Ermənistan: təhsil – münaqişənin görünməyən qurbanı
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Ermənistan və Azərbaycan arasında sərhədin hər iki tərəfindəki yaşayış məntəqələrində işləyərək, insanlara Dağlıq Qarabağ münaqişəsinin fəsadlarının öhdəsindən gəlməkdə yardım edir. Bu iş münaqişə zonasında yaşayan sakinlərin üzləşdiyi problemlərin həllinə dəstək olur.
Söhbət onların təhlükəsizliyindən, sahələrə və bağlara, su mənbələrinə gedib-gəlmək imkanından, təcili tibbi yardımdan, o cümlədən də iqtisadi, sosial və psixoloji xarakterli problemlərdən gedir.
2019-cu ildən BQXK həmçinin Ermənistan-Azərbaycan sərhədinin hər iki tərəfində yaşayan uşaqlar üçün təhsilin əlçatan olması problemi ilə məşğul olmağa başlayıb. Məlum olub ki, bu uşaqlar bütün təhlükələrə və içinə düşdükləri vəziyyətin qeyri-stabilliyinə baxmayaraq, yaxşı təhsil almağı çox istəyirlər.
Bu məqalə Ermənistanın sərhədyanı Xndzorut kəndinin misalında problemi təqdim edir.
Bu Satenikdir. O, Azərbaycanla sərhəddə yerləşən Ermənistanın Xndzorut kəndinə gələn BQXK-nin əməkdaşlarını əhatəyə alan uşaqlardan biridir. İlk növbədə o, soruşub ki, qonaqlar ingilis dilində danışırlarmı? Müsbət cavab alandan sonra heyrətlə onlara baxıb və deyib ki, ingilis dili tərcüməçisi olmaq və ABŞ-a səyahət etmək arzusundadır. Təəssüf ki, onun məktəbində ingilis dili müəllimi yoxdur.
Kiçik sərhədyanı kənd olan Xndzorutun öz sakinlərinə, yerli məktəbin isə şagirdlərə vəd edə biləcəyi şeylər çox deyil. Burada uşaqların təhsil almaq məcburiyyətində olduqları şəraiti adi adlandırmaq çətindir.
Sonuncu dəfə məktəb binası yarım əsr əvvəl təmir olunub. Burada həmişə qaranlıq və soyuqdur. Qışda bu, xüsusilə hiss olunur, çünki istilik sistemi yoxdur.
Digər problem nəmişlikdir. Alaq otları və hansısa bitkilərin kökləri elə şagirdlər qədər sinif otaqlarının tamhüquqlu sakinləridir, dəhliz divarları isə tünd yaşıl mamırla örtülüb.
İdman zalından kif iyi gəlir, döşəmə ayaq altında ucadan cırıldayır. Qışda burada məşğul olmaq mümkün deyil – həddən artıq soyuqdur.
Yarıuçuq məktəb yeməkxanası da bərbad görünür. Oradakı avadanlıqlar işləmir, kranda su donur. Yayda burada birinci sinif uşaqlarına yemək verirlər, qalan müddətdə bunun üçün pilləkan altındakı künclərdən istifadə olunur.
Məktəbin akt zalı daha təhlükəsiz olsun deyə pəncərələrin aşağı hissəsi kərpiclə hörülüb. Bunu eləməyə Beynəlxalq Qırmızı Xaç Komitəsi yardım edib.
İndi zaldan atışma və ya artilleriya hücumu zamanı müvəqqəti sığınacaq kimi istifadə olunur. Divarlardakı çatların üzərində piyadalar əleyhinə minaların təhlükəsi və bu təhlükədən necə qorunmaq haqda məsləhətlər əks olunan plakatlar asılıb.
Qarabağ münaqişəsi başlayandan iyirmi yeddi il keçib, amma həm Ermənistan, həm də Azərbaycanda sərhədyanı məktəblərdə şağirdlərin təhlükəsizliyi narahatlıq doğurur. Münaqişə hələ də nizamlanmayıb.
Sərhədyanı kənddə yaşamaq asan deyil, məktəbin acınacaqlı vəziyyəti isə yerli sakinlər üçün əlavə problemdir.
Satenikin anası Varsik söz verir:
“Əgər gələn il bizə ingilis dili müəllimi göndərməsələr, mən Sateniki Vaykda fərdi dərslərə göndərəcəm. Bu, bizə ən yaxın şəhərdir. Mən qızımın öz xəyalını həyata keçirməsi üçün hər şey edəcəm”.
