Ermənistan və Azərbaycan XİN rəhbərlərinin danışıqları: vasitəçilər kadr arxasında qalıblar
Cenevrədə Bayramov-Mirzoyan görüşü
Oktyabrın 2-də Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü baş tutub. Əvvəlcədən elan olunmuşdu ki, danışıqlarda Aİ-nin Cənubi Qafqazdakı nümayəndəsi Toyvo Klaar və ATƏT MQ-nin amerikalı həmsədri, Qafqazda danışıqlar üzrə baş müşavir Filip Piker də iştirak edəcəklər. Amma görüş başa çatdıqdan sonra yayılan rəsmi məlumatlarda onların adları çəkilməyib.
Oktyabrın 3-də səhər görüş zamanı müzakirə olunan mövzuların sadalandığı kasad informasiya yayılıb. Ermənistan tərəfi Azərbaycan qoşunlarının bu ölkənin suveren ərazilərindən çıxarılmasına israr edib. Sərhəddəki vəziyyətə beynəlxalq nəzarət mexanizmlərinin tətbiqi məsələsi müzakirə olunub. Həmçinin bildirilir ki, nazirlər “Azərbaycan və Ermənistan arasında sülh razılaşması üzrə fikir mübadiləsi ediblər” və regional kommunikasiyaların açılması məsələsi haqda danışıblar.
Bu, sentyabr müharibəsindən sonra Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ikinci görüşüdür. İlk görüş sentyabrın 20-də Nyu Yorkda ABŞ dövlət katibi Blinkenin vasitəçiliyi ilə baş tutub.
Cenevrə danışıqları haqda hazırda məlum olan bütün təfərrüatlar, o cümlədən də Bakı və Yerevandan şərhlər.
- İlham Əliyev: “Sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir”
- 13-14 sentyabrda Ermənistan-Azərbaycan sərhədində müharibə niyə baş verdi? Altı versiya
- Pelosinin Yerevana səfərinin əsas səbəbi nədir? – Bakıdan şərhlər
Bakıdan informasiya
Azərbaycan XİN mətbuat xidmətinin yaydığı məlumata əsasən, oktyabrın 2-də Cenevrədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyanla ikitərəfli görüşdə Ermənistan SQ-nin Azərbaycan Respublikası ərazisindən tam çıxarılmasının vacibliyini vurğulayıb.
Mənbənin bildirdiyinə görə, görüş 31 avqust 2022-ci il tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşün nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin mətninin hazırlanması barədə verilmiş tapşırığa uyğun olaraq təşkil edilib.
“Ceyhun Bayramov səylərin post-münaqişə dövründə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsinə və sülh müqaviləsinin imzalanmasına yönəldilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. Nazir bu xüsusda, tərəfimizdən təklif olunmuş beş baza prinsipləri əsasında müqavilənin elementlərini detallı şəkildə Ermənistan tərəfinin diqqətinə çatdırıb.
Görüş zamanı, delimitasiya olunmamış sərhəddə baş vermiş gərginliyi nəzərə alaraq, delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının əvvəlcədən razılaşdırıldığı kimi cari ilin noyabr ayında deyil, oktyabr ayında keçirilməsi Azərbaycan tərəfindən təklif olunub.
Ceyhun Bayramov, Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli bəyanatlara və liderlər arasında əldə edilmiş razılıqlara uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılmasının, Baş nazirlərin müavinlərinin rəhbərliyi ilə üçtərəfli komissiya çərçivəsində əldə olunmuş ilkin razılaşmalar əsasında nəqliyyat-kommunikasiya xəttlərinin qısa müddətdə açılmasının, delimitasiya üzrə işdə irəliləyiş əldə edilməsinin zəruriliyini vurğulayıb.
Humanitar məsələlərə toxunan nazir, o cümlədən, 4 000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini, Ermənistan tərəfinin Azərbaycan ərazisində çoxsaylı faciəvi itkilərə səbəb olan minalar yerləşdirməkdə davam etməsinin qəbuledilməzliyini, bunun Üçtərəfli bəyanat üzrə Ermənistanın öhdəliklərinin kobud pozuntusu və hərbi cinayət olduğunu diqqətə çatdırıb.
Ceyhun Bayramov Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq olduğunu və sülh müqaviləsinin imzalanmasına hazırlığını bir daha ifadə edib. Bu istiqamətdə müzakirələrin davam etdirilməsinə dair razılıq əldə olunub”, – XİNin məlumatında deyilir.
Sosial şəbəkələrdə yayılan videokadrlar haqda
İki ölkənin XİN rəhbərlərinin görüşündən bir gün öncə sosial şəbəkələrdə azərbaycanlı hərbçilərin Ermənistan SQ-nin hərbçilərini güllədiyini əks etdirən video yayılıb.
Bu faktla bağlı Azərbaycanın Hərbi Prokurorluğu və XİN bəyanatla çıxış ediblər.
“Bəzi sosial media səhifələrində Azərbaycan hərbi qulluqçuları tərəfindən erməni silahlı birləşmələrinin üzvlərinə qarşı qanunsuz əməllərə yol verilməklə saxlanılmış təxribatçıların atəşə tutulması iddia olunduğu görüntülər paylaşılmışdır.
Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən bu kateqoriyadan olan videolar üzrə onların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən digər bütün hallar tam və hərtərəfli araşdırılır”, – hərbi prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir.
Qurumdan bildirilib ki, araşdırmanın nəticəsində qanunla nəzərdə tutulmuş tədbirlər görüləcəkdir.
“Ermənistan XİN-in 2 oktyabr 2022-ci il tarixli, Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbi cinayətlərin törədildiyini iddia edən bəyanatı onilliklər ərzində təcavüzkar siyasət yürüdən, bir milyona yaxın insanın fundamental hüquqlarını tapdalayan, hərbi və mülki şəxslərə qarşı çoxsaylı hərbi cinayətlər törədən bir ölkənin riyakarlığının nümunəsidir”, – Azərbaycan XİN mətbuat xidməti Ermənistan XİN-in hərbi cinayətlər haqda bəyanatı iə əlaqədar bildirib.
“Ermənistandan fərqli olaraq Azərbaycan öz beynəlxalq öhdəliklərinə ciddi yanaşır və hərbi əməliyyatlar zamanı törədilən cinayətlərlə bağlı iddialar müvafiq dövlət qurumları tərəfindən araşdırılır”, – məlumatda qeyd edilib.
Azərbaycan XİN xatırladıb ki, “Ermənistan silahlı qüvvələri tərəfindən hələ birinci Qarabağ müharibəsindən etibarən nəinki azərbaycanlı hərbçilərə, eləcə də mülki şəxslərə qarşı misli görünməmiş qırğınlar törədilib, yalnız bir gecədə 1992-ci ilin 26 fevral tarixində Xocalı şəhərində 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilib, bu günədək 4000-ə yaxın azərbaycanlının taleyi barədə heç bir məlumat verilməyib.
“2020-ci oktyabrında Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir şəhərlərinin mülki əhalisini raket hücumuna tutaraq insanlıq əleyhinə cinayətlər törədilib.
Ermənistanın səbəbkarı olduğu mina təhlükəsi bu gün bölgədə insanların həyatına ciddi hədədir. 2020-ci ilin noyabrından bu günədək əksəriyyəti mülki şəxs olmaqla 250-dək insan mina qurbanı olub.
Azərbaycan ərazilərində aşkarlanan minaların 2021-ci ildə Ermənistanda istehsal olunması faktı isə Ermənistanın bir tərəfdən mina xəritələrini hələ də tam olaraq Azərbaycana verməyərək, digər tərəfdən yeni minalar basdırmaqla Azərbaycanlılara qarşı hərbi cinayətlərini davam etdirdiyinin sübutudur.
Ermənistan hökuməti bu günədək törədilən hərbi cinayətlərin qarşısının alınması və ya törədilmiş cinayətlərə görə aidiyyəti şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində bugünədək heç bir əməlli tədbirlər görməyib”, – Azərbaycan XİN-in bəyanatında deyilir.
Bakı Ermənistanın əsassız iddialar yayaraq beynəlxalq ictimaiyyəti yanıltmaq və öz məsuliyyətini gizlətmək cəhdlərini qətiyyətlə qınayır.
“Ermənistandan beynəlxalq öhdəliklərinə əməl etməyi və çoxsaylı hərbi cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməsini tələb edirik”, – şərhdə vurğulanır.
Bakıdan şərh
“Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü Cenevrədə baş tutub. İsveçrə özünü dünyadakı münaqişələrdən və siyasi didişmələrdən kənarda tutan neytral dövlətdir, buna görə də Bayramov-Mirzoyan danışıqlarına üçüncü tərəfin müdaxiləsi olmayan müzakirə fonu verilir”, – azərbaycanlı ekspert Aqşin Kərimov hesab edir.
Ancaq batinə doğru irəlilədikcə, bu görüşün məhz Qərb siyasi dəyərlər sisteminin bir parçası olan Avropa İttifaqının, bir az da irəli getsək, ABŞ-ın vasitəsilə təşkil olunduğunu söyləmək imkanlarımız yaranır.
Bunu təsdiq edə biləcək iki nüansa mütləq diqqət yetirilməlidir:
1. Danışıqların Cenevrə raundunda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında 31 avqustda Brüsseldə keçirilmiş görüşdə sülh müqaviləsinin mətninin hazırlanması barədə tapşırıqları müzakirə edilib.
2. XİN başçılarının görüş günü ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan İstanbulda Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalınla görüşüb. Müzakirə olunan məsələlər sırasında Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına dəstək də yer alıb.
Qarışıq təəssürat yaradan düyünləri şərh vasitəsilə açmağa çalışsaq, qeyd edə bilərik ki, sülh müqaviləsinin imzalanması üçün ABŞ və Rusiya Türkiyənin rolunu kənar oyunçular qismində mərkəzdə görür.
Ona görə ki, Türkiyənin Rusiya ilə münasibətləri yaxşı səviyyədədir, hərçənd ki, Qərblə əlaqələrində yoxuşlar çəkilir. Ancaq Ankaranın zahirdəki fəaliyyəti ilə yanaşı, batindəki moderatorluğu da hər iki tərəfə səmərə verir və qlobal güclərin sülh müqaviləsinin mətnindəki balansını saxlamağa yardımçı olur.
İndi ABŞ-la Rusiya Cənubi Qafqazı yağlı tikələrdən biri kimi nəzərdə saxlayırlar və Vaşinqton Moskvanın regiondakı tarixi, siyasi və hərbi mövcudluğunu ən azından proseslərə müdaxilə edə bilməyəcək səviyyəyə endirmək istəyir.
Amma istəklərlə reallıqlar üst-üstə düşmür, Rusiya Türkiyə ilə əməkdaşlıq, Azərbaycanla yaxşı münasibətləri fürsətə çevirərək Ermənistanı cəzalandıran addım səslərini gurlaşdırır və Ağ Evi kənara sıxmağı bacarır.
Azərbaycanla Ermənistan arasındakı sülh gündəliyi qlobal maraqlar çarpışmasına baxmayaraq, artıq konseptual nöqtədən detallı mərhələyə çatıb, hərçənd ki, Yerevan hələ də Bakının sərhədə dair bufer zona tələbinə qarşı müqavimət göstərir.
Bu xüsusda deyə bilərik ki, sülh danışıqlarının rəvan getdiyi zamanda Azərbaycan hərbi əməliyyatları növbəti fazaya keçirə bilər, lakin bu, diplomatik danışıqlara həlledici şəkildə zərbə vurmaz.
Bir az obrazlı desək, sülhlə hərb əl-ələ verib yeriyir və yekun sülhün mətnini yazır.
Ortada isə müşkülləri açmaq üçün yeni razılıqlar da var. Belə ki, Bayramov-Mirzoyan görüşündə razılıq əldə olunub ki:
– Sərhədin delimitasiya edilməmiş zolağında noyabrda nəzərdə tutulan birgə komissiyaların iclası tezləşdirilsin, yəni oktyabra keçirilsin. Hesablamaq olar ki, tərəflər əldə edilmiş hansısa gizli razılaşmanın icrasını sürətləndirmək prosesi barədə ortaq məxrəcə gəliblər;
– 10 Noyabr Bəyanatının 4-cü bəndinə uyğun olaraq qanunsuz erməni silahlı birləşmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərindən çıxarılması təmin edilsin.
Bu tələb yeni deyil, lakin son proseslər, o cümlədən Azərbaycan-Ermənistan sərhədindəki genişmiqyaslı toqquşmalar fonunda əlavə məzmun qazanır, – Kərimov qeyd edib.
Ekspert həmçinin iki ölkə arasında sülh gündəmi ətrafında öz proqnozlarını da bölüşüb:
“1. Sülh müqaviləsinin ilkin detallı forması ərsəyə gəlib, bundan sonra qlobal güclər olan Rusiya və ABŞ həmin detalları öz maraqlarına uyğunlaşdırmaq cəhdlərini davam etdirəcəklər. Ona görə də növbəti həftələrdə və ya aylarda Azərbaycan-Ermənistan sərhədində hərbi insidentlərin kənardan körüklənməsi üçün addımlar atıla bilər.
2. Cənubi Qafqaz səhnəsi Rusiya-Ukrayna müharibəsinin gedişatında fərqli hadisələrə də şahidlik etməyə hazır vəziyyətdədir, Azərbaycan güclü əl kimi tələblərini regional təhlükəsizlik kontekstində genişləndirəcək.
3. Türkiyə Cənubi Qafqaz regionundakı mühitin özünə və Azərbaycana zərər gətirməməsi üçün çalışacaq”.
Yerevandan informasiya
Oktyabrın 3-də səhər Ermənistan XİN öz saytında aşağıdakı informasiyanı dərc edib:
“Ararat Mirzoyan Azərbaycan qoşunlarının Ermənistan Respublikasının suveren ərazisindən çıxarılması və bütün erməni hərbi əsirlərin dərhal azad edilməsi ilə bağlı erməni tərəfinin mövqeyini təsdiqləyib. Sərhəddə vəziyyətə nəzarət üçün beynəlxalq mexanizmlərin tətbiqinin vacibliyi qeyd edilib.
Ermənistan Respublikasının xarici işlər naziri vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrinin törətdiyi hərbi cinayətlərə beynəlxalq qurumlar tərəfindən aydın qiymət verilməli, cinayətkarlar məsuliyyətə cəlb edilməlidir.
Tərəflər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi, Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik təminatlarının təmin edilməsi, o cümlədən Stepanakert və Bakı arasında müzakirə mexanizminin yaradılması ilə bağlı fikir mübadiləsi aparıblar.
Ölkələrin suverenliyi və yurisdiksiyası altında regional nəqliyyat marşrutlarının blokdan çıxarılmasına dair qarşılıqlı anlaşma müsbət qiymətləndirilib”.
Ermənistan XİN-in görüş ərəfəsindəki bəyanatı
Cenevrə danışıqları ərəfəsində Azərbaycan tərəfi bəyan etmişdi ki, Ermənistan danışıqları pozmaq niyyətindədir və Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi belə cavab verib:
“Azərbaycanın təxribatlarına baxmayaraq, Ermənistan tərəfi oktyabrın 2-də Cenevrədə keçiriləcək görüşdə iştirak edəcək. Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın danışıqları pozmağa çalışması ilə bağlı açıqlamaları əsassızdır. Ermənistan konstruktiv mövqe nümayiş etdirir, Cənubi Qafqazda uzunmüddətli sülhə nail olmağa çalışır və Azərbaycandan da bunu gözləyir”.
Oktyabrın 2-də səhər saatlarında, yəni danışıqların başlamasına bir neçə saat qalmış Ermənistan Xarici İşlər Nazirliyi öz saytında daha bir bəyanat yayıb. Söhbət sosial şəbəkələrdə yayılan Azərbaycan Silahlı Qüvvələrinin erməni hərbi əsirlərinin edamını əks etdirən videodan gedir:
“Azərbaycanlı istifadəçilər tərəfindən ardıcıl olaraq sosial şəbəkələrdə yayılan bir sıra videoçarxlar Azərbaycan Silahlı Qüvvələrinin hərbi cinayətləri – erməni hərbi əsirlərin məhkəməsiz şəkildə qətlə yetirilməsi, erməni hərbçilərin, o cümlədən qadınların işgəncələrə məruz qalması, cəsədlərin təhqir olunmasından xəbər verir.
Ermənistan Respublikası Azərbaycan Silahlı Qüvvələrinin bu və bundan əvvəlki dövrlərdə törətdiyi dəhşətli hərbi cinayətlərə aydın qiymət verilməsini tələb edir. Biz problemin müvafiq beynəlxalq platforma və orqanlarda səsləndirilməsində, yuxarıda qeyd olunan cinayətlərin icraçılarının və təşkilatçılarının, o cümlədən beynəlxalq sanksiyaların tətbiqi ilə məsuliyyətə cəlb edilməsində ardıcıl olacağıq. Bu kontekstdə düzgün beynəlxalq araşdırmanın aparılması vacibdir”.
Buna əsaslanaraq, Ermənistanın ekspertlər çevrəsi irəlidə müzakirə olunacaq məsələlərin uzun siyahısı ilə çətin danışıqların olduğunu güman edirdi.
Mirzoyan-Bayramov görüşü ərəfəsində Ermənistanın baş nazirinin özü bəyan edib ki, oktyabrın 2-də Cenevrədə Azərbaycanla “sülh sazişinin mətni üzrə substantiv danışıqlara” başlanmalıdır. Lakin danışıqların nəticələri ilə bağlı rəsmi məlumatda yalnız bu məsələ ilə bağlı “fikir mübadiləsi”ndən bəhs edilir.
Yerevandan şərh
Politoloq Armen Bağdasaryanın fikrincə, Ermənistan və Azərbaycanın nə vaxt sülh müqaviləsi imzalayacağını heç kim deyə bilməz. O, son döyüşlərdən sonra gərginliyin olduğunu, lakin danışıqlar prosesinin dayanmadığını deyir.
Politoloq hesab edir ki, Azərbaycan faktiki olaraq özüçün təklif etdiyi beş prinsip əsasında belə sülh müqaviləsinin imzalanmasının əleyhinədir.
“Bakıya sülh sazişinin imzalanması yox, bunun erməni tərəfinin günahı ucbatından baş vermədiyi görüntüsü yaratmaq lazımdır. Müqavilənin imzalanması sərhədlərin qarşılıqlı tanınması demək olardı ki, bu da sərhəddə yeni təcavüzlərə imkan verməyəcəkdi. Həm də Bakıda gizlətmirlər ki, bütün Süniki [Ermənistanın cənubundakı rayon], Sevan gölünün ətrafındakı bəzi əraziləri ələ keçirmək istəyirlər, sülh müqaviləsi imzalansa, bu mümkün olmayacaq”, – deyə Baqdasaryan JAMnews-a bildirib.
Məhz buna görə də, politoloqun fikrincə, Azərbaycan təbliğat sahəsində fəal şəkildə göstərməyə çalışır ki, Ermənistan tərəfi onun təkliflərini rədd edir. Eyni səbəbdən Bakı sülh sazişi üçün Ermənistandan rəsmi olaraq göndərilən altı təklifdən danışmır:
“Əminəm ki, erməni əsirlərin vəhşicəsinə qətlə yetirilməsini əks etdirən kadrların dərci də bununla bağlıdır. Bu da təbii ki, Ermənistanda sülhün imzalanmasına qarşı əhval-ruhiyyəni kəskin artırır. Beləliklə, onlar ictimai rəyə təsir etməyə, erməni tərəfinin guya daha aqressiv olduğunu göstərməyə çalışır, qisas almağa çağırır, yəni sülh müqaviləsini imzalamaqdan imtina edən Ermənistandır”.
Hazırda Ermənistan-Azərbaycan danışıqlar prosesinin hansı mərhələdə olduğunu söyləməkdə çətinlik çəkən politoloq, çünki onun haqqında heç bir məlumatı olmayan, ictimai olmayan, reklam olunmayan seqment də var.
Stepanakertlə Bakı arasında danışıqlar mexanizminin yaradılmasından danışan Armen Baqdasaryan qeyd edib ki, gec-tez bu danışıqlar baş tutacaq. Bakının belə bir istəyi yoxdur, amma alternativ də yoxdur.
Politoloqun fikrincə, Dağlıq Qarabağla Azərbaycan arasında dialoq birbaşa və ya dolayı ola bilər – Rusiya vasitəsilə.
“Hazırda Dağlıq Qarabağ Müdafiə Ordusu müstəqil şəkildə öz təhlükəsizliyini təmin edə bilmir, ona görə də bu, yalnız Rusiya sülhməramlılarının mövcudluğunun qorunub saxlanması və hətta onların səlahiyyətlərinin genişləndirilməsi ilə mümkündür”, – o hesab edir.
Armen Bağdasaryan vurğulayır ki, Qarabağ məsələsini yalnız Azərbaycan həll olunmuş hesab edir, beynəlxalq ictimaiyyət bu nöqteyi-nəzəri bölüşmür, ona görə də “məsələ bağlanmayıb və Bakı bundan yayına bilməz”.
Onun fikrincə, Dağlıq Qarabağda hansı təhlükəsizlik mexanizminin fəaliyyət göstərməsindən asılı olmayaraq, burada öz silahlı qüvvələri olmalıdır, bu, təhlükəsizliyin tərkib hissələrindən biridir.
Azərbaycanın “erməni qoşunlarının Dağlıq Qarabağdan çıxarılması” tələbinə toxunan ekspert vurğulayıb ki, əgər Bakı məsələni güc yolu ilə həll etməyə çalışarsa, bu, Müdafiə Ordusunun ləğvi deyil, ermənilərin tamamən qovulması demək olacaq:
“Qarabağ Müdafiə Ordusunun mövcudluğu və səlahiyyətləri gələcək danışıqların əsas hissəsi olmalıdır”.
Politoloqun fikrincə, sərhəddə beynəlxalq müşahidə missiyası yerləşdirilsə, Ermənistan-Azərbaycan sərhədində gərginlik xeyli azalacaq.
“Həm Ermənistan, həm də Azərbaycan Avropa Şurasının üzvü olduğuna görə, bəli, avropalıların marağı olmalıdır ki, burada vəziyyətə nəzarət etsin, hər hansı bir ölkənin gərginlikdən istifadə edərək burada öz təsirini artırmağa cəhd etməsinin qarşısını alsın. Ermənistanla Azərbaycan arasında vəziyyəti manipulyasiya etməklə”.
O hesab edir ki, Avropa və ABŞ belə bir monitorinq mexanizminin işə salınmasında maraqlıdır.
Bağdasaryan deyir ki, Azərbaycana Ermənistanın suveren nəzarətində olan yola ehtiyac yoxdur.
“Ona görə də, əgər biz buna israr etsək, Azərbaycan kommunikasiyaların bloklanmasını hər cür torpedalayacaq, yəni Ermənistanı blokadada saxlamaqda davam edəcək. Beynəlxalq rəy var ki, bu yollar hər bir ölkənin – keçdiyi ölkənin suveren nəzarətində qalmalıdır. Amma düşünmürəm ki, beynəlxalq birliyin Azərbaycana təzyiq etmək üçün kifayət qədər təsir rıçaqları var”, – deyə analitik fikrini yekunlaşdırıb.
Cenevrədə Bayramov-Mirzoyan görüşü