Ermənistan və Azərbaycan XİN başçılarının görüşü – vasitəçilər hər iki tərəfi təxribatlardan çəkinməyə çağırdılar
Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi iyunun 20-də Vaşinqtonda Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri Zöhrab Mnatsakanyan və Elmar Məmmədyarov tərəfindən müzakirə olunub. On il ərzində ilk dəfə Ermənistan v Azərbaycan XİN başçılarının və ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşü ABŞ-da keçirilib.
Danışıqlar başa çatdıqdan sonra vasitəçilər, ənənəyə sadiq qalaraq, bəyanat dərc ediblər. Bu dəfə onlar Ermənistanı və Azərbaycanı qoşunların təmas xəttində təxribalardan çəkinməyə çağırıblar. Bu, geriyə addım kimi görünür, belə ki, hələ 2019-cu ilin yanvarında XİN başçıları əhalinin sülhə hazırlanması barədə razılığa gəlmişdilər.
• Ermənistan və Azərbaycan XİN başçılarının yeni razılaşmaları
Vaşinqtondakı görüş necə keçdi?
Rəsmi məlumatda bildirilir ki, görüş iştirakçıları sülh prosesinin əsas məsələləri və cari vəziyyəti üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər təmas xəttində gərginlik məsələsinə toxunublar. Yaranmış vəziyyətin aradan qaldırılması və sülh atmosferinin yaradılması üçün addımların atılması haqqında razılıq əldə olunub.
Həmsədrlərin bəyanatının təfərrüatları
ATƏT-in Minsk qrupunun həmsədrləri təmas xəttində son zamanlar yaranmış gərginliklə əlaqədar Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə çağırış ediblər:
- istənilən təxribatçı hərəkətlərdən çəkinməyə,
- atəşkəs rejiminə riayət olunması üzrə öz öhdəliklərini təsdiqləməyə,
- istənilən təxribatçı hərəkətlərdən, o cümlədən təmas xətti və dövlət sərhədi boyunca snayperlərdən istifadədən və mühəndis işlərinin aparılmasından çəkinməyə.
İş burasındadır ki, son zamanlar atəşkəsin pozulması barədə xəbərlər həm Ermənistan, həm də Azərbaycan tərəfdən daxil olur. Mütəmadi olaraq həm Ermənistan, həm də Azərbaycan mediası hərbçilərin ölümü barədə məlumatlar alırlar, lakin qarşı tərəf bunu inkar edir.
«Son zamanlardakı itkiləri təəssüflə qeyd edərək, həmsədrlər israrla tərəfləri sülhə və ətraflı danışıqların aparılması üçün əlverişli mühitin yaranmasına xidmət edən atmosferin bərpası üçün təxirəsalınmaz tədbirləri görməyə çağırırlar», – həmsədrlərin bəyanatında deyilir.
Burada məlumat da var ki, öz növbəsində xarici işlər nazirləri öz ölkələrinin mövqelərini və bu yaxınlarda regiona səfər zamanı həmsədrlər tərəfindən təklif edilmiş humanitar tədbirlərin və təhlükəsizlik tədbirlərinin barəsində gözləntilərini izah ediblər.
Eyni zamanda, onlar razılaşıblar ki, yaxın aylar ərzində ATƏT-in Minsk qrupunun bayrağı altında məsləhətləşmələri davam etdirsinlər.
Yerevandan rəsmi məlumat
Ermənistan Xarici İşlər Nazirliyi danışıqların başa çatmasından sonra bu məlumatı yayıb:
«Erməni tərəfi atəşkəs rejiminin möhkəmləndirilməsi və insidentlərin qarşısının alınması və sürətli reaksiya vermə üçün risklərin azalması üzrə tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb. Həmçinin sülh prosesinə Ermənistan tərəfinin yanaşması və prinsipial mövqeləri bir daha təsdilənib».
Erməni ekspertlərin rəyləri
Siyasi icmalçı Akop Badalyan qeyd edir ki, hər bir görüşdən öncə ayəşkəs rejimini pozmaqla Azərbaycanın yaratdığı atmosfer ümumi vəziyyətə yaxşı təsir göstərmir.
Ekspertin fikrincə, gərginlik atmosferini azaltmaq üçün konkret addımlar atılmalıdır:
«Ələlxüsus, söhbət Vyana gündəliyindən, atəşkəs rejiminin pozulması mexanizmlərindən gedir ki, Yerevan son günlər ərzində bu mexanizmləri daha tez-tez xatırladır. Bu məsələ gündəmə gətirilməlidir, çünki gördüyümüz kimi, Azərbaycan hər dəfə hansısa gərginliyi yaratmağa və hədə-qorxu gəlməyə cəhd edir».
Akop Badalyanın fikrincə, Yerevan Azərbaycan tərəfdən şantaja daha sərt reaksiya verməlidir ki, hər hansı təxribatçı hərəkətlərin qarşısını alsın:
«Qeyd etmək lazımdır ki, “məxməri inqilab”dan sonra Ermənistan Madrid prinsipləri çərçivəsindən kənara çıxmaq niyyətində idi».
Ekspertin fikrincə, bu, ən vacib məsələdir. O əmindir ki, əgər Ermənistan buna nail ola bilməsə, Azərbaycana bundan sonra da öz qaydalarına görə oynamaq imkanı verəcək.
Hərbi ekspert Leonid Nersisyan güman edir ki, Vaşinqtondakı görüş iki ölkənin XİN başçıları arasında digər görüşlərdən az fərqlənir. Onun fikrincə, hər hansı sıçrayışı gözləmək sadəlövhlük olardı:
«Bizim sıçrayış şahidi olmağımız üçün heç bir əlamət yoxdur. Azərbaycan Artsaxın beynəlxalq səviyyədə tanınmış müstəqil statusu barəsində hər hansı real güzəştə hazır deyil və çətin ki, yaxın gələcəkdə hazır olsun».
O ki qaldı görüşün keçirilməsi yerinə və Vaşinqtonun təşəbbüsünə, Nersisyan hesab edir ki, ABŞ hakimiyyəti bununla öz maraqlarını irəli çəkmək istəyirlər:
«Vaşinqtonun müəyyəm qədər fəallaşması tərəflər arasında fikir ayrılıqlarını tənzimləmək yolu ilə Yerevanla Bakını İranın blokadasına cəlb etmək cəhdi ilə bağlıdır. Lakin, bu ssenarinin gerçəkləşməsi ehtimalı cüzidir».
Bakıdan rəsmi məlumat
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşü və ATƏT-in Minsk qrupunun həmsədrlərinin təkliflərini şərh edərkən deyib ki, yeni bir şey eşitməyib və ciddi fikir ayrılıqları hələ də qalmaqdadır.
“15 ildir ki, eyni ideyaları, eyni sülh planını görürük“, – o bildirib.
Bununla yanaşı, Məmmədyarov hesab edir:
“Başa düşürük ki, daha çox siysi iradə nümayiş etdirilməlidir. Təmas xəttindəki vəziyyət bəyannaməyə, yaxud sülh müqaviləsinə irəliləməyə maneə törətməməlidir“.
Azərbaycanlı ekspertlərin rəyi
Azərbaycanlı ekspertlər əvvəlcədən bu danışıqlardan nəsə maraqlı, xüsusilə də nəsə yaxşı bir şey gözləmirdilər. Görüş keçiriləndən sonra isə yalnız öz fikirlərində daha da möhkəmləniblər.
«Təəssüf ki, proses effektiv fazada deyil», – politoloq İlqar Vəlizadə şərh verir.
O xatırladır ki, Moskvadakı son görüşdə humanitar addımlar, ələlxüsus girovların ailələri ilə görüşü, Ermənistan və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfərləri müzakirə edilmişdi. Lakin hələlik bu razılaşmalar yerinə yetirilməyib, əksinə, cəbhə xəttində kəskinləşmə var və ölkələrin bir-birinə etimad səviyyəsi azalıb. Bütün bunlar onu göstərir ki, tərəflər ortaq məxrəcə gəlməkdən uzaqdırlar və gücləndirilmiş tərzdə hərbi əməliyyatlara hazırlaşırlar.
«Ola bilsin ki, bu şərtlər daxilində danışıqlar prosesi özünə xas, heç də həmişə anlaşılmayan nəntiqi üzrə davam edəcək, lakin real proseslər cəbhə xəttində cərəyan edəcək», – Vəlizadə güman edir.
“Atlas” siyasi araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu da hesab edir ki, Vaşinqton görüşü heç bir nəticə verməyib. İstisna yalnız odur ki, “uzun illərdən sonra ilk dəfə görüş ABŞ-da təşkil olunmuşdu”. Lakin ekspertin ikrincə, bu o demək deyil ki, Ştatlar Qarabağ məsələsinin həllində fəal iştirak etməyə başlayıblar.
«Sadəcə olaraq, Vaşinqton Rusiyaya anlatmağa çalışır ki, Amerikanın Cənubi Qafqazda öz marağı var», – Şahinoğlu deyib.
Son danışıqlara qədərki vəziyyət haqqında
Ermənistanda 2018-ci ilin “məxməri inqilab”ından sonra iki ölkə arasında danışıqlar fəallaşıb. Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin 2018-ci ilin sentyabrında Düşənbədə MDB zirvə görüşü çərçivəsində qısa görüşündən sonra münaqişə zonasında gərginliyin ciddi şəkildə azalması müşahidə olunurdu.
Eyni zamanda, Ermənistan baş nazirinin danışıqlar prosesinin davamı ilə bağlı öz baxışları var və o, bunu vəzifəsinin icrasına başlayar-başlamaz dilə gətirib. O israr edir ki, Dağlıq Qarabağın nümayəndələri danışılar masasına qaytarılsın. O bəyan edir ki, bu şıltaqlıq deyil. zərurətdir: o yalnız Ermənistan sakinlərinin adından çıxış edə bilər, onu seçməmiş Qarabağ sakinlərinin adından deyil. Azərbaycan tərəfi danışıqların bu formatda davam etdirilməsinin qəti əleyhinədir.
O ki qaldı XİN başçılarının görüşlərinə, Zöhrab Mnatsakanyanın və Elmar Məmmədyarovun Vaşinqton görüşü heç də ilk görüş deyil. 2019-cu ilin yanvar ayında Parisdəki görüşdə onlar ölkələrin əhalisinin sülhə hazırlanması barədə razılığa gəlmişdilər. Moskvadakı aprel görüşü zamanı isə nazirlər danışıqlar prosesində bir az da irəli gedə bilmişdilər.
O vaxt Ermənistan və Azərbaycanın xarici işlər nazirləri “insanlar arasında əlaqələrin yaradılması, o cümlədən KİV nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili üzrə əməli işlərə başlamağa hazır olduqlarını ifadə etmişdilər”, – danışıqların yekunu üzrə Rusiya XİN-in saytında dərc olunmuş bəyanatda belə deyilirdi.
Bunan savayı, Mnatsakanyan və Məmmədyarov sərhəddə vəziyyəti və humanitar sahədə qarşılıqlı əlaqələri qaydaya salmaq imkanlarını müzakirə etmişdilər:
«Onlar [nazirlər] həmçinin qarşılıqlı əsaslarda ölkələrin ərazilərində həbsdə olan şəxslərin yanına qohumlarının buraxılması ilə bağlı tədbirlərin görülməsini şərtləndiriblər».