Satenikin babası bütün həyatını bu kənddə yaşayıb və Xndzorutda ən son nə zaman toy olduğunu xatırlamır:
“Otuz ev boşalıb. Yeni nəslə ümidim böyükdür, amma biz burada dünyadan təcrid olmuşuq. Uşaqlı ailələr daha yaxşı həyat üçün şəhərlərə gedirlər. Bizim sakinlər əziyyət çəkirlər və kənd tezliklə olmayacaq”.
Xndzorut kəndinin əksər kişiləri orduda müqaviləli xidmət edirlər. Satenikin atası da xidmət edir – artıq otuz ildir.
Sanki müharibə hər yandadır, hər evdə, hətta məktəbdə. Kitabxanaçı Alvard Mikaelyan danışır ki, uşaqlara Dağlıq Qarabağ münaqişəsi zamanı həlak olan insanların bioqrafiyasını oxumağı tapşırırlar.
“İstənilən halda bizim uşaqlar müharibəyə hazırdır”, – o hesab edir.
1990-cı illərdən başlayaraq buralarda tez-tez gərgin vaxtlar dinc vaxtlarla və əksinə əvəzlənir.
On beş yaşlı məktəbli Anna şikayətlənir: “Bizdə burda maraqlı heç nə yoxdur. Biz bütün günü telefonla əlləşirik”.
Burada heç bir fakultativ, klub və ya oyun meydançası yoxdur. Tərk edilmiş futbol meydançasında inəklər və atlar otlayır.
Xndzorutda gənclərin ürəyincə məşğuliyyət tapması çətindir. Oğlanlar ya çoban olur, ya da hərbçi.
10 yaşlı Onikin atası ordudakı xidməti ilə bağlı evdə olmur, oğlan ailə başçısı yerində qalır. Böyüyəndə o, həkim, ya da ədəbiyyat müəllimi olmaq istəyir. Atası kimi hərbçi olaq istəmirmi, sualına qəti cavab verir: “Yox!” Amma bir az susandan sonra əlavə edir: “Baxarıq…”
“Mənim on səkkiz yaşım olanda, orduya xidmətə getməli olacam”, – başqa oğlan – Ovik Xaçatryan deyir. – “Sonra həyatımda nə olacaq, bilmirəm”.
Qızlar da iki yoldan birini seçir – ya müəllimə olmaq, ya da ərə gedib, ancaq ev işləri haqda düşünmək.
Bu köhnə avtobus adətən məktəbi olmayan qonşu Nor-Aznaberd kəndindən uşaqları Xndzoruta gətirir. Nor-Aznaberd kəndində əvvəllər ancaq azərbaycanlılar yaşayıb. Dağlıq Qarabağ münaqişəsindən sonra isə onlar Azərbaycandan köçən ermənilərlə evlərini dəyişiblər.
Manvel və iki qardaşı da Xndzorut məktəbində oxuyurlar. Manvel çox istəyir ki, yaxşı təhsil alsın. Buna görə də valieynləri düşünür ki, bir müddət sonra kənddən getsinlər. Atası Vaqarşak Antonyan müqavilə ilə orduda xidmət edir. İki həftə xidmətdə, iki həftə ailəsinin yanında olur. Bu növbəlilik ritmi oğlanların əhvalını müəyyən edir – ataları evə gələndə gözlənti sevinclə əvəzlənir.
“Biz uşaqları məktəbə göndərməyə qorxuruq. Onlar çox erkən durmalı, hərbi mövqelərdən atəşə tutulan yoldan keçməli olurlar, bu isə təhlükəlidir”, – Vaqarşak Antonyan deyir.
Arakel Hayrapetyan və qardaşı Zorak Xndzorut kəndinin kənarındakı evdə yaşayırlar, hər ikisi orduda xidmət edir. Qardaşlar növbə qrafikini elə seçiblər ki, biri xidmətdə olanda digəri mütləq evdə olsun. Onları bu evdə on ailə üzvü gözləyir. Nəticədə iki həftədən bir birinin uşaqları sevinir, digərininki ataları üçün darıxır. Qardaşların həyat seçimləri ən başdan müəyyən edilib – orduda xidmətdən başqa yolları yox idi. Belə görünür ki, onların oğlanlarının taleyi də indidən həll olunub.
Axşamlar ailə odun sobasının ətrafına, istiyə yaxın toplaşır.
Gündəlik problemlər böyükləri məyus etsə də, uşaqlar həmişə sevinməyə səbəb tapırlar. Onlardan çoxu yaxşı təhsil almaq, müasir kənddə, əminamanlıqda yaşamaq arzuları haqda danışırlar. Amma sərhədyanı kəndlərdə həyat hələlik təhlükələrlə və silahlı münaqişənin fəsadları ilə müəyyən olunur, təhsil isə ikinci plana keçir.