Ermənistan və Azərbaycan xarici işlər nazirləri əhalinin sülhə hazırlanması ilə bağlı tədbirlərin görülməsi haqda razılığa gəliblər
Ermənistan və Azərbaycan xarici işlər nazirləri Zohrab Mnatsakanyan və Elmar Məmmədyarov iki ölkə əhalisinin sülhə hazırlanması üçün konkret tədbirlərin görülməsi ilə bağlı razılığa gəlib.
ATƏT Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə keçən görüş Parisdə baş tutub.
Mnatsakanyan və Məmmədyarovun dördüncü görüşü
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü dörd saatdan çox davam edib.
Rəsmi məlumatda bildirilir ki, nazirlər Qarabağ münaqişəsi ilə bağlı məsələlər çoxluğunu müzakirə edib, danışıqlar prosesinin hazırkı mərhələsinin əsas prinsip və parametrlərinə toxunublar.
ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə Zohrab Mnatsakanyan və Elmar Məmmədyarov iki ölkə liderlərinin görüşünə hazırlıq üçün atılacaq addımları müzakirə ediblər.
Ermənistanda ekspertlər sıçrayış gözləmir
Ermənistanda ekspertlər Ermənistan və Azərbaycann XİN rəhbərlərinin bəyanatına kifayət qədər təmkinli yanaşırlar.
Siyasi şərhçi Akop Badalyan qeyd edir ki, Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi konsensus prinsipinə əsaslanır, amma yaranmış vəziyyətdə bu prinsip işləmir:
“Bu problemin güzəştli həlli yoxdur. Bu prinsip yalnız problemin nəzarətdə saxlanmasına ümid etməyə imkan verir. Amma güzəştli həllin mövcud olduğuna inanmaq sadəlövhlükdür. Hər iki ölkə problemi dövlətçilik məsələsi kimi qəbul edir. Xalqları sülhə hazırlamağın vacibliyi haqda bəyanatı problemin yaxın zamanda həll edilməyəcəyinə dair siqnal kimi qəbul etmək olar.
Bunu xalqları hazırda yaranmış vəziyyətə alışdırmaq niyyəti kimi də izah etmək mümkündür. Güzəştli həllə nail olmağın mümkünlüyünə dair xülyalara qapılmasınlar deyə. Aprel müharibəsindən sonra isə [2016-cı ilin aprelində təmas xəttində baş verən hərbi əməliyyatları nəzərdə tutur – JAMnews] aydın oldu ki, gərginliyin azaldılması üçün addımlar atılmalıdır. Qarşılıqlı uzaqlaşmanın zəiflədilməsi üçün”.
Azərbaycandakı ekspertlər də dəyərləndirmədə təmkinlidirlər
Azərbaycanlı ekspertlər hesab edirlər ki, yaxın zamanda hansısa dəyişikliklərdən danışmaq hələ tezdir:
JAMnews-un siyasi şərhçisi Şahin Rzayev:
“Tərəflərin hər biri ümid edir ki, qarşı tərəf ilk addımı atacaq, özü isə mənə elə gəlir, tələsməyəcək. Azərbaycan tərəfi Paşinyanın yeni hökumətinə müəyyn ümid bəsləyir, ən azı ona görə ki, şəxsi səviyyədə heç bir qərəz yoxdur, Ermənistan tərəfini danışıqlarda əvvəl təmsil edənlərdən fərqli olaraq. Bir də Rusiyanın fərz olunan dəstəyinə də müəyyən ümid var.
Nazirlər bu cür açıqlama üçün bir qədər qəribə zaman seçiblər. Axı qarşıdan fevral gəlir – həm bu, həm də qarşı tərəfdən aqressiv təbliğatın pik həddinə çatdığı ay. Sumqayıt və Xocalıda baş verən faciəvi hadisələrin ildönümü məhz fevrala təsadüf edir. Amma digər tərəfədən, bəlkə də bu daha yaxşıdır. Bizim imkanımız olacaq ki, nazirlərin sözlərinin ciddiyətini reallıqda dəyərləndirək.
Ermənistan tərəfi, əlbəttə ki, Azərbaycan tərəfindən revanş ritorikasının azalmasında maraqlıdır. Amma bütün bunlar yalnız tərəflərin razılaşdırılmış tədbirlər planı varsa, işləyə bilər, buna isə inanmaq çox çətindir. Ya da tərəflər eyni zamanda və mərhələli hərəkət etməlidir, yoxsa heç nə alınmayacaq. Birtərəfli şəkildə ilk addımı atanın reytinqi ciddi zədələnə bilər, hakimiyyəti itirməyə qədər”.