotrop maddələr yeridildiyini və hər yolla intihara sövq edildiyini bildirmişdi.
2010-cu ilin mayında eyni cəza müəssisəsində 27 oktyabr hadisəsi ilə əlaqədar 14 il müddətinə azadlıqdan məhrum edilmiş Hamlet Stepanyan da ölüb. Onun cəza müddətinin bitməsinə artıq iki qalmışdı. İlkin ekspertiza rəyinə əsasən, 57 yaşlı Hamlet Stepanyanın ölümünə ürəktutması səbəb olub. Onun müdafiəçiləri isə bildirirdilər ki, Stepanyanın daha əvvəl ürəklə bağlı heç bir problem olmayıb.
Nairi Unanyanı yaxından tanıyan, 27 oktyabr işinə şahid qismində cəlb olunan jurnalist, İctimai Televiziya Şurasının sədri Tiqran Naqdalyan 2002-ci ildə Yerevanda valideynlərinin evindən çıxarkən qətlə yetirilib.
2004-cü ildə Aparan-Yerevan trasında MM deputatı Muşeq Movsisyan qəzaya düşüb. Vaxtilə o, 27 oktyabr işi üzrə saxlanılıb, bir müddət sonra isə azad edilib. Qəzadan sonra dəfələrlə əməliyyat olunsa da, Movsisyan özünə gəlmədən keçinib.
Yenə də 2004-cü ildə işdə şahid qismində dindirilmiş MM-in tibb bacısı Roza Ohanesyan ABŞ-da qəza nəticəsində həlak olub. Terror aktı günü o, parlamentdə iş başında imiş.
2004-cü ildə Milli Məclisin binasında protokol şöbəsinin əməkdaşı, 45 yaşlı Asmik Abramyan özünü asaraq intihar edib. Onun adı da bu iş üzrə şahidlərin siyahısına daxildi.
2014-cü ildə əsas şahidlərdən biri ABŞ-da dünyasını dəyişib. Müxbir, Ermənistanın Milli Televiziyasının şərhçisi, Nairi Unanyanın yaxın dostu Tiqran Nazaryan terror aktı baş verən gün Milli Məclisin zalına girib, 2 saata yaxın silahlı qruplaşmanın başçısı ilə danışıq aparmışdı.
Cinayət çözülübmü?
Cinayətin icraçıları cəzalandırılıb, amma Ermənistanda çoxları hesab edir ki, işin sifarişçiləri də olub və onların adları hələ də naməlum qalır. Cinayətin həqiqi motivi də indiyə qədər aydın deyil.
Bir neçə versiya mövcuddur. Onlardan birinə əsasən, Ermənistan parlamentində törədilən terror aktı digər dövlətlərin xüsusi xidmət orqanları tərəfindən təşkil edilib.
Digər versiyaya görə isə cinayətin təşkilatçısı o zamankı prezident Robert Koçaryandır. Deyilənlərə görə o, bu yolla siyasi rəqiblərini – terror aktı zamanı qətlə yetirilən spiker Dəmirçiyan və baş nazir Sarqsyanı aradan götürmək istəyib.
Bu iş yenidən açılacaqmı?
Ermənistanın baş naziri səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyan bəyan edib ki, işin təkrar açılması üçün yeni detalların ortaya çıxması lazımdır